Ukrayna-Rusiya münasibətləri yumşalır

“Poroşenko həm də praqmatik siyasətçidir”



"Kreml Petro Poroşenkonu Ukraynanın legitim prezidenti kimi tanıyır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN rəhbəri bildirib ki, Moskva Poroşenkonun öz mandatından istifadə edərək müharibəni dayandıracağına ümid edir. Rusiya ilə Ukrayna arasındakı son prosesləri şərh edən siyasi analitiklərin fikrincə, Kremlin son qərarı Poroşenkonun separatçılığın tüğyan elədiyi Şərqi Ukrayna üçün də legitim olduğunu etiraf etmək baxımından diqqət çəkir.

Minskdə Ukrayna prezidenti Petro Poroşenko ilə Rusiya prezidenti Vladimir Putinin bir araya gəlməsinə də münasibət bildirən ekspertlər Moskva ilə Kiyev arasında müəyyən yumşalmanın ola biləcəyini istisna etmirlər. Xatırladaq ki, Minskdəki görüşdə Belarus dövlət başçısı Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak edib. Prezidentlərin görüşünə həmçinin, Avropa Şurasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali sədri Ketrin Eşton və AŞ-nin enerji məsələləri üzrə vitse-prezidenti Gunter Ettinger də qatılıb.

Müzakirələrin əsas hissəsini Ukraynanın AŞ ilə azad ticarət zonasına daxil edilməsinin iqtisadi aspektləri və bununla əlaqədar Gömrük İttifaqı ölkələri ilə əməkdaşlıq təşkil edib. Poroşenko görüş zamanı bildirib ki, Ukrayna sentyabr ayında Avropa Birliyi ilə assosiativ müqaviləni imzalayacaq: "Ukraynanın Avropa Birliyinə inteqrasiyası bizim sivil seçimimizdir. Bu, heç bir halda bizim qonşularımıza qarşı yönəlməyib, əksinə, qonşularımızla əlaqələrimizi inkişaf etdirir”. Poroşenko Gömrük İttifaqı ölkələri ilə görüşün perspektivindən də danışıb: "Ümid edirəm ki, görüşün nəticəsi olacaq və Ukraynaya sülh gətirəcək. Bu tərkiblə müzakirələr unikal danışıq formatıdır”.

Rusiya ilə Ukraynanın yaxınlaşma ehtimalını dəyərləndirən politoloq Fikrət Sadıqov kompromisə gəlməyin hər iki tərəf üçün də əlverişli olduğunu bildirib: "Ukrayna ərazisində müharibə gedir. Faktiki olaraq Rusiya müxtəlif yollarla üsyançılara, separatçılara dəstək verir. Artıq hər iki ölkə fərqindədir ki, bu gedişin sonu tərəflərin heç birinə xeyir gətirməyəcək. Ona görə də tərəflərin bir-biri ilə dil tapmağa cəhd etməsi başadüşüləndir. Əgər dövlət rəhbərləri hansısa görüşdə bir araya gəlməyə razılıq verirlərsə, deməli, mütləq ortaq məxrəcə gələcəklər. Çünki əks halda sonu fəlakət olan müharibəni davam etdirmək məcburiyyətində qalacaqlar. Bu isə nə Poroşenkonun, nə də Putinin maraqlarına uyğun gəlir. Eyni zamanda görüşdə Qərb dairələrinin iştirakını da nəzərə alsaq, danışıqlarda ilk müsbət addımın atılacağını demək olar”. F.Sadıqovun sözlərinə görə, Poroşenkonu rusmeyilli siyasətçi kimi qələmə verənlər yanılırlar. O, sırf qərbyönümlü siyasət yeridir: "Ukrayna prezidenti artıq Avropa Birliyi ilə assosiativ sazişə imza atmaq qərarına gəlib. Amma bununla yanaşı, Poroşenko həm də praqmatik siyasətçidir. O yaxşı başa düşür ki, birbaşa qonşu Rusiyanın maraqlarını tapdalamaq, Kremlin varlığını inkar etmək Ukrayna hökumətinə ciddi zərbə vurar. Rusiyanın həqiqi imkanlarını bilən rəsmi Kiyev Putinlə ortaq məxrəcə gəlməyə məcburdur”.

İsmayıl