Partlayışda yaralanan iki nəfərin vəziyyəti ağırdır

Zərər çəkən 9 ailənin mənzil təminatı həllini tapıb



Daxili İşlər Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində Qubadlı rayon sakinlərinin məskunlaşdıqları binada baş vermiş partlayış haqda məlumat yayıb. DİN-dən verilən məlumata görə, sentyabrın 8-də saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən, tikintisi başa çatmamış 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşıb və 5-ci mərtəbəyədək tikilib) binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə döşəmə uçub, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölüb, Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları Yunis və Bəkir xəstəxanaya yerləşdirilib.

Ən az 2 həftə mücadilə edə bilsə, yaxşılığa doğru nəsə demək olacaq

Qeyd edək ki, artıq dünəndən tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş verən partlayışla əlaqədar axtarış-xilasetmə işləri başa çatıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xilasedicilər tərəfindən dağıntılar altından 1 uşaq meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 8 yaşlı Aydan Abbasovanın meyiti səhərə yaxın tapılıb. Onun atası Məharət Abbasovun da meyiti dünən tapılmışdı.

Bununla da, partlayış nəticəsində xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Partlayışda yanıq xəsarətləri alan Vidadi İsmayılovun səhhəti barədə məlumat verən Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərovun sözlərinə görə, xəstənin vəziyyəti ağır-stabil olaraq davam edir. Zərərçəkənin şəkər xəstəsi olduğunu deyən baş həkim çətin olsa da, xəstənin şəkərinin normaya gətirilməsinə müvvəfəq ola biliblər. Həkim, xəstənin vəziyyətinin ağır olmasına baxmayaraq, huşunun yerində olduğunu da deyib: "Bu gün sarğıları oldu, yanmış toxumaları təmizləndi”. Baş həkim həmçinin Vidadi İsmayılovun həyati təhlükəsinin yüksək olduğunu da vurğulayıb: "Ən az 2 həftə mücadilə edə bilsə, yaxşılığa doğru nəsə demək olacaq. Vidadi İsmayılovun 13 yaşlı oğlu Yunus İsmayılovun da sarğıları dəyişdirildi. Vəziyyətində ağırlaşma yoxdur, palatada müalicəsini davam etdirir”. Məlumat üçün bildirək ki, V.İsmayılov "Aztelekom” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisidir. Onun ailəsində olan 5 nəfərin hamısı müxtəlif dərəcəli zədə alıb.

Ailələr üçün ev Mehdiabadda qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbədə ayrılıb

Partlayış zamanı mənzilləri yararsız hala düşmüş ailələrin harada yerləşdirilməsinə gəldikdə isə Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov zərərçəkmiş ailələrin Mehdiabadda yerləşdirildiyini deyib: "Dünən yanğından zərər çəkən və evləri tamamilə yararsız hala düşən 3 ailə Komitə tərəfindən evlə təmin olunub. Bu gün isə əlavə 6 ailəyə ev verilib, hansı ki, həmin ailələrə məxsus mənzillərlə bağlı müəyyən şübhələr vardı. Evlər həm yanğından müəyyən mənada zərər görmüşdü, həm də təhlükəsizlik tələblərinə tam cavab vermirdi. Komitə də hər hansı bir təhlükə ehtimalını nəzərə alaraq, həmin ailələri də mənzillə təmin edib”.

Ümumilikdə 9 ailənin mənzil təminatının başa çatdığını vurğulayan Komitə sözçüsünün sözlərinə görə, onların köçürülmə prosesi aparılır: "Qaçqınkom” tərəfindən ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə partlayışdan əziyyət çəkən ailələrin qalan əşyaları yeni mənzillərə daşınır. Onu da deyim ki, zərərçəkmiş ailələr üçün ev Mehdiabadda qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbədə ayrılıb”.

Şəymən