Seçkilərlə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar avqustun 27-də Komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçiriblər.

Sherg.az xəbər verir ki, onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmini vurğulayıb və zəruri tövsiyələrini mütəxəssislərin diqqətinə çatdırıblar.


Milli Məclisə seçkilərdə veb-kameraların tətbiqi layihəsini sıx əməkdaşlıq şəraitində birgə reallaşdıran qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi istiqamətində intensiv şəkildə aparılan son hazırlıq işləri barədə məlumat verilib.
Media mənsublarının operativ işıqlandırdığı tədbirdə bildirilib ki, Azərbaycanda keçirilən seçkilər daim fərqli aşkarlıq institutlarının, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin sərbəst iştirakı ilə xarakterizə olunub. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi nəticəsində şəffaflığın miqyası daha da genişlənib, bütün seçki günü proseslərini hər hansı bir maneə ilə rastlaşmadan, əvvəldən axıradək fasiləsiz müşahidə aparmaq imkanı yaranıb.

Qeyd olunub ki, ilk dəfə ölkəmizin bütün suveren ərazilərində keçirilməklə əlamətdar ictimai-siyasi hadisəyə çevrilən Milli Məclisə seçkilərdə də müxtəlif metod və vasitələrdən istifadə edilməklə şəffaflığın yüksək səviyyədə təminatına xüsusi diqqət yetirilib. Belə ki, 16 ildir müvəffəqiyyətlə reallaşdırılan və səmərəliliyi ilə öz təsdiqini tapmış veb-kamera layihəsi qarşıdan gələn seçkilərdə də davam etdirilir. Seçki günü – sentyabrın 1-də səsvermə məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində texniki parametrləri daha da gücləndirilərək təkmilləşdirilmiş və yüksək görüntü effektinə malik veb-kamera quraşdırılıb. İnternet istifadəçiləri seçki günü istər ölkə daxilindən, istərsə də ölkə hüdudlarından kənarda Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb edilmədən bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

Tədbir zamanı, həmçinin media mənsubları Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə məlumatlandırılıb və jurnalistlərin sualları cavablandırılıb.