Nəsiman Yaqublunun vəfatı barədə məlumat seçki lövhələrində yerləşdiriləcək

Seçki bülletenlərində namizəd kimi adı qeyd olunmuş Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası ilə bağlı məsələyə baxılır.

Sherg.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Yaqublunun vəfatı ilə bağlı məlumat seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməlidir: “O yol qəzasında vəfat edib. Bununla əlaqədar atılmalı addımlar var. Seçki bülletenləri hazırda DSK-lara təqdim edilib. Seçki Məcəlləsinin tələbinə əsasən, bəzi namizədlər çıxdıqda və ya namizədliyi ləğv edildikdə həmin məlumatlar seçki məntəqələrinin müvafiq lövhəsində yerləşdirilir. Nəsiman Qara oğlu Yaqublunun vəfat etməsi barədə məlumat da seçki lövhələrində yerləşdiriləcək”.

Məsələ səsə qoyularaq qəbul edilib.