"deep fake"-lə cinayət: Dələduzlar üsulları vaxtından əvvəl kəşf ediblər -RƏY

"Ata, ana, nənə və baba üçün övladdan və nəvədən doğma heçnə yoxdur. Bunu bilən kibercinayətkarlar xaricdə yaşayan şəxslərin Azərbaycanda olan ailə üzvlərinin ev telefonlarını tapıb zəng etməklə, onları aldadaraq pullarını talayırlar".
Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
O bildirib ki, həssas, dramatik, faciəvi məqamlara toxunmaqla - övladınız, yaxud nəvəniz tutulub, ağır qəza keçirib, ölüm ayağındadır, reanimasiyadadır, - deyə yalan xəbər verib təcili pul tələb edirlər:
"Həmin pul vəsaiti kuryer vasitəsilə ələ keçirilərək xarici bank hesablarına köçürülür. Hər bir vətəndaş diqqətli olmalı, ahıl yaşlı ailə üzvlərini bu barədə məlumatlandırmalı, şübhəli telefon zənglərinə qarşı ehtiyatlı davranmalıdır", - deyə DİN rəsmisi qeyd edib.
  
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında  deyib ki, Azərbaycanda "deep fake" videoları vasitəsi ilə kiberdələduzluq hallarının artması müşahidə edilir:

''Bu, bir neçə ay öncə Azərbaycan prezidentinin adından "Youtube" və bir çox sosial şəbəkələrdə saxta videolar yayıldı. Eyni hal isə hazırda vətandaşlara yönəlib. Onların yaxınlarının eyniləşdirilmiş səs və görüntüsündən istifadə olunaraq dələduzluq hücumları yayılır. Bu üsuldan daha öncə xarici ölkələrdə kifayət qədər istifadə olunub. Beləki yaşlı nəsildən öz nəvələrinin eyniləşdirilmiş səsli görüntüləri ilə müxtəlif ssenarilər qurularaq pul alınırdı. Belə bir vəziyyətin Azərbaycanda yaşanması vaxtından tez müşahidə olunur. Çünki süni intellektin səs eyniləşdirilməsi ingilis dilində daha rahatdır. Amma Azərbaycanda səs eyniləşdirilməsi bu qədər tez gözlənilmirdi. Ancaq görünür ki, dələduzlar üsulları vaxtından əvvəl kəşf ediblər".