Amerikalı psixoloq Suzan Nyuman həmkarlarının araşdırmasına istinad edərək, xoşbəxtlik üçün optimal uşaq sayını açıqlayıb. Psixoloq deyib ki, ailədə ikinci uşağın dünyaya gəlməsi valideynlərin, xüsusən də anaların karyerasına, ailənin maddi vəziyyətinə, qohumlar və dayələrdən lazım olan dəstəyin miqdarına kəskin şəkildə təsir edir.
Onun fikrincə, ikinci uşağın olması ananın psixi sağlamlığına acınacaqlı təsir göstərir. Belə ki, Nyumanın istinad etdiyi Pensilvaniya Universitetinin sosiologiya və demoqrafiya professoru Hans-Peter Kohler sorğu zamanı müəyyən edib ki, əgər ailə firavanlığa nail olmaq istəyirsə, bir uşaqla kifayətlənməlidir. Onun qənaətincə, ikinci və ondan sonrakı övladlar valideynləri daha xoşbəxt etmir.
Kohlerə görə, ikinci uşaq dünyaya gətirməyə qərar verən cütlüklər öz istək və imkanlarını nəzərə almırlar. Tədqiqatçının fikrincə, çoxları birincinin gətirdiyi xoşbəxtlikdən ötrü ikinci övladını ehtiyatsızlıqla planlaşdırır. “Adətən insanlar valideyn olduqdan sonra xoşbəxtlik dalğası yaşayırlar, lakin bu “əlavə” xoşbəxtlik bir neçə il ərzində yox olur”, – deyə o qeyd edib.
Belə çıxır ki, çoxuşaqlı ailələr xoşbəxt deyil? Aydındır ki, bu, ailə institutuna Qərb-xristian düşüncəsindən doğan yanaşmadır. Sorğuda iştirak edən valideynlər də əsasən xristian ailələridir. Şərq-müsəlman ailələrinə isə çoxuşaqlılıq xasdır. O cümlədən Azərbaycanda ailələrdə uşaqların sayı bir qayda olaraq, 2-dən az olmur.
Bəs ailənin xoşbəxtliyi uşaqların sayına nə dərəcədə bağlıdır?
Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib indiki dövrdə Azərbaycan ailələrində çoxuşaqlılağa maraq azalıb:
''Psixoloqdan əlavə olaraq, baxça direktoru kimi deyə bilərəm ki, son illərdə ailələr birdən çox uşaq dünyaya gətirmək istəmirlər. Bir sözlə, çoxuşaqlı ailələrin sayı əvvəlki qədər deyil. Bəzi İslam şəriətinə uyğun yaşayan ailələrin 3-4, hətta beş uşaqları olur. Amma istənilən halda deyə bilərik ki, ailəni uşaq xoşbəxt etmir. Əksi baş versə idi boşananların əksəriyyəti uşaqlı ailələr olmazdı. Əlavə olaraq bir ailədə uşağın xoşbəxtliyi valideyindən asılıdır. Yəni, ər və arvad xoşbəxtdirsə, həmin ailədə böyüyən övlad da xoşbəxtdir. Bəzən qadın və yaxud kişi bildirir ki, uşaqlarım pis olmasın deyə, boşanmıram. Bununla xoşbəxt olmayan evlilikdə uşağı daha pis hisslərlə böyüdürük. Bir sözlə, uşağın sayı ailədə heç nəyi dəyişmir. Sadəcə olaraq, əvvəllər analar tərbiyə edə bilmədikləri oğlanlarını evləndirirdilər ki, vəziyyət dəyişsin. Amma stiuasiya dəyişmirdi. Sonra isə deyirdilər ki, bir uşaq dünyaya gəlsə, bu dəfə hər şey düzələcək. Unutmamalıyıq ki, ananın tərbiyə verə bilmədiyi oğlunu, heç vaxt qadın və uşaq dəyişə bilməz".