Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib.
Avtosfer.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ilk dəfə keçirilən imtahan elektron qaydada aparılıb. Prosesə Yerüstü Nəqliyyat Agentliyi, həmçinin xüsusi peşə məktəbləri nəzdində fəaliyyət göstərən kurslarda hazırlıq keçmiş sürücülər buraxılıblar.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən test tapşırıqları təqdim edilib. Sürücülər təqdim edilən test tapşırıqlarının asan olduğunu bildiriblər.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə bildirib ki, imtahanda iştirak etmək üçün 1434 namizəd qeydiyyatdan keçib. Onlardan 1394 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Xanlar Xanlarzadə deyib ki, müsabiqədən keçmə bilməyən sürücülər üçün imtahanın yenidən təşkil olunması nəzərdə tutulur.
İmtahan nəticələrinə əsasən 90 faiz şəxs uğur qazanıb. Maraqlıdır, buna səbəb taksi sürücülərinin test imtahanlarının asan tərtib olunmasıdır?
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a söyləyib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin imtahana cəlb olunması və sorğuların təşkili gözlənilən idi:
''Bunun haqda kifayət qədər məlumatlar verilərək anonslar edilirdi. İmtahana nəqliyyat vasitələrinin gündəlik istifadə qaydalarına uyğun suallar düşüb. Bir sözlə, asan hesab etmək olar. İmtahanda daha çox iştirakçının uğur qazanmasının səbəbi isə iştirakçıların hazırlıqlı olması və prossesə daha diqqətli yanaşmalarından xəbər verir. Nəzərə almaq lazımdır ki, taksi sürücüləri üçün tərtib olunan imtahanlarda iştirak edənlərin çoxu bu sahədə peşəkardırlar. Test imtahanın göstəriciləri də bunu bir daha sübut edir".