Xaricdən prodüser gətirək?

Dərd çoxdur, həqiqətən səsimizi “Nasosnu”dan o yana eşidən yoxdur




Bu gün Azərbaycanda şou-biznesin olmadığını deyənlər var. Hərçənd şou-biznes sözü tez-tez hallanır. Efirə çıxan da, qalmaqal edən də, oxuyub-oynayan da, bir sözlə, bir çoxları şou-biznesdən danışmağa maraq göstərirlər. Əslində nə qədər şou-biznesimizin yoxluğundan danışsaq da, bir həqiqət də var ki, pis-yaxşı, oxuyub-oynayanların bir şou dünyası var.

Bəs niyə bizim müğənnilər qabağa gedə bilmirlər? Niyə sənətçilərimiz dünya səhnəsini xəyal belə etməyə ehtiyat edirlər? Azərbaycan futbolu da elə təxminən bu vəziyyətdədi. Nə qədər çalışsaq da, Azərbaycanda futbol sahəsində hələ də böyük uğurlara imza atılmayıb.

Nə isə... Biz futboldan yox, şou aləmindəkilərdən danışmaq istədik. Niyə müğənnilərimiz ölkədən kənarda tanınmırlar? Deyək ki, musiqimiz zəifdi? Yox. Azərbaycan musiqisi zəngindir. Yaxşı musiqiçilərimiz, bəstəkarlarımız da var. Bəs mane olan səbəb nədir?

Bu günlərdə bəstəkar Aygün Səmədzadənin açıqlaması əslində həm də bir qədər düşündürməyə vadar etməlidi şou əhlini. Bizdə həqiqətən güclü səsi olan sənətçilər, istedadlı musiqiçilər də var, musiqimiz də heç bir digər xalqın musiqilərindən zəif deyil. Bəs onda səbəb nədir? Niyə bizim şou-biznesin qazanı elə özümüz üçün qaynayır? Özümüz qarışdırıb, özümüz yeyirik. Nə Azərbaycan şou-biznesini tanıyan var, nə dadını görən, nə qoxusunu eşidən.

Səbəbini isə bəstəkar Aygün Səmədzadə daha konkret şəkildə ifadə edib. "Azərbaycan müğənnilərini, musiqilərini dünyaya tanıda biləcək prodüserlər yoxdur. Halbuki ölkədə dünyaya çıxa biləcək peşəkar səs, ifa və musiqi yetərincədir”. Bəstəkar Azərbaycan estradasında yaxşı ifaçıların, peşəkar musiqi və kliplərin az olmadığı bir dövrdə sənətçilərin dünya arenasına çıxa bilməməsinin səbəbini belə izah edir: "Bizim professional musiqiçilərimiz çox güclüdürlər. Dünyanın bir çox ölkəsində bizim musiqiçilərimizin imkanlarından çox geniş istifadə edirlər. Məncə, iş müğənnidə, səsdə və onun ifa etdiyi musiqidə deyil. Məsələ prodüserlərdədir. Bu insanları dünyaya tanıda biləcək insanlar yoxdur bizdə. Yəni bizə, müğənnilərimizi, bəstəkarlarımızı, rəqqaslarımızı dünyaya çıxaran adamlar lazımdır”.

Aygün xanım hesab edir ki, həmyerlilərimiz arasında bu işin öhdəsindən gələ biləcək prodüser yoxdursa, Azərbaycana xarici ölkələrdə fəaliyyət göstərən prodüserləri dəvət etmək lazımdır: "Sənəti təbliğ edərkən sən sırf milli maraqlardan çıxış etməməlisən. Sən sənətə xidmət edən meyarları götürməlisən. Və düşünməlisən ki, bu işi dünya arenasına çıxartmaq üçün kimlər lazımdır? Və məhz belə insanlar cəlb olunmalıdır ki, mədəniyyətimizi dünyaya tanıtsınlar”.

Tanınmış prodüser Asif Kərimov bu fikirlə həm razıdı, həm də yox: "Həqiqətən bizdə sözün həqiqi mənasında prodüser işini, peşəsini bilən prodüser demək olar ki, yoxdu. Bir-iki müğənni ilə işləmək hərdən onların pis, yaxşı konsertini təşkil etmək, ya da toy bazarında yaxşı pul qazanmaq hələ prodüser olmaq deyil. Əvvəla mən musiqi prodüseriyəm. Yəni düyna şou-biznesində musiqi prodüseri ilə müğənninin piar və böyük layihələrini həyata keçirən prodüserin işi tam fərqlidir. Bizdə isə bu sahədən xəbərsiz biri gəlib oturur müğənninin yanında, onunla toya gedir, arada konsertdə bir-iki nəfərin dəvətnaməsini paylayır. Elə bilir prodüserlik budur. Ya da prodüserlər var ki, sponsoru olan xanım müğənnilərlə işləməyə başlayır, onların "sponsorlar”ı bu xanımlara pul xərcləyir, adını prodüser kimi qələmə verənlər də o pulun hesabına müğənnidən çox özünü reklam etməyə başlayır. Sponsorun, müğənninin sevgilisinin verdiyi o pul hesabına həmin prodüser konsert edir, klip çəkdirir. Sonra da deyirlər ki, filankəsin prodüseri güclüdür. Dünya şou-biznesində isə belə deyil axı. Əvvəla, prodüser müğənnini tanıdır, prodüser müğənninin layihələri üçün vəsait qoyur, sponsor tapır, layihələr həyata keçirir. Müğənni də gəlib işini görür. Əldə olunan pul müqavilə ilə sahibinə çatır. Yenə qeyd edirəm, Azərbaycanda bu gün elə prodüser yoxdu. Çox deyildi ki, Azərbaycanda prodüser institutu yaradılsın. Hələki bu yoxdu. Amma bizdə hətta o prodüser institutu belə yaransa, orada Azərbaycan şou-biznesinin qaydaları rol oynayacaq.

Dünya şou bazarında böyük məbləğdə gəlirlərdən söhbət gedir. Bizdə isə müğənninin yeganə gəlir yeri toydu. Bunu nəzərə almaq lazımdı. Heç bir müğənni, prodüser sinəsinə döyə bilməz ki, konsert etdik, gəlir götürdük. Çünki iş sistemi düzgün qurulmayıb. Aygün xanımın sözündə əslində böyük bir həqiqət var. Amma inanın ki, xaricdən gələn prodüseri də bizim şou-biznesin içinə salsan, bizimkilər virus kimi onu da xəstəliyə yoluxdurarlar. O gəlmə prodüser də bir müddət sonra bizim şou-biznesin nümayəndələrinə oxşamağa başlayacaq. Amma həqiqətən bizim istedadı olan musiqiçilərimiz də, yaxşı səsi olan müğənnilərimiz də var. Sadəcə biz o istedaddan düzgün istifadə etmirik. Bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Xarici ölkələrdəki böyük prodakşnlarla, musiqi şirkətləri ilə əməkdaşlıq etmək, müqavilə əsasında onlarla layihələr həyata keçirmək lazımdır ki, yerli şou-biznesimizin ab-havası dəyişsin. Bizdə müğənnilər prodüserlərə emr etməyə, onlara qulluqçu kimi baxmağa o qədər vərdiş ediblər ki, əcnəbi prodüserlər buna imkan verməzlər. Dünya şou-biznesində ən tanınmış ulduzların adı çəkiləndə, avtomatik onların prodüserləri alqışlanır. Çünki müğənninin uğurunun başında məhz prodüser əməyi durur. Bu, xaricdə belədir. Bizdə isə prodüser yoxdu. Yəni əsl prodüser peşəsindən söhbət gedirsə, disk daşıyan, toy tutan adamlardan danışmırıq. Amma yenə deyirəm, yaxşı fikirdir. Necə ki, futbolun inkişafı üçün əcnəbi məşqçilərə ehtiyac var və bu gün onlar müqavilə əsasında futbol komandalarımızla işləyirlər. Eyni şəkildə əcnəbi prodüserləri də Azərbaycana dəvət etmək, müqavilə əsasında onlarla çalışmaq mümkündür. Bu işə daha ciddi yanaşılsa, Azərbaycanın bir çox istedadlı musiqiçiləri, müğənnilərini dünya səhnəsinə çıxarmaq olar”.

Tahirə