Təhsil Nazirliyi haqlıdır

Qəbul Komissiyası saxta diplom alanlarla bağlı heç bir addım atmayıb





Sabiq təhsil naziri Misir Mərdanovun istefasından sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə nazirlik arasında narazılıq səngimişdi. Uzun müddət tərəflər bir-birinə "dəymədi”. Amma artıq hansısa səbəbdən hər iki qurum arasındakı münasibətlər yenidən gərginləşib. Yeni təhsil naziri Mikayıl Cabbarovla Məleykə Abbaszadə arasında da ziddiyyətlər yaranıb. Təhsil Nazirliyinin orqanı olan "Azərbaycan müəllimi” qəzeti saxta diplomlu müəllimlər mövzusunu gündəmə gətirməklə TQDK-nın fəaliyyətini tənqid edib.

Öz növbəsində Komissiya da adekvat cavab verib. "Azərbaycan müəllimi”ndə qeyd olunub ki, tələbə qəbulunu TQDK həyata keçirir və saxta diplomlar da qanunsuz yolla qəbulların təzahürüdür. Məqalənin məzmunundan belə başa düşülür ki, sanki ölkəmizdə saxta diplomlu müəllimlərin aşkarlanması istiqamətində heç bir iş görülməyib və ya kimlərsə bu sahədə hələ ki nəsə etməyi planlaşdırır. TQDK-dan isə bu yazılanların həqiqətə uyğun olmadığı açıqlaması gəlib: "Bu məsələ Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və bu sahədə lazımi tədbirlər artıq həyata keçirilib və keçirilməkdədir”. Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü: "Tam razıyam ki, TQDK saxta diplomlarla bağlı fəaliyyətini düzgün qurmayıb. Təhsil Nazirliyinin bu məlumatı çox yerində olan bir açıqlamadır. Hər struktur öz üzərinə düşən məsuliyyəti hiss etməli və vəzifəsini icra etməlidir. TQDK tərəfindən bu istiqamətdə nəzarət gücləndirilməli və saxtakarlıqlar üzə çıxarılmalıdır. Necə ki, ali məktəblərə qeyri-qanuni tələbə köçürmələri, imtahansız qəbulları aşkarlayaraq üzə çıxaran məhz TQDK oldu, saxta diplomlarla bağlı da Komissiya öz araşdırmalarını aparmalıdır. TQDK-nın tam fəaliyyətsiz bir qurum olduğunu demək doğru deyil. Bu qurum müxtəlif sahələrlə bağlı ortaya kifayət qədər faktlar çıxarıb. Yuxarıda da qeyd etdiyim kimi, qanunsuz tələbə köçürmələri və imtahansız qəbulla bağlı bu qurum öz fəaliyyətini yüksək səviyyədə qura bilib və görülən işlər də kifayət qədər nəticə verib. Amma saxta diplom alan müəllimlərlə bağlı TQDK heç bir addım atmayıb. Bu sahə tamamilə nəzarətsizdir. Hesab edirəm ki, Nazirliyin açıqlamasını TQDK ittiham kimi qəbul etməməlidir. Çünki deyilənlər həqiqətdir. Hər bir qurumun öz funksiyaları var. Hər şeyi Təhsil Nazirliyinin ayağına yazmaq doğru deyil. Qəbul prosesi ilə məşğul olan struktur TQDK olduğu üçün bu sahə ilə bağlı bütün problemlərin həllinə nəzarət də həmin qurumun üzərindədir”.

TQDK və Təhsil Nazirliyi arasında yenidən alovlanan qalmaqallara gəldikdə isə ekspert hesab edir ki, tərəflər döyüşərək yox, birləşərək təhsilin inkişafına müsbət töhfə verə bilərlər: "Saxta diplomlarla bağlı Təhsil Nazirliyi tərəfindən bir çox faktlar aşkarlanaraq ictimaiyyətə açıqlanıb. Hansı ki, bu proses sabiq təhsil naziri Misir Mərdanovun vaxtında başlanmışdı və yeni nazir Mikayıl Cabbarovun təşəbbüsü ilə bu gün də yüksək səviyyədə davam etdirilir. Zənnimcə, bircə proqram hazırlanmalı və prosesə artıq nöqtə qoyulmalıdır. Nazirliklə TQDK qalmaqal və ziddiyyətlərlə, bir-birinə atmacalar atmaqla heç nəyə nail ola bilməyəcək. Əslində onların başı bir-birini "vurmağa” qarışacaq və arada qalan təhsilimiz olacaq. Hesab edirəm ki, ümumi işin xeyrinə hər iki qurum əməkdaşlıq etməlidir. Onlar bir masa arxasında razılığa gəlməli və təhsilimizi inkişafa aparan yolları bölüşdürməlidirlər. İlk növbədə hansı qurumun üzərinə hansı məsuliyyət düşür onu müəyyənləşdirməli və hər kəs də öz vəzifəsini icra etməlidir”.

Şəymən