Prezidentdən tarixi qərar - Devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək



"Prezident hər zaman olduğu kimi yenə də xalqın mənafeyinə üstünlük verdi”.

Bu sözləri "Sherg.az” a açıqlamasında "Altay” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı verdiyi tarixi fərmandan danışarkən deyib:

Ekspertin sözlərinə görə, ölkə başçısı hər zaman vətəndaşlar üçün güzəştli addımlar atıb: 

"Devalvasiyadan sonra əhalinin bir hissəsinin xarici valyuta ilə götürdüyü kreditlərə görə banklara 2 qat artıq borcu yarandı. Əlbəttə, burada günah vətəndaşlarda deyildi. Devalvasiyanı Mərkəzi Bank etdi. Problemin yaranma səbəbi həm də banklarla bağlı idi. Çünki, banklar müştərilərə krediti xarici valyutada verirdilər, əks-halda kredit verməkdən imtina edirdilər. Bəzi hallarda isə müqaviləni dollar və ya avro ilə imzalatdırıb manatla verirdilər. Nəticədə devalvasiya baş verəndə, müştərilər iki qat artıq zərərə düşdü. Yəni, vətəndaş 1000 manat dəyərində kredit götürmüşdüsə, indi onun krediti 2 min manatdan çox sayılırdı. Bu da ciddi problem yaradırdı. Ona görə də insanların bir çoxu borcu ödəyə bilmədilər. Problemlər təkcə devalvasiya nəticəsində yaranmayıb. Bəzi vətəndaşlar müalicə, bəzisi isə başqa zəruri xərclərini ödəmək üçün kredit götürüblər, amma sonra müxtəlif səbəblərə görə borcu ödəməkdə çətinlik çəkdilər.

Əlbəttə, keçən müddət ərzində problemli kreditlərin bir çoxu həllini tapıb. Xarici valyutada kredit götürənlər bir az çox və ya bir az gec də olsa borclarını ödəyiblər. Hazırda müəyyən hissənin krediti ödəmə problemi qalıb ki, onların da kreditlərində devalvasiyadan yaranan fərqin ödənilməsi ciddi problem yaratmayacaq. Hər bir halda cənab Prezidentin əhalinin sosial problemlərinin həlli istiqamətində atdığı arıdıcıl addımlar təqdirəlayiqdir. Dövlət başçısı əhalinin sosial rifahının yüksəlməsi üçün dövlətin bütün imkanlarından istifadə edir. Sonuncu sərəncamı isə sosial sahədə atılan addımların ən əhəmiyyətlilərindən biri kimi qiymətləndirmək olar”.

Yeganə Bayramova