Ölkə başçısı böyük problemə son qoydu: Kreditlə bağlı məhkəmə çəkişmələri vətəndaşların xeyrinə həll olundu

"Ölkə başçısının problemli kreditlərlə bağlı məsələyə diqqət yetirməsi, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalaması alqışalayiq haldır”. 
Bu sözləri Sherg.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.
Hər zaman vətəndaşların problemli kreditlərinin ödənilməsinə differensial yanaşmanın tərəfdarı olduğunu vurğulayan iqtisadçı deyib ki, bu fərman əhalinin ən azı 70-80 faizini əhatə edəcək. Geridə sadəcə sərəncamın icra mexanizmi qalır: 
"Fərmanla yaxından tanış olmadığım üçün geniş təhlilini verə bilmirəm. Amma ümumi yanaşanda müsbət dəyərləndirirəm. Bu sərəncam problemli kreditlərlə bağlı məsələnin ölü nöqtədən tərpənməsi deməkdir. Devalvasiyanın ilk günündən ekspertlərin hər biri bu məsələyə hökumətin müdaxiləsinin zəruri olduğunu qeyd edirdi. Bu da səbəbsiz deyildi. Çünki Azərbaycanda devalvasiya birbaşa Mərkəzi Bankın qərarı əsasında elan olunmuşdu. 
MB isə dövlətin siyasətini müəyyənləşdirən orqan olduğundan dövlətin kənarda qalması mümkün deyildi. Ötən 4 il ərzində problemin öz həllini tapmaması, əksinə banklarla vətəndaşlar arasında inamsızlıq və qarşıdurmanın olması da bunun sübutudur. Məhkəmələr, mübahisələr gedir, hətta intihar halları da baş verib. Bütün bunlar fonunda ölkə rəhbərinin məsələyə müdaxiləsi olduqca sevindiricdir. Cənab prezident bu addımı ilə Azərbaycan dövlətinin heç bir vətəndaşını darda qoymadığını bəya etmiş oldu”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır.
Fərmandan irəli gələn nəticələr ondan ibarətdir ki, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 məzənnəsi ilə götürülən kreditlərin məzənnə fərqini dövlət öz üzərinə götürəcək.
Şəymən