Günah onun özündədir ? - İZAH

“Kılıçdaroğlu “Biz həbsdə yatan PKK-lını da DHKC /P-lini də ziyarət edirik”, Biz PYD-ni terror təşkilatı hesab etmirik” deyirsə, bu kimi hallarla qarşılaşa biləcəyini də götür -qoy etməlidir”
"CHP sədri Kamal Kılıçdaroğluna edilən hücumu pisləyirəm”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli deyib.
Baş redaktorun sözlərinə görə, siyasətin olduğu yerdə yumruqların danışması yaxşı bir hadisə deyil:
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Seçki bitdi, artıq dönəm "Türkiyə ittifaqı” dönəmidir” çağırışından sonra, edilən bu hərəkətin elə Ərdoğanın özünə qarşı bir provokasiya olduğu düşüncəsindəyəm. Lakin, ortada bir sual yaranır. Niyə bu yaşda olan bir siyasətçiyə kütlə hücum çəkir?
Kılıçdaroğlu verdiyi açıqlamalar və bəzi addımlarına görə şəhid cənazəsində ilk dəfə etirazla qarşılanmır. Amma bundan öncə etirazlar sadəcə şüarlar şəkilində idisə, indi zorakılığa çevrildi.
Kılıçdaroğlu "Biz həbsdə yatan PKK-lını da DHKC /P-lini də ziyarət edirik” deyirsə, bu kimi hallarla qarşılaşa biləcəyini də düşünməlidir. CHP sədri Türkiyə ordusunun Afrində savaşdığı PKK-nın Suriya qolu PYD haqqında "Biz PYD-ni terror təşkilatı hesab etmirik” deyirsə, belə bir hadisə ilə üzləşəcəyini götür -qoy etməlidir”.
R.Bəşirli bildirib ki, Kılıçdaroğlu Türkiyənin 2015-ci ildə ölkənin kürdlərin yaşadığı şərq bölgəsində apardığı əməliyyatlara da qarşı çıxırdı:
"Hansı ki, həmin 1 illik əməliyyatlardan sonra bölgədə PKK terror təşkilatı böyük miqyasda təmizləndi.Ölkənin təhlükəsizlik məsələlərinə qarşı müxalifətçilik etmək olmaz. Türkiyə hakimiyyəti HDP liderlərini terrora dəstəklə həbs edir, ötən ilki parlament seçkilərində HDP-nin barajı keçməyəcəyini və bununla da HDP-nin bitəcəyini hesablamışdı. Lakin, HDP CHP-nin hesabına barajı keçir və parlamentdə oturur. 
Bu seçkilərdə də HDP lideri Demirtaş həbsxanadan tərəfdarlarına açıq çağırışla Ankara və İstanbulda CHP-nin namizədlərinə səs vermə çağırışı etdi. Bütün bunlar mühafizəkar kəsimdə qəzəb doğurur. Kimliyindən aslı olmayaraq siyasətçilər davranışlarına, atdıqları addımlara fikir verməlidirlər. Bütün hallarda etirazların şiddətə çevrilməsinə qarşıyam”.
Qeyd edək ki, ötən gün CHP sədri Kamal Kılıçdaroğlu şəhid cənazəsində bir qrup şəxsin hücumuna məruz qalıb. Təxribatı törədənlərin artıq həbs edildiyi bildirilir.
Yeganə Bayramova