“Əxlaq polisinin yaradılması o deməkdir ki...”

"Əxlaq polisinin yaradılması nəzərdə tutulursa, bu, o deməkdir ki, ölkəmizdə kifayət qədər fahişə var”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, zaman-zaman hüquq -mühafizə orqanları müəyyən reydlər keçirir, kimlərisə məsuliyyətə cəlb edirlər:
"Ölkəmizdəki neqativ hallarla bağlı Milli Məclisdə hesabatlar da verilir. 20 il bundan qabaq da əxlaq polisi ilə bağlı məsələlər müzakirə olunurdu. Burada daha çox qadınların güclənməsi, onların sahibkarlıq fəaliyyətində imkanların genişlənməsi nəzərdə tutulur.
Lakin əxlaq polisinin yaradılması üçün öncə tədqiqatlar aparılmalıdır. Müvafiq mərkəzlər apardıqları araşdırmalardan sonra, əxlaq polisinin yaradılmasına ehtiyac olub-olmadığını bildirməlidirlər. Ümumiyyətlə, belə məsələlərdə real tədqiqata söykənmiş nəticələr əldə olunmalıdır”.
M.Zeynalova bildirib ki, müxtəlif zamanlarda əxlaqsızlığı əks etdirən videogörüntlər ortaya çıxıb:
"Yalnız belə görüntülərə görə, əxlaq polisinin yaradılmasına nə dərəcədə ehtiyac var? Hesab edirəm ki, cəmiyyətdə neqativ hadisələrlə bağlı tədqiqatlar aparılmalı və müəyyən nəticələr ortaya qoyulmalıdır. Əgər əxlaq polisi yaradılacaqsa, müxtəlif ölkələrə getmək və əldə olunan təcrübələri Azərbaycana tətbiq etmək lazımdır. Bütün bunlar bir gündə həll olunası məsələ deyil.
Azərbaycan Respublikasının qanunvericiliyində nə narkotik istifadəsi, nə də fahişəlik üçün kimsə təqib olunur. Bunun üçün də kifayət qədər işlər görülür. Eyni zamanda əxlaqsızlıq yuvasının saxlanması ilə bağlı da tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, son günlər əxlaqsızlığı əks etdirən videoların yayılmasından sonra ölkəmizdə əxlaq polisinin yaradılması məsələsi gündəmə gəlib. Millət vəkili Fazil Mustafa bildirib ki, hüquq-mühafizə orqanları belə mövzulara həssas yanaşsalar, əxlaq polisinin yaradılmasına ehtiyac qalmaz.
Yeganə Bayramova