Millət vəkili İstanbula köçür

Asəf Hacıyev: “2015-ci ilin yanvar ayından etibarən deputatlıq fəaliyyətimə son qoyulacaq”



"Dünyada iqtisadi böhran baş verir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) səviyyəsində üzv ölkələrin parlament assambleyaları arasında əlaqələrin inkişafı iqtisadiyyata da böyük təkan verəcək”.

Bunu Modern.az saytına açıqlamasında QDİƏT Parlament Assambleyasının yeni baş katibi, Azərbaycan Milli Məclisin deputatı Asəf Hacıyev deyib. O, gələcək planlarından danışarkən bildirib ki, təşkilat daxilindəki əməkdaşlığın gücləndirilməsi istiqamətində lazımi addımlar atacaq. Asəf Hacıyev qeyd edib ki, onun baş katib seçilməsi Azərbaycan üçün əhəmiyyətlidir:

"Bu qələbə ilk növbədə Azərbaycan prezidenti, cənab İlham Əliyevin fəaliyyətinə verilən qiymətdir. Bu, eyni zamanda Azərbaycan parlamentinin yüksək nüfuzunu da təsdiq edir. Fürsətdən istifadə edib, cənab prezidentə və parlament üzvlərinə öz təşəkkürümü bildirirəm”,-deyə Asəf Hacıyev bildirib. Deputat qeyd edib ki, həmişə olduğu kimi, bundan sonra da təşkilatda iqtisadi məsələlər müzakirəyə çıxarılanda dolayı yollarla, Dağlıq Qarabağ münaqişəsi barədə də fikirlər səslənəcək. "Qarabağ məsələsi Azərbaycan nümayəndə heyətinin daim diqqət mərkəzindədir. Çünki Qarabağ problemi regionun iqtisadi inkişafına böyük bir əngəldir”.

Asəf Hacıyev söyləyib ki, QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün o, da bu şəhərə köçəcək: "Buna görə də deputatlıqdan imtina edəcəm. 2015-ci ilin yanvar ayından etibarən deputatlıq fəaliyyətimə son qoyulacaq”.