“Böyük Sülh Sazişi də xeyrimizə olmayacaq”

Qarabağ problemi Rusiya çökməyənə qədər həll olunmayacaq




ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində 4 dekabr tarixində Bazeldə verilən bəyanatda Böyük Sülh Sazişi üzrə tez bir zamanda danışıqlara başlanmasının vacibliyi vurğulanıb.

Azərbaycanın Böyük Sülh Sazişi üzərində işləməyə hazır olduğunu deyən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan dəfələrlə Böyük Sülh Sazişi üzərində işləməyə hazır olduğunu bildirib və xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında çıxışı zamanı bu mövqeni bir daha bəyan edib.

Ermənistanın Böyük Sülh Sazişinin üzərində işə başlamaq istəmədiyini deyən XİN sözçüsü bildirib ki, qarşı tərəf yalnız bəhanələrə, o cümlədən əsassız şəkildə prinsiplərin razılaşdırılması məsələsinə əl ataraq, siyasi möhtəkirlik yolu ilə diqqəti Böyük Sülh Sazişi məsələsindən yayındırır.

Böyük Sülh Sazişinin münaqişənin həllində nə dərəcədə müsbət rol oynayacağına gəldikdə isə "Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə deyib ki, hər şey tərəflərin Sazişə yanaşmasından asılıdır: "Böyük Sülh Sazişini Kazimirov hazırlayıb. Əgər tərəflər həqiqətən də razılıq versələr, bu saziş üzərində işləmək müsbət olardı. Lakin bu sazişin hazırlanması münaqişəni heç də həll etmir. Çünki vaxtilə Böyük Sülh Sazişində bir çox məsələlər nəzəri baxımdan razılaşdırılmışdı. Məsələn, qoşunları hara çəkmək lazımdır, texnika harada cəmlənməlidir və s. Kazimirov təklif edib ki, işğal olunmuş ərazilərdə tərəflərin qrupu yaradılmalıdır. Bu qrupda da Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ və Rusiya olmalı idi. Fikir verin, burda Ermənistan, Dağlıq Qarabağ və Rusiya birlikdə, Azərbaycan isə təklikdə qalırdı. Bu isə qeyri-real idi. Bir çox məsələ razılaşdırılsa da, əsas məsələ açıq qalırdı. Əsas məsələ də Qarabağın statusu ilə bağlı idi. Buna ermənilər razılıq vermirdilər. Azərbaycan Qarabağa yüksək muxtariyyat verə bilərdi, onlarsa müstəqillik tələb edirdilər. Halbuki onlara heç kim müstəqillik verməyəcək. O vaxtdan da məsələ beləcə açıq qalıb”.

Böyük Sülh Sazişinə həmsədrlərin yenidən qayıtma səbəblərinə toxunan politoloqun qənaətincə, həmsədrlər öz fəaliyyətsizliklərinin, uğursuzluqlarının üstünü pərdələmək üçün tərəflərin oturub danışmasını istəyirlər: "Bunu da müsbət nəticə hesab etmək olar. Lakin bu da baş tutmayacaq. Çünki Ermənistan Moskvadan asılıdır və asılı olduğu mərkəz istəməyincə, bu baş vermir. Azərbaycan bu məsələdə maraqlıdır. Amma Ermənistan olmadan özümüz təklikdə Böyük Sülh Sazişi hazırlaya bilmərik”.

Yenidən Böyük Sülh Sazişi hazırlanarsa belə, bunun Azərbaycanın xeyrinə olmayacağını deyən V.Quluzadə hesab edir ki, hamısı boş şeylərdir: "Çünki əsas məsələ həll olunmayıb. Bu gün Ermənistanda xalqla hakimiyyət arasında uçurum var. Xalq sülh istəyir. Zillətdən çıxmağı, sərhədlərin açılmasını, investisiyaların gəlməsini istəyir. Azərbaycan və Türkiyə ilə düşmən olmaq istəmirlər. Lakin hakimiyyət Moskvanın dediyi ilə oturub durur və bizə qarşı düşmənçilik sərgiləyir. Əsas məsələ budur. Ermənistan normal dövlət kimi beynəlxalq hüquqa tabedirsə, BMT-nin Təhlükəsizlik Şurasını sayırsa, dörd qətnaməyə əməl edib işğal etdiyi torpaqları azad edər. Lakin bunu etmir. Dağlıq Qarabağa müstəqillik istəyirlər. Bu qeyri-qanunidir və bütün dünya tərəfindən bu ərazilər Azərbaycan torpaqları olaraq tanınır. Bu vəziyyət Rusiya çökməyənə qədər də həll olunmayacaq. Bunun 6 ay, yaxud 6 il sonra və ya dəqiq nə vaxt baş verəcəyini deyə bilmərik. Mən çökmə deyəndə, pozitiv dəyişiklikləri nəzərdə tuturam. Yəni bu dövlət genişlənmək iddialarından, başqa ölkələrin ərazilərini işğal etməkdən, özünün yaratdığı etnik münaqişələrdən istifadə edərək idarəetmə üsulundan istifadə etməkdən əl çəkməlidir. Rusiya xüsusiyyətini dəyişməlidir. Bu dəqiqə Rusiya çar dövründə olduğu kimi imperiyadır. Çar devrildi, lakin sadəcə ağlar qırmızılarla əvəzləndi və bolşeviklər gəldi. Onlardan sonra da Federasiya olaraq imperiya yarandı. Hazırda yenə genişlənmək, keçmiş SSRİ məkanının onlara aid olduğunu qəbul etdirmək istəyirlər. Belə olan vəziyyətdə Qarabağ üçün heç bir həll şəraiti yoxdur”.

Şəymən