Ankara sakit qala bilməzdi

Türkiyə də İŞİD-ə qarşı savaşmağa hazırlaşır



Türkiyə İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı beynəlxalq koalisiyaya qatılır. Bu barədə "fr.euronews.com” saytı xəbər yayıb. Məlumata görə, qonşu ölkə parlamenti artıq qətnamə də hazırlayıb. Və 298 millət vəkili bu sənədi dəstəkləyib.

İddia olunur ki, Türkiyə quru qoşunları və hərbi hava qüvvələri tezliklə hərəkətə keçə bilər. Hətta rəsmi Ankaranın hava qüvvələri ilə bağlı hərbi bazasını bir neçə müttəfiqinə, o cümlədən Amerikaya açıq elan edəcəyi də deyilir.

Addımın doğru olduğunu söyləyən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, təşəbbüs rəsmi Ankaranın strateji niyyətlərinə xidmət edəcək. Onun sözlərinə görə, Türkiyə yaşanan hadisələrə biganə qala bilməz: "Bölgədə terrorçu qruplaşma var. Həmin dəstə bütün dövlətləri hədələyir. Üstəgəl, onlar bu günlərdə 3 türk siyasətçisini güllələyib. Bu səbəbdən Türkiyə sakit qala bilməzdi”.

Ekspertin qənaətincə, sözügedən terror dəstəsini tamamilə məhv etmək üçün yalnız Türkiyə deyil, digər NATO ölkələrinin də quru qoşunları müdaxilə etməlidir: "Terrorçuların 20 mindən çox canlı qüvvəsi və 2 mindən çox döyüş texnikası aşkarlanıb. Görünür, amansız qruplaşmaya qarşı ildırım sürətli müharibə əməliyyatının planı hazırlanır”.

Q.Hüseynli vurğulayıb ki, rəsmi Ankara prosesə qatılmaqla bölgədə kürd dövlətinin yaradılmasının qarşısını alacaq: "Ərdoğan Suriya, İraq və Türkiyə kürdlərinin birləşib, Kürdüstan yaratmaq ideyasına imkan verməyəcək. Regionun ən güclü dövləti olan Türkiyə nüfuzunu qoruyub-saxlayacaq”.

Ayyət Əhməd