Avropa narahatdır

Rusiya-Türkiyə yaxınlaşması Qərbi qorxuya salıb
Putinin rəsmi səfərindən dərhal sonra Aİ-nin bir neçə nümayəndəsi də qardaş ölkəyə rəsmi səfərə gəliblər


Dünən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Türkiyə-Rusiya-Azərbaycan ittifaqı və Dağlıq Qarabağ münaqişəsinin həlli” mövzusunda mətbuat konfransı keçirib. Toplantıda müxtəlif məsələlərə toxunan mərkəz sədri Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinin uğurlu olduğunu deyib: "İndiki vəziyyətdə Kremlin Ankara ilə əməkdaşlığa ehtiyacı var. Digər tərəfdən də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Türkiyənin xeyrinə işləyir. Çünki Moskva ilə iqtisadiyyatının və enerji sahəsinin bütün istiqamətlərini genişləndirmək üçün qardaş ölkənin əlinə böyük bir şans düşüb”.

Türkiyənin Avropa Birliyinə marağı azalıb

Politoloq qeyd edib ki, Kremllə artan əməkdaşlıq Ankaranın Avropa Birliyinə (AB) meylini sıfıra endirəcək: "Rusiya liderinin səfəri Ankaraya yeni dividendlər gətirdi. Ona görə ki, Türkiyə AB-yə qoşulsaydı, digər üzv ölkələr kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaq məcburiyyətində qalacaqdı. Belə olan halda Rusiya bazarından və digər ortaq layihələrdən istifadə edə bilməyəcəkdi. İqtisadiyyatında problemlərlə üzləşəcəkdi”.

Rusiya Türkiyəyə ucuz qaz satacaq

E.Şahinoğlu Türkiyə-Rusiya əməkdaşlığında iki əsas istiqamətin olduğunu diqqətə çatdırıb: "Birinci istiqamət kənd təsərrüfatı və ərzaq məhsullarının ixracıdır. Qərbin sanksiyaları şimal qonşumuzda kənd təsərrüfatı və ərzaq məhsullarında qıtlıq yaradıb. Moskva əvvəllər bu məhsulları Latın Amerikasından almağı planlaşdırsa da, məsafə çox uzaq olduğundan, Türkiyə ilə əməkdaşlığa üstünlük verdi. Çünki bu ölkədən həmin məhsulları daha ucuz qiymətə əldə edə biləcək. İkinci istiqamət isə enerji əməkdaşlığıdır. Rusiya Türkiyəyə ucuz qaz satacaq, bu ölkəyə yeni qaz xətti çəkəcək. Putin Ankarada "Cənub axını” layihəsindən imtina etdiyini bəyan etdi. Ankaranın istəyi əsasında, bu ölkəyə satdığı qazın qiymətini 6 faiz ucuzlaşdırdı”.

Yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilər

Politoloq vurğulayıb ki, bütün hallarda Rusiya-Türkiyə ittifaqı Azərbaycanın maraqlarına cavab verir: "Bunun ölkəmiz üçün önəmi odur ki, ərazi bütövlüyümüz təmin oluna bilər. Dədə-baba yurdundan didərgin düşmüş minlərlə qaçqın və məcburi köçkünlərimiz öz yuvalarına qayıdar. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Rusiya strateji tərəfdaş adlandırılır. İddialara görə, Putinlə Ərdoğan arasındakı qapalı görüş 3 saat çəkib. Ola bilsin ki, münaqişə haqqında müəyyən fikir mübadiləsi aparılıb. Ankara problemin ədalətli həllində və Azərbaycanın ərazi bütövlüyünün təminatında maraqlıdır. Moskva üçün də unikal şans yaranıb. Şimal qonşumuz Ankara və Bakı ilə əməkdaşlığını yüksək səviyyəyə qaldırmaq istəyirsə, Ermənistana təsir göstərib, məsələnin uğurlu həllini sürətləndirməlidir. Kreml bu yöndə addım atsa, İrəvan fərqli siyasət həyata keçirə bilməyəcək. Torpaqları boşaltmağa başlayacaq. Bu, Kremlin xeyrinədir. Çünki yalnız iqtisadi və enerji zəminində deyil, siyasi baxımdan da Türkiyə və Azərbaycan kimi güclü müttəfiq qazana bilər. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənərsə, Moskva Azərbaycan və Türkiyədə Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə maraq yarada bilər”.

Münaqişənin ədalətli həlli Türkiyənin bölgədəki rolunu artıracaq

Ekspertin fikrincə, Ankaranın güclənməsi Avropanı narahat edir: "Üstəgəl, Türkiyəni itirmək qorxusu yaranıb. Bu səbəbdən Putinin rəsmi səfərindən dərhal sonra Aİ-nin bir neçə nümayəndəsi də qardaş ölkəyə rəsmi səfərə gəliblər. Bu, Avropanın niyyəti barədə ortaya aydın təsəvvür qoyur. Eyni zamanda Avropa Rusiyanın güclənməsini istəmir. Bəzi hallarda Moskvaya qarşı başlatdıqları sanksiyalara Türkiyəni də cəlb etmək istəyirlər. Bu isə hələ ki baş tutmur”.

Bu münasibətlər Ermənistanı narahat edir

E.Şahinoğlunun sözlərinə görə, İrəvan düşünür ki, Moskva Ankaranın istəyi əsasında Ermənistandan işğal etdiyi torpaqları boşaltmasını tələb edə bilər: "Azərbaycan və Rusiya arasında da əməkdaşlıq artır, eynilə Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına daha geniş miqyasda ixrac olunacaq. Digər tərəfdən Ankara Türkiyə-Rusiya ittifaqına tədricən Azərbaycanı da cəlb edə bilər. Baxın, Putinin Türkiyə səfərində Azərbaycan prezidenti İlham Əliyevin Ərdoğanla telefonla danışması təsadüfi deyil. Danışıqda Azərbaycan prezidentinin G-20-lərin 2015-ci ildə Antalyada keçiriləcək görüşünə dəvət edildiyi bildirilir. Bu da Türkiyə-Rusiya-Azərbaycan üçbucağında vacib element sayıla bilər”.

Türkiyə Azərbaycan qazından imtina etməyəcək

Politoloq hesab edir ki, "Rusiya Türkiyəyə yeni qaz xətti çəkəcəksə və eyni zamanda Türkiyəyə daha çox qaz ixrac edəcəksə, Ankaranın Azərbaycan qazına marağı azalacaq” kimi iddialar mənasızdır: "Çünki Azərbaycan öz qazını Türkiyəyə Rusiya və İrandan ucuz satır. Digər tərəfdən Türkiyə enerji idxalının diversifikasiyası siyasətini həyata keçirir. Azərbaycan qazına həmişə ehtiyac duyacaq. Azərbaycan qazının bir miqdarı Türkiyə üzərindən Avropaya daşınacaq ki, bu, Türkiyənin bölgədəki rolunun artmasına xidmət edəcək”.

Avropanın Azərbaycan qazına ehtiyacı artıb

Elxan Şahinoğlu onu da əlavə edib ki, Rusiya "Cənub axını”ndan imtina etdikdən sonra Avropanın Azərbaycan qazına ehtiyacı artıb: "Macarıstanın xarici işlər naziri Peter Siyatro və Xorvatiyanın baş naziri Zoran Milanoviç açıqlamalarında Azərbaycan qazına ümid etdiklərini bildiriblər. Hətta "Cənub axını”ndan məhrum olan Bolqarıstan və Serbiyanın da TAP və TANAP layihələrinə marağı artacaq. Bütün bunlar fikirlərimizin isbatı sayıla bilər”.

Krım tatarları məsələsində Rusiya ilə razılıq əldə olunmayıb

Tədbirə qatılan Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Öncü Keşeli bildirib ki, Ankaranın əsas məqsədi Rusiya ilə siyasi, iqtisadi və digər sahələrdə mövcud olan münasibətləri ən yüksək səviyyəyə çatdırmaqdır: "İki ölkə arasındakı illik ticarət əlaqəsinin 32 milyard ABŞ dolları ötüb. Türkiyə təbii qaz ehtiyacının 60 faizini Rusiya vasitəsi ilə təmin edir. Qarşılıqlı sərmayə yatırımları 10 milyard ABŞ dollarıdır. Bu statistika Rusiya ilə münasibətlərimizin tam yaxşı olmasına dəlalət etmir. Bu ölkə ilə Ukrayna hadisələri və Krım tatarları ilə bağlı müəyyən məsələlərdə hələ də razılıq əldə edə bilməmişik”.

Müşavir bir müddət əvvəl Rusiyanın "Qazprom” şirkəti ilə Türkiyənin "Botaş” şirkəti arasında bağlanan müqavilənin məsləhət xarakteri daşıdığını vurğulayıb: "Hər iki şirkətdən bildirilib ki, Qara dənizin dibi ilə Türkiyəyə çəkiləcək yeni qaz kəmərinin çəkilməsi istiqamətində artıq ilkin razılaşma əldə edilmək üzrədir. Razılaşma, yeni kəmərin tezliklə başlaması anlamına gəlmir. Bu, hələlik bir niyyət protokoludur. "NABUCCO” məsələsində də gördük ki, hansısa kəmərin çəkilməsi üçün uzunmüddətli danışıqlar getsə də, sonda heç bir nəticə əldə edilmir. Buna rəğmən TANAP layihəsi barədə aparılan danışıqların qısa müddət ərzində nəticə verməsinin hamımız şahidi olduq”.

Ayyət Əhməd