Ermənilər girovların başını kəsmək istəyirlər

Elman Məmmədov: “Döyüşdə öldürülən erməni əsgərlərinin anaları girovların içindən cavan və sağlam olanları seçir və aparıb öz ölülərinin məzarı üstündə başlarını kəsirdilər”
Zahid Oruc: “Girovlarımızla bağlı təşkil olunan “məhkəmə” bir teatr oyunudur”


Azərbaycanın işğal olunmuş ərazisində ermənilər tərəfindən girov götürülən kəlbəcərli Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəmə şousu davam edir. Sonuncu proses zamanı D.Əsgərov və Ş.Quliyev tərəfindən öldürüldüyü iddia edilən Sumbat Çakanyanın qohumları kəlbəcərli girovların onlara təhvil verilməsini istəyiblər. Çakanyanın anası məhkəmədən oğluna 7 dəfə atəş açan insanın mühakimə olunmasını deyil, ona verilməsini tələb edib. Qadının iddiasına görə, azərbaycanlı girovlar Sumbatdan Kəlbəcərə necə getmək lazım olduğunu soruşublar və sonra da onu öldürüblər.

Qondarma məhkəmə prosesinə və orada səsləndirilən fikirlərə münasibət bildirən millət vəkili Elman Məmmədov "Şərq”ə verdiyi açıqlamada deyib ki, separatçı və qondarma bir qurumun "məhkəməsi” tam səlahiyyətsizdir. Ona görə də bu "məhkəmənin” və onun qərarlarının heç bir hüquqi əsası yoxdur: "Öz evlərinə gedən iki nəfər kəlbəcərliyə hansı maddələrlə cinayət işi açmaq olar? Dilqəm və Şahbaz Sumbatı və ya başqa ermənini öldürməyiblər. Onların cinayətdə suçlanması tamamilə yalan və uydurmadır. Axı üzərində silah olmayan insan başqasına necə atəş aça bilər? Əgər ortada ölü erməni varsa, onu yüz faiz özləri öldürüblər ki, hadisəni azərbaycanlıların boynuna qoysunlar”.

Deputatın sözlərinə görə, "məhkəmədə” öldürüldüyü iddia edilən Sumbatın anasının girovları tələb etməyində sadəcə bir məqsəd var: "Qarabağın işğalı zamanı xeyli sayda insanlarımız ermənilər tərəfindən əsir və girov götürülüb. Bizimlə döyüşdə öldürülən erməni əsgərlərinin anaları girovların içindən cavan və sağlam olanları seçir və aparıb öz ölülərinin məzarı üstündə başlarını kəsirdilər. İndiki qondarma məhkəmədə erməni qadın çalışır ki, Dilqəmi və ya Şahbazı aparıb öz oğlunun qəbri üstündə başını kəssin. Erməni ananın məqsədi budur. Müharibə dövründə belə hallar çox olub. Erməni əsirliyində olanların gözü qarşısında neçə-neçə qəhrəman övladlarımızın başı erməni qadınları tərəfindən qəbirlər üzərində kəsilib”.

Millət vəkili Zahid Oruc bildirib ki, Qarabağda qurulan qondarma məhkəmə səhnəsinin mühüm məqsədləri var. Əvvəla, ermənilər çalışır ki, bundan sonra azərbaycanlıların işğal olunmuş torpaqlara gedişinin qarşısını alsınlar: "Zənn edirlər ki, sabah kimsə Şahbaz və Dilqəm kimi düşünüb hərəkət etməyə qərar versə, onlar "məhkəməni” xatırlayaraq öz fikirlərindən vaz keçəcəklər. Kəlbəcərli girovlarımızın "killer” adı altında necə mənəvi və fiziki təzyiqlərə məruz qaldıqlarının şahidi oluruq. Ancaq bütün işgəncələrə baxmayaraq, D.Əsgərov törədilən qətllə heç

bir əlaqəsinin olmadığını açıq şəkildə bəyan edir. Digər tərəfdən ermənilər çalışır ki, Qarabağın saxta qurumlarını ciddi bir tərəf, hüquqi struktur kimi təqdim etsinlər. Ona görə də "məhkəmə” prosesini bütün dünyaya yayırlar”. Millət vəkilinin fikrincə, Sumbatın anasının dediyi bütün ifadələr Ermənistanın siyasi texnoloqları tərəfindən yazılıb: "Heç kəsin şübhəsi olmasın ki, girovlarımızla bağlı təşkil olunan "məhkəmə” bir teatr oyunudur. Orada iştirak edən bütün ermənilər də öz rollarını oynayan aktyorlardır. Ancaq "problem” ondadır ki, bütün ağır işgəncələrə baxmayaraq dirəniş göstərən məğrur girovlarımız ermənilərin məkirli oyununu pozurlar. Bu baxımdan hesab edirəm ki, "məhkəmə” şousunu hazırlayan erməni strateqlər artıq rüsvay oldular və öldürücü siyasi zərbə aldılar”.

İsmayıl