“Saakaşvilinin hakimiyyətə qayıdışına münbit şərait var”

“Gürcüstanda siyasi boşluq yaranarsa, bu hal reallaşacaq”



Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hakimiyyətdən getdikdən sonra ilk video konfransını keçirib. Barəsində cinayət işi açılan keçmiş prezident bütün bunlara baxmayaraq, tezliklə ölkəsinə qayıdacağını və aktiv siyasətlə məşğul olacağını deyib:

"Çox az vaxt qalıb. Tezliklə Gürcüstan rəhbərliyinə geri qayıdacam. Heç kim buna mane ola bilməyəcək”. Məlumat üçün bildirək ki, hazırda hakimiyyətdə olan "Gürcü Arzusu” koalisiya hökuməti son aylar parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. Artıq rəqibə çevrilən koalisiya liderləri bir-birlərini qanunsuzluqda və dövlət malını mənimsəməkdə ittiham etməyə başlayıblar. İndiki Gürcüstan hökumətinin vəziyyətini və eks-prezident Saakaşvilinin hakimiyyəti ələ keçirmə ehtimalını dəyərləndirən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, əgər "Gürcü Arzusu” koalisiyası dağılarsa, bu halda sabiq prezidentin hakimiyyətə gəlməsi reallaşa bilər: "Doğrudur, Saakaşvilinin hakimiyyətə qayıtmasına qarşı təkcə Rusiyada deyil, Qərbdə də etirazlar olacaq. Amma istənilən halda Gürcüstanda siyasi boşluq yaranarsa, bu, Saakaşvilinin hakimiyyəti ələ keçirməsinə münbit şərait yaradacaq. Bunun nə zaman olacağını isə zaman göstərəcək”. Ə.Oruclu bildirib ki, "Gürcü Arzusu” koalisiyasının zəif və süni olması əvvəlcədən bəlli idi: "Bu koalisiyanın dağılması təəccüblü deyil. Nəzərə alaq ki, Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvilinin "Gürcü Arzusu” koalisiyasını kənardan "boz kardinal” kimi idarə etmək iddiası var idi. Sonunda bu iddialar öz nəticəsini göstərdi. Gürcüstan hökuməti tərkibində baş verən hadisələr isə təbii prosesdi. Düşünmürəm ki, bütün bunların arxasında kimlərsə dayanır. Ola bilər ki, kimsə buna bir qədər təkan vermiş olsun. Ancaq istənilən halda bunlar gözlənilən idi. Koalisiya hökumətinin yaradılmasında məqsəd biznesmen İvanişvilinin pulundan istifadə edərək, Saakaşvilini devirmək və hakimiyyətə gəlmək idi. Buna nail olsalar da, sonradan bu oyunun mənfi tərəfi özünü göstərməyə başladı. Siyasətdə bu cür oyunlar keçmir”.

İsmayıl