Bakıda 400 mindən artıq sənədsiz evlər var

Onların qeydiyyatı üçün meriyada xüsusi komissiya yaradılıb




Sənədsiz mənzil sahiblərinə şad xəbər var. Evlərin qeydiyyatına başlanıla bilər. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, paytaxtdakı sənədsiz evlərin qeydiyyatı üçün hər şey hazırdır. Onun sözlərinə görə, bu haqda Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) xüsusi komissiya yaradılıb: "Bütün sənədlər artıq komissiyaya daxil olub”.

Bununla yanaşı, deputat söyləyib ki, layihənin icrası ləngidilir: "Məndə olan məlumata görə, sənədlər artıq hazırdır. Sadəcə, sənədləşdirilməyə qərar vermək lazımdır. Amma bunu niyə gecikdirirlər, bilmirəm. Hazırda məsələ onların ixtiyarındadır”.
Xəbərləri yüksək dəyərləndirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Şərq”ə açıqlamasında söyləyib ki, təşəbbüsü alqışlamaq lazımdır: "Paytaxtın ən böyük problemlərindən biridir”.
Layihənin effektinə gəlincə, ekspert bildirib ki, bunu zaman göstərəcək: "Hazırda paytaxtda 4 yüz mindən artıq sənədsiz fərdi yaşayış evi mövcuddur. İki il öncə Azərbaycan prezidenti İlham Əliyev paytaxt meri Hacıbala Abutalıbova göstərişlər vermişdi. Sonradan BŞİH-nin bu yöndə tədbirlərini müşahidə etmədik. Məsələ haqda müzakirələr varsa, yaxın zamanlarda icrasına başlanıla bilər. Bu addım gələcəkdə mənzil tikintisinin artırılmasına da töhfə verə bilər”. İcraatın ləngiməsinə toxunan müsahibimiz vurğulayıb ki, bu, asan başa gələn iş deyil: "Elə evlər var ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunub. İstifadə tələblərinə cavab vermir. Fikrimcə, proqramın icrası təkcə BŞİH-dən deyil, Nazirlər Kabinetinin sərəncamından da asılıdır”.

Ayyət Əhməd