“Vosmoy” bazarını alan şəxs işçilərə toxunmamalıdır

Mülkiyyətçi yalnız bazarı idarə edən şəxsləri dəyişdirə bilər



Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Nizami rayonunda yerləşən "8-ci kilometr Ticarət Mərkəzi” SC-nin səhmlərinin 99,89 faizinin satılması üzrə investisiya müsabiqəsi elan edib.

Komitədən verilən məlumata görə, 514,981 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər. Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürməlidir. Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayələrin həcminin 5 faizini isə SC-nin hesabına köçürməlidir. 
"8-ci kilometr Ticarət Mərkəzi”nin səhmlərinin satılmasına münasibət bildirən Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, bazardakı satıcıların bir qismi ayrı-ayrı obyektləri əvvəlcədən özəlləşdirib: 
"Mülkiyyətçi ilə icarə müqaviləsi əsasında ticarətlə məşğul olan şəxslər isə fəaliyyət müddətlərini uzatmaq üçün yenidən müqavilə imzalamalıdırlar. Ola bilər ki, yeni mülkiyyətçi bazar qiymətlərində müəyyən artım da edə bilər. Bu da onun hüquqi haqqı olduğu üçün satıcılar nəsə tələb etmək hüququnda deyil”.

S.Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinə uyğun olaraq, bazarı alan şəxs oranın işçilərinə toxunmamalıdır: "Mülkiyyətçi yalnız bazarı idarə edən şəxsləri dəyişdirə bilər. Adi işçilər isə toxunulmamalıdır, çünki Əmək Məcəlləsi bunu birmənalı qadağan edir. Əslində bütün bu məsələlər qanunla tənzimləndiyi üçün cəmiyyətdə ajiotaj yaratmamalıdır. Amma bəzi hallarda bizdə qanunlara riayət edilmədiyi üçün insanlarda narahatlıq yaranıb. Adətən bizdə yeni mülkiyyətçi ucdantutma hamını işdən çıxarır. Ya öz adamlarını gətirir, ya da şərtləri sərtləşdirərək yeni müqavilə imzalayır”.

S.Məmmədov bildirib ki, bəzən bu cür yerlərdə obyektləri ayrı-ayrı satıcılara satırlar, amma mülkiyyət hüququ vermirlər: "Vasmoy” bazarında vəziyyət necədir bilmirəm, amma elə bazarlar var ki, obyektləri satıcıya satır, amma heç bir sənəd vermir. Yeni mülkiyyətçi də gələn kimi satıcının sənədi olmadığı üçün obyekti əlindən alınır. Təzədən ona şərt qoyur ki, alırsansa, yenidən filan qədər pul ver, ya da başqasına satıram. Hüquqi baxımdan satıcının haqqı olmadığı üçün də mülkiyyətçi ilə razılaşmalı olur. Hansı ki, vaxtında pul ödəyib və obyekt onun sayılır”.

Şəymən