“Təhsil Nazirliyi və ali məktəblər qapalı quruma çevrilib”

Ramin Hacılı: “Azərbaycanda heç bir məmur ölkədəki vətəndaş cəmiyyətlərini və medianı saymır”



Əvvəllər universitetlərdə semestr zamanı yaşanan neqativ halların aşkar edilməsi, müəllim və tələbə arasında baş verən korrupsiya faktlarının ortaya çıxarılması məqsədi ilə ayrı-ayrı QHT-lər, ictimai birliklər monitorinqlər keçirirdilər. Vətəndaş cəmiyyətləri tərəfindən keçirilən belə monitorinqlər müəyyən mənada universitetlərdəki rüşvət olaylarına təsirini göstərirdi.

Yəni ifşa olmaqdan qorxan bəzi rüşvətxor müəllimlər tələbədən pul istəməkdən ehtiyat edirdilər. Lakin son zamanlar bu cür monitorinqlər gözə dəymir. Belə çıxır ki, ya iddia edildiyi kimi artıq ali təhsil ocaqlarında neqativ hallar yaşanmır, ya da ictimai birliklərə universitetlərdə monitorinq keçirməyə imkan vermirlər.

Məsələyə münasibət bildirən "Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi və "Demokratiya Akademiyası”nın rəhbəri Ramin Hacılı deyir ki, ali məktəblərdə yaxşıya doğru dəyişən heç nə yoxdur. Vəziyyət elə əvvəlki kimidir. Sadəcə olaraq iflic vəziyyətə düşən vətəndaş cəmiyyətləri bu işlə məşğul olmaq imkanından məhrumdurlar: "Vətəndaş cəmiyyətləri hansısa monitorinqlər, tədbirlər həyata keçirməkdə gücsüzdür. Çox vaxt bu işə qol qoyanda həm maddi, həm də digər səbəblərdən ictimai birliklər özləri pis vəziyyətdə qalırlar. İndiki halda bu istiqamətdə hansısa qrantın alınması da mümkün deyil. Artıq beynəlxalq təşkilatlarla, donorlarla işləmək çətindir. Xarici fonddan maddi vəsait alaraq monitorinqlər keçirmək ciddi başağrısına çevrilib. Bütün bu maneələr vətəndaş cəmiyyətlərinin iflasına gətirib çıxarıb”.

R.Hacılı bildirib ki, QHT-lər aktiv fəaliyyət göstərəndə dövlət məmurları çəkinir və üzərlərinə düşən məsuliyyəti dərk edirdilər. Çünki ifşa olmaqdan qorxurdular: "Amma bu gün onların bağlı qapılar arxasında nə işlə məşğul olduqları bəlli deyil.

Hesab etmirəm ki, universitetlərdə yaşanan neqativ hallar artıq daha az baş verir. Heç bir düzəlişdən, dəyişiklikdən söhbət gedə bilməz. Ali təhsil ocaqlarında müsbət irəliləyişin olduğunu iddia edənlər də yoxdur. Problem ondadır ki, Azərbaycanda heç bir məmur ölkədəki vətəndaş cəmiyyətlərini və medianı saymır. İndiki təhsil naziri də ilk iş günündən etibarən mətbuata olan münasibətini eyniylə QHT-lərə də şamil etdi. Hazırda nazirlik və ona tabe olan universitetlər qapalı quruma çevriliblər”.

İsmayıl