ÖLÜMLƏ gəzirik...

Çindən gələn ayaqqabılar xərçəng yaradır













Türkiyəni vəlvələyə salan zəhərli ayaqqabılar Azərbaycan insanının sağlamlığını da təhdid edir.

Bir neçə müddətdir ki, qonşu Türkiyədə zəhərli ayaqqabılar əsas müzakirə mövzusudur. İşin bu tərəfi müsbətdir ki, Türkiyə hökuməti keyfiyyətsiz, insan sağlamlığı üçün zərərli olan bu ayaqqabıları aşkarlayaraq satışdan çıxarılmasına çalışır. Ölkənin Gömrük və Ticarət Nazirliyi qeyri-qanuni satışa çıxarılan 19 min 920 cüt, 9 model ayaqqabının 2368 cütünün satışdan çıxarıldığını, 1947 cütünün isə hələ də gömrükdəki depoda saxlanıldığını açıqlayıb. Ayaqqabıların zərərli olduğu müayinə zamanı üzə çıxıb.

15 model ayaqqabıdan 12-nin test nəticələri ayaqqabıların istifadəyə yararsız, yəni təhlükəli olduğunu göstərib. Yalnız 3 modelin test nəticəsi bu məhsulların satışa yararlı olduğunu göstərib. Araşdırmalar nəticəsində məlum olub ki, zəhərli ayaqqabılar ölkəyə əsasən Çindən gətirilir.

Çinlilərin "ölüm ayaqqabıları”

Türkiyə mətbuatında yer almış məlumatlara görə, "Denge Enternasyonal Ayakkabıcılık İthalat İhracat. Sanaye ve Ticarət. Ltd. Şti” şirkəti Çində istehsal edilən və tərkibinə təhlükəli kimyəvi maddələr qatılan və "Arow”, "Arow Men” və "Arow Kids” markası adı altında 19 min 920 cüt, 9 model ayaqqabının təhlükəli olduğunu bildiyi halda onları satışa çıxarıb.

Mətbuatın yazdığına görə, bu ayaqqabıların tikilişində istifadə olunan materialların tərkibində hətta xərçəng xəstəliyinə səbəb ola biləcək zəhərli maddələr də var. Lakin tərkibində zəhərli maddələr aşkarlanmış və buna görə də məhv edilmək üçün qablaşdırılmış 25 min ayaqqabı müəmmalı şəkildə yoxa çıxıb. Türkiyə mətbuatının yazdığına görə, İstanbulun Ərənköy Gömrük İdarəsinin apardığı araşdırmalar zamanı 25 510 cüt ayaqqabıda zəhərli maddələrə rast gəlinib və onların idxalına qadağa qoyulub. Ayaqqabıların təyin edilən yerdə məhv edilməsi zamanı isə maraqlı məqam yaşanıb. Belə ki, ayaqqabıların dəyişdirilərək yerinə köhnə və cırıq halda olanları qoyulduğu təsbit edilib. Deməli, kimlərsə, təzə bildikləri ayaqqabıları götürüb, yerinə köhnələrini qoyublar. Amma binəvalar bilmir ki, ayaqlarına ölüm geyinirlər. Məsələ ilə bağlı araşdırmalara başlanılıb və itkin ayaqqabıların axtarışı davam edir.

Türkiyə mətbuatı neçə gündür ki, "zəhərli ayaqqabı”ların şəklini davamlı yaymaqla əhalini maarifləndirməyə çalışır.

Türkiyənin Səhiyyə Nazirliyi qeyd edib ki, sözügedən ayaqqabılarla bağlı görüntülər vətəndaşları məlumatlandırmaq üçün yayımlanır: "Bu məhsullardan satın alan və ya hər hansı bir mağazada satışa çıxarıldığını görən vətəndaşlar aidiyyəti orqanlara müraciət etsinlər. Nazirlik məsələ ilə bağlı yoxlamaları davam etdirir. Araşdırmalar bitdikdən sonra nəticələr ictimaiyyətə açıqlanacaq”.

Hətta məşhur markalar da saxtalaşdırılır

Çinlilər dünyaca məşhur fransız ayaqqabı markası - "Christian Louboutin’e”ni də saxtalaşdırıblar. Amerika Birləşmiş Ştatları gömrük məmurları, dəyəri 18 milyon dollara çatan 20 min 457 cüt saxta "Christian Louboutin” markalı ayaqqabını ələ keçiriblər. Ayaqqabıların 5 ayrı gəmi ilə Çindən göndərildiyi təsbit edilib. ABŞ Gömrük və Sərhəd Qoruma İdarəsinin spikeri Jamie Ruiz, ayaqqabıların məhv ediləcəyini bildirib. Məşhur markanı saxtalaşdırmağı bacaran çinlilərdən nə desən, gözləmək olar.

Bakı da saxta ayaqqabılarla doludur

5-6 manata, topdansatış qiyməti ilə satılan ayaqqabıları hamımız görürük. Hətta ucuzdur deyə, alıb geyinirik də. Amma "ucuz ətin şorbası olmaz” atalar sözünü yadımıza salmırıq. Deyəcəksiniz, kasıb camaatdı, ucuz ayaqqabı alıb ehtiyacını ödəyir. Bəs bu ucuz ayaqqabı ayağımızda nə qədər davam gətirir? Ucuz mal ardınca qaçıb, ikiqat, üçqat zərərə düşmürük ki?! Hələ bu, işin maddi tərəfidir. Əslində, bu ayaqqabıların sağlamlığımıza vurduğu ziyanın dəyəri isə ölçüyəgəlməzdir. Nə qədər insan təzə ayaqqabı geyindikdə barmaqlarının və ya dabanının döyənək olmasından şikayət edir. Bunu, daha çox ayaqqabının yeni olması ilə izah etməyə çalışırlar. Amma heç də belə deyil. Ayaqqabı keyfiyyətsiz olduğu üçün ayaqlarımızı pis günə qoyur, düz-əməlli yeriyə də bilmirik, ayaqlar ayaqqabının içində tərləyib, iylənməyə başlayır. Çünki təmiz dəridən tikilməyib, hava keçirmir. Elə materialdan tikilib ki, ayaqları əzir, dərini sürtür. Ayaqlar rahat olmur, ayaqqabının içində sanki qəlibə salınmış kimi sıxılır.

Kiloqramla alınan, dənə ilə satılan ayaqqabılar

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında bildirdi ki, keyfiyyətsiz ayaqqabılar Çindən də gətirilir, burada - Bakıda da istehsal olunur:

- Burda elə ayaqqabı sexləri var ki, ucuz, keyfiyyətsiz materiallardan ayaqqabı tikirlər. Ayaqqabıların tikilişində əsasən rezin və kauçukdan istifadə olunur. Dəri əvəzinə də dəri əvəzləyicilərindən istifadə edirlər. Keyfiyyətsiz xammaldan ucuz ayaqqabılar tikib satışa çıxarırlar. Ona görə də ayaqqabılar davamlı deyil, ayaqları incidir, insanların ayaqları yara tökür.

Xaricdən gətirilən ayaqqabılar da var ki, bəzən kiloqramla alınır. Amma burada dənə ilə satılır. Görün, bu ayaqqabılar nədən tikilib, hansı keyfiyyətsiz maldan istehsal olunub ki, kiloqramla satırlar.

Təsəvvür edin ki, cütü 5-6 manata satılan ayaqqabılar var satışda. 5-6 manata da ayaqqabı olar?! Məlum məsələdir ki, bu, keyfiyyətsizdir də. Daha bunu yoxlamağa ehtiyac da qalmır. Bu ayaqqabıların hazırlandığı materiallara zəhərli kimyəvi maddələr qatılır. Çində belə ayaqqabıları tullantılardan hazırlayırlar. Onlar daha çox başqa ölkələrə satış üçün nəzərdə tutulur. Bizim iş adamları da onları alıb bazara çıxarır.

Əlbəttə ki, bu mallar insan sağlamlığı üçün hədsiz ziyanlıdır. Elə bilin ki, öz ayağımızda ölüm gəzdiririk. Problem bundadır ki, bizdə müstəqil laboratoriya, müstəqil ekspertiza olmadığından bir çox məhsulların, o cümlədən ayaqqabıların da təhlükəlilik dərəcəsini ictimaiyyətə çatdıra bilmirik. Halbuki kimyəvi maddələrdən hazırlanan ayaqqabılar orqanizmin zəhərlənməsinə, hətta dəri xərçənginin yaranmasına səbəb ola bilər. Əhalinin məlumatlandırma səviyyəsi də, alıcı mədəniyyəti də aşağıdır. Çox adam başa düşür ki, ucuz ayaqqabılar ziyanlıdır, amma yenə də ucuzluğuna aldanıb, onları alır. Yəhudilərin məşhur bir məsəli var, deyirlər ki, mən o qədər varlı deyiləm ki, ucuz mal alım. Bu məsəldə böyük hikmət var...

Məlahət Rzayeva