Rəis icazə vermir

Bir qrup əməkdaş dənizdən sahilə çıxa bilmir



Dövlət Neft Şirkətinin "28 may” Neft və Qazçıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı şöbəsinin bir qrup işçiləri sahilə çıxa bilmirlər. Artıq neçə gündür ki, işçilər növbələrini başa vursalar da, evlərinə dönməkdə çətinlik çəkirlər.

Bu haqda "28 may” NQİ-nin bir qrup əməkdaşı mediaya məlumat veriblər. Onlardan biri olan İdarənin Kommunal Təsərrüfatı şöbəsinin çilingəri Həsən Əlişov noyabrın 25-dən iş növbəsinin bitməsinə baxmayaraq hələ də sahilə çıxa bilmir və evə gedə bilmədiyindən şikayət edir: "Burada mühasirəyə düşmüşük, çıxa bilmirik. Niyə? Özüm də xəstəyəm, iki dəfədir qızdırmam olur, ev şəraitində qanuni istirahət günümdən istifadə etməklə müalicə almaq istəyirəm. Amma idarənin rəisi Rövşən Qarayev nəinki bizi eşidir, problemi dinləyir, ümumiyyətlə, bizi qəbul etmir. Mühafizəçiləri bizi yaxına buraxmır. Sanki rəisə dəniz quldurları hücum çəkəcək”.

Məsələ ilə bağlı ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev "Şərq”ə açıqlamasında bildirib ki, həmin ərazidə belə bir problem yoxdur: "Səhər saatlarında (dünən-red) maraqlanıb aydınlaşdırmışam. Bütün işlər növbəli iş qrafiki əsasında davam etdirilir”.

Qeyd edək ki, "28 may” NQÇİ-nin işçiləri bugünləri (dünən-red) dənizdən "Təzadlar” qəzetinin redaksiyasına zəng edərək artıq ARDNŞ tərəfindən tədbirlər görülərək 2 gəmi verildiyini bildiriblər.

Vüqar Şahinoğlu