“Neylədi ki, ayaqlarını göstərdi də...”

Hadı Rəcəbli: “”Şpaqat”dan sonra Mətanətə hörmətim artdı”

Son günlər şou verilişlərin aparıcılarının efirdə etdikləri hərəkət və davranışlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Ötən gün ATV telekanalının "Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın efirdə "şpaqat” açması geniş müzakirəyə səbəb olub.

Movqe.az bu məsələ ilə bağlı millət vəkillərinin münasibətini öyrənib. Millət vəkili Hadı Rəcəbli aparıcının bu hərəkətini alqışladığını söyləyib: "Şəxsən Mətanət bu hərəkəti ilə mənim gözümdə ucaldı. Bunu yazın, xahiş edirəm! Mənim Mətanətə olan hörmətim daha da artdı. Burda axı pis nə var ki? Millətə dedi ki, gedin idman edin. Bəyəm bu pisdir? Mətanət bu hərəkəti ilə öz bacarığını nümayiş etdirdi. Və nümunə göstərdi ki, mən bunu edə bilirəmsə sizdə edin”.

Hadı Rəcəbli deyib ki, aparıcının o libasda etdiyi hərəkətə görə qınayanlar da düzgün etmir: "Neylədi ki, ayaqlarını göstərdi də. Bəs şou aparıcı necə olmalıdır?”.

Millət vəkili Fazil Mustafa da bu hərəkətə görə aparıcını qınamayıb: "Mətanət idman hərəkəti edib. Sadəcə həmin hərəkəti şalvar geyib etsəydi daha yaxşı olardı. İnsanlar bunu niyə müzakirəyə çıxardırlar ki? Tamaşaçının haqqı var ki, həmin verilişə baxmasın. Kimin xoşu gəlmirsə, kanalı dəyişsin”.

Millət vəkili deyib ki, bu cür verlişlərdə Nizami Gəncəvinin "Xəmsə”sindən danışmaq da yersizdir: "Çünki heç kəs buna qulaq asmayacaq. Etiraf edək ki, müəyyən bir kütlə bu cür verilişləri sevə-sevə baxır və tələbat da var”.