Bakıda KÜTLƏVİ İNTİHAR cəhdi

Pullarını ala bilməyən 6 fəhlə özünü atmaq istədi



Bu gün Bakıda bir qrup şəxsin tikintisi davam etdirilən çoxmərtəbəli binada intihara cəhd etməsi olayı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisənin ilkin olaraq Səbail rayonu ərazisində baş verdiyi bildirilsə də, dəqiqləşdirmələrdən sonra ərazinin Yasamal rayonuna aid olduğu məlum olub.
Bildirilir ki, həmin tikilən binada çalışan və pullarını ala bilməyən 5-6 fəhlə binanın ən hündür mərtəbəsinə çıxıb. Onlar tikinti rəhbərliyindən pullarını tələb edirlər və əks halda özlərini ataraq intihar edəcəklərini deyirlər.
Bakıda binanın damına çıxaraq intihara cəhd etmək istəyən şəxslər fikirlərindən daşındırılaraq aşağı düşürülüblər.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycan prospekti, 1 a ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının damına çıxan şəxslər Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının apardıqları danışıqlar nəticəsində fikirlərindən daşınıblar.
Aşağı düşürülən şəxslər tikinti şirkətlərindən birində fəhlə kimi çalışdıqlarını, gecikdirilən əmək haqlarını tələb etdiklərini deyiblər. Lakin onlar çalışdıqları tikinti şirkətinin adını bilmədiklərini söyləyiblər.
1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Fehruz oğlu, onun qardaşı, 1988-ci il təvəllüdlü Sərxan Məmmədov, 1988-ci il təvəllüdlü Bağırov Şamxal Məhərrəm oğlu, onun 1985-ci il təvəllüdlü qardaşı Vüqar Bağırov, 1986-cı il təvəllüdlü Əliyev Aqil İbrahim oğlu və 1995-ci il təvəllüdlü Salahov Həsrət Mustafa oğlu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıblar.