Küveytin Bakıdakı səfiri oğurlanan pullarından danışdı

Banka müraciətdən sonra pullar səfirin hesabına qaytarılıb



Küveytin Azərbaycandakı səfirinin bank kartından pul mənimsəmiş şəxs müəyyən edilib.
Virtualaz.org saytının Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının bank fəaliyyətinin təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək cari il iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirib.
Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəsisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.
Küveytin Azərbaycandakı səfirliyi səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin hesabından külli miqdarda pul vəsaitinin mənimsənilməsi ilə bağlı məsələni şərh edib.
Səfirlikdən "Report"a bildirilib ki, belə bir insident baş verib, lakin diplomatik nümayəndəlik bununla bağlı polisə müraciət etməyib.
Səfirlikdən həmçinin bildiriblər ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında bu məsələ ilə Daxili İşlər Nazirliyi (DİN) məşğul olur. Həmçinin qeyd olunub ki, banka müraciətdən sonra pullar səfirin hesabına qaytarılıb.
"Bu məsələ ilə bağlı hər hansı bir səfirlik əməkdaşının həbs olunub-olunmaması haqqında məlumat yoxdur" - səfirlikdən bildirilib.


Virtualaz.org saytı xatırladır ki, 33 il diplomatik fəaliyyət təcrübəsinə malik Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi 2013-cü ilin noyabrında Azərbaycana səfir göndərilib. O, Azərbaycandan əvvəl öz ölkəsinin Argentinadakı səfiri olub. 6 övlad sahibi olan səfirin uşaqlarından ikisi Azərbaycan Diplomatik Akademiyasında təhsil alır.