“Rusiya haqda deyiləsi və deyilməyən məqamlar var”

Aydın Ağayev: “Məqsədimiz isə odur ki, Rusiya hakimiyyətində Azərbaycanın ədalətli mövqeyi daha yaxşı başa düşülsün”



Bu il Dağlıq Qarabağ konflikti zonasında, təmas xəttində gərginliyin artmasının tez-tez müşahidə olunduğunu deyən rusiyalı publisist və siyasi analitik Andrey Piontkovski hesab edir ki, belə vəziyyətdə Ermənistan hakimiyyəti daha diqqətli olmalıdır. İrəvanın ehtiyatlı şəkildə Moskvaya tabe olmasının lazımlığını vurğulayan rusiyalı politoloq qeyd edib ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı kimi çıxış edir və onun strateji tərəfdaşıdır.

"Cəbhə xəttində vəziyyətin vaxtaşırı gərginləşdirilməsi Kreml tərəfindən şüurlu şəkildə həyata keçirilir” deyən Piontkovskiyə görə, bu, Azərbaycan və Ermənistana təzyiq rıçaqları vasitəsidir: "Ermənistana münasibətdə bu siyasət onun Avrasiya layihələrinə qoşulması baxımından daha effektli alınır”.

Piontkovskinin dediklərinin nə dərəcə həqiqətə uyğun olduğu və doğru olduğu təqdirdə Kremlin hansı məqsədlə cəbhədə gərginliyi artırmasına münasibət bildirən Milli Məclisin Analitik informasiya şöbəsinin müdiri, Aydın Ağayev zaman-zaman rusiyalı və qərbli diplomatlar, politoloqlar tərəfindən bu cür iddiaların irəli sürüldüyünü bildirib:

"Piontkovskinin dedikləri bizim üçün yeni bir şey deyil. Rusiyada bu cür düşünənlər var. Bizim isə Rusiya ilə münasibətlərimizdə, əlaqələrimizdə dediyimiz və çalışdığımız odur ki, böyük şimal qonşumuz ilə əlaqələrimiz pozulmasın və daim yaxşı səviyyədə olsun. Bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev Rusiya telekanallarından birinə verdiyi müsahibəsində də xüsusi vurğulayıb: "Rusiya ilə Azərbaycan münasibətlərində heç bir problem yoxdur”. Rusiya ilə münasibətlərə yanaşmada bu mənim üçün baza prinsipidir. Bir daha təkrar etməyi lazım bilirəm ki, Piontkovskinin dedikləri kimi bəyanatlar Rusiyada və qərbdə çox tez-tez səslənir. Bu yaxınlarda Avropada və Amerikada kifayət qədər tanınan siyasi ekspert Pol Qobl da bu ruhda bir açıqlama vermişdi. O hətta Dağlıq Qarabağ münaqişəsində Rusiyanı üçüncü tərəf adlandırmışdı. Onların fikirləri bəllidir. Bizim üçün bəlli olan isə bu münaqişənin nizama salınması məsələsində Rusiya amilinin son dərəcə mühüm olmasıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın imkanlarını da, təsir imkanlarını da başa düşməkdə çətinliyimiz yoxdur. Bütün bunları biz bilirik və öz siyasətimizi də bu istiqamətdə qururuq. Rusiya ilə münasibətlərdə deyiləsi, deyilməyən bir sıra məqamlar var. Məqsədimiz isə odur ki, Rusiya hakimiyyətində Azərbaycanın ədalətli mövqeyi daha yaxşı başa düşülsün, dərk olunsun və onların münaqişənin həlli istiqamətində mövqeləri dəyişsin və bunun fonunda müəyyən addımlar atılsın. Bu proses artıq gedir və bununla bağlı Azərbaycan tərəfi işləyir. Təbii ki, mürəkkəb bir münaqişə ətrafında bir o qədər də mürəkkəb oyunlar, siyasi yanaşmalar var. Böyük dövlətlərin, o cümlədən də Rusiyanın öz mənafeləri var. Biz bunu bilirik və danmırıq. Amma bizim üçün vacib olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin pisləşməsi yox, münasibətlərin hərtərəfli inkişafı fonunda nəyəsə nail olmaqdır”.

Şəymən