7 ildir yox idi...

İstanbulda göründü, səhnə coşdu...


Türkiyenin TV 8 kanalında yayımlanan "O ses Türkiye” yarışmasının dekabrın 1-də keçirilən bölümündə azərbaycanlı ifaçı qardaş ölkəni heyrətləndirib.

"Eurovision 2008”-də ölkəmizi təmsil edən Elnur Hüseynov çıxışı ilə münsiflər heyətini və tamaşaçıları sözün həqiqi mənasında şoka salıb. Həm münsiflərin, həm də zaldakı tamaşaçıların israrları ilə Elnur daha bir neçə mahnı ifa edib, hər dəfə də alqışlar qazanıb. İfaları o qədər peşəkar və təsirli olub ki, münsiflərdəkilər azərbaycanlı yarışmaçını ayaq üstə alqışlayıblar. Bütün münsif üzvləri bildiriblər ki, indiyədək belə ifaya, bu cür səsə rast gəlməyiblər.

Müğənni Ebru Gündeş Elnur haqda "İndiyədək Türkiyədə keçirilmiş mahnı yarışmalarda belə səs və ifa olmayıb” deyib. Onun bu sözlərinə həmkarları da dəstək verib. Sonda Elnura hansı jüri iştirakçısının komandasında təmsil olunmaqla bağlı zaman verilib. Hər kəs azərbaycanlı ifaçını öz komandasına cəlb etmək istəyib.

Elnur ən sonda qərarını verib. O, "O səs Türkiye” yarışmasında Ebru Gündeşin komandasında təmsil olunmağı seçib. E.Gündeş onun bu qərarını səhnəyə çıxaraq böyük sevinclə qarşılayıb. Hətta dəfələrlə azərbaycanlı iştirakçını öpərək, qucaqlayıb.

Elnur Rusiyanın "Səs” yarışmasından imtina etdi

"O səs Türkiyə”dəki çıxışı ilə hər kəsi heyrətləndirən Elnur Hüseynov maraqlı açıqlamalar verib. İfaçı Rusiyada keçirilən "Qolos” ("Səs”) yarışmasından imtina etdiyini bildirib: "Dostlarım məni Rusiyadakı yarışmaya yazdırmışdılar. Daha sonra zəng etdilər ki, gəl. Həmin vaxt Türkiyədən də xəbər gəldi. Dostlarıma dedim ki, bağışlayın, mən İstanbula gedəsi oldum”.

Türkiyə mediası Elnurdan yazır

İfasından sonra "Eurovision 2008” təmsilçimiz Elnur Hüseynov Türkiyə mediasının əsas gündəminə çevrilib. Axşam.az qardaş ölkənin mediasında Elnurla bağlı manşetə çıxan xəbər başlıqlarını təqdim edir:

Televizyongazetesi.com: "O səs Türkiyə”yə damğa vuran azərbaycanlı iştirakçı”

acunn.com "Jüri onu ayaqüstə alqışladı”

gecce.com: "O səs Türkiyə”də Elnur rüzgarı”

Canlihaber.com: "O səs Türkiyə”nin yeni bölümündə təəccübləndirən səs”

F5haber.com: "O səs Türkiyə” ilə Türkiyədə gündəmə çevrildi”

Dailymotion.com: "O səs Türkiyə”yə damğa vuran iştirakçı”

Akilli.tv: "Azərbaycanlı iştirakçı Elnur Hüseynov "O səs Türkiyə”ni silkələdi”

Haber3.com: "O səs Türkiyə” belə səs görmədi”

Haberahval.com: "O səs Türkiyə”yə inanılmaz istedad çıxdı”

Mynet.com: "Azərbaycanlı iştirakçı gecəyə damğa vurdu”

Stargazete.com "Elnur Hüseynov söylədi, münsiflər ayaqüstə alqışladı”

Sancakhaber.com: "Türkiyə bu səsdən danışır: Elnur Hüseynov”

Taseronhaber.com: "Elnur Hüseynovun "O səs Türkiyə”də mükəmməl performansı”

Şou əhli Elnur Hüseynovdan danışdı

Türkiyəni heyran edən ifaçının çıxışı haqda Azərbaycanın tanınmış simaları da fikirlərini sosial şəbəkədə bölüşüblər. qafqazinfo tanınmış simaların fikirlərini təqdim edir:

Xalq artisti Faiq Ağayev: "Uğurlar sənə, istedad”.

Əməkdar artist Sevda Ələkbərzadə: "Bax nə zaman ki ölkəni belə səs bu səviyyədə, vokalist təmsil edirsə, xoş və fəxredicidir. Uğurlar, Elnur”.

Aktrisa Məlahət Abbasova: "Tv 8” "O Səs Türkiyə”dəki Elnur superdir. Azərbaycanlı olaraq qürur duydum. İnsallah, bir çox insana olduğu kimi onun üçün Türkiyə gözəl bir dönüş nöqtəsi olar”.

Rejissor Kənan M.M.: "Bax biz belə millətik. Qədrini bilmədiyimiz Elnur, restoranlarda itib-batan Elnur "O Səs Türkiyə”də hər kəsi ayağa qaldırdı. Halal, halal, halal O Səsə, Azərbaycan Türkiyə deyil”.

Bəstəkar-aparıcı Murad Arif: "Fəxarət anı... Elnur, nə olar, bu dəfə şöhrətdən doğru istifadə et və anla, sən gözəl ifaçı olsan da, işləməsən də unudulacaqsan. 5000 dostum var, 4999-u Elnurdan yazır... Hamısı da deyir ki, burada qiymət verilmədi.

Nə bilim, vallah... Bir dəfə Elnurun ifasını siz özünüz paylaşdığınız gün olmadısa, kim qiymət verməyib?

Mən və bacım Könül Arifqızı onu dəfələrlə proqrama çağırdıq. Bildiyim qədər, bütün kanal və radiolar əməkdaşlıq üçün müraciət edib. Adam özü efirə meylli deyil, bir az da tənbəldir. Amma siz... Bəli! Siz... Təki şikayət etməyə səbəb tapasınız. Sizin kimi elnurlardan qaçır Elnur. Kanalların günahı yoxdur. Toyunuza, tədbirinizə kimləri çağırıb ətək-ətək pul verirsiniz? Siz sağ, mən salamat. 3-4 aydan sonra yadınıza salacağam bu söhbəti. Görüm Azərbaycan xalqı özü öz istedadını itirib-axtarırmı?”

"Eurovision-2008” təmsilçimiz Samir Cavadzadə: "Və birdən qəfildən oyandılar və bizimkilər istedadı xatırladılar. Ağıllı! Uğurlar! Afərin sənə ki, məhz bu mahnını oxudun”.

Müğənni Nura Suri: "Sizi bilmirəm, amma mən Samir Cavadzadə və Elnur Hüseynovun qədrini əvvəldən bilmişəm. Onlarla mütəmadi görüşürəm və dostluq edirəm. İmkanım olsa, sponsorluq da edərəm. Heyf ki, əlimdə elə imkanım yoxdur. Onları "Eurovision”a getməzdən əvvəl tanıyıram və istedadlarına bələdəm. Bir gün onlar da Əzizə Mustafazadə kimi çıxıb gedəcəklər”.

Model Günay Musayeva: "”O SəsTürkiyə”də inanılmaz bir səs, bu günə qədərki ən yaxşı səsə sahib iştirakçı Elnur Hüseynov, uğurlar”.

Teleaparıcı Aytən Səfərova: "Hamı ağızdolusu Elnur Hüseynovdan danışır.

Bəs nə oldu, ay onu səsinə qiymət verməyib orientasiyasına görə qınayıb buralardan küsdürənlər? Orientasiyanın insanın istedadına və elə insanlığına heç bir aidiyyatı yoxdur. Azərbaycan şou-biznesi iylənib. Nə qədər eyni adamları görmək olar? Mən hələ səhnəyə cavanları buraxmayan, onları hər yerdə pisləyib, sifətini çevirən yaşlı xalaları və üzünü dartdıran bığlı dayıları demirəm. Yeməyənin payını yeyərlər. Elnura Türkiyədəki fəaliyyətində uğurlar arzulayıram”.

Teleaparıcı Zemfira Adıgözəlova: "Acı da olsa, gerçək: Bundan sonra Elnuru aeroportda qarşılayacağıq, onun haqda süjetlər və verilişlər edəcəyik, Elnurun səhifəsində bir şəkil çıxan kimi saytlar yayacaq. Elnurun Türkiyədəki uğurlarını oturub izləyəcəyik, o, azərbaycanlıdır deyəcəyik. Amma buna qədər Elnur bizim hələ "Eurovision”dan fəxrimiz olub və nə edirdi, harada idi, necə dolanırdı - bu sizi maraqlandırmırdı. Heyf ki, bu bizik”.

"Niyə kimsə indiyədək Elnuru axtarmırdı?”

Bəstəkar Gövhər Həsənzadə də "O səs Türkiyə” yarışmasında uğurla çıxış edən ifaçı Elnur Hüseynov haqda danışıb.

O, "Eurovision” yarışmasından sonra Elnura qarşı böyük diqqətsizliyin olduğunu deyib:

"Yeddi ildir Elnur yox idi. Niyə kimsə indiyədək onu axtarmırdı? Hamı deyir tənbəldir. Kimsə onun 2008-ci ildə yarışmadan qayıtdıqdan sonra necə yaşaması, evinin kirayə pulunu necə ödəməsi haqda maraqlandımı? Çox ağrılı haldır. Elnur "Eurovision”da insanları ayağa qaldırdı. Yeddi illik fasilədən sonra Türkiyədə belə uğurla çıxış etdi. Kaş elə bizim estrada ifaçılarımız da bütün günü efirə çıxıb maşından, geyimdən danışmaq əvəzinə, evdə yatıb, 7 ildən sonra belə partlayış edəydilər. Elnur xalqın fəxridir, bizim sənətkarımızdır. 2010-cu ildən bu yana estradamızın vəziyyəti acınacaqlı haldadır. Niyə Elnur Hüseynov, Samir Cavadzadə kimiləri üzə çıxarmırıq? Mən uzun illərdir sənətlə bağlı nə Samirlə, nə də Elnurla danışıram. Yaralarını tərpətmək istəmirəm. Çünki onların yanında xəcalətli qaldım, söz verdiyim albomu çıxara bilmədim. Onların gözəl mahnıları var, amma hamısı studiyada "yatır”. Mənim imkanım yoxdur, onları üzə çıxarım. Elnuru hansı məclisə çağırmışam gəlib. İndi mətbuatda yazılır ki, guya Elnur tənbəldir. Ona zəng vurub başqa mövzuda suallar verirdilər, sənətini soruşan olmurdu. Elnur da, Samir də "Eurovision”da peşəkarcasına çıxış etdilər. Amma sonra dəstək görmədilər, özləri də incidi. Dünən Samirlə danışırdım, zarafatla deyir ki, bəlkə mən də o yarışmaya gedim?”.

Qeyd edək ki, G.Həsənzadə "Eurovision 2008”də Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi "Day after day” mahnısının müəllifidir.