Həcc ziyarəti

Rauf CƏBRAYILOV, İlahiyyatçı



İnsan bir varlıq kimi yaranandan onun üzərinə Allah tərəfindən ilahi hidayət yoluna yönələ bilmək və kimliyini dərk etməkdən ötrü müxtəlif mükəlləfiyyətlər qoyulmuşdur. Bu mükəlləfiyyətlər daim insana yaradılış şüuru aşılamış, inkarçı təfəkkürlərə tövhid zərurətini xatırlatmış və əqli düşüncəyə sahib olanların ibrət alması üçün həm də xəbərdarlıq rolunu oynamışdır. İlahi qayda-qanunlar insanlara özlərindən seçilmiş nümunəvi əxlaqa sahib elçilər tərəfindən çatdırılmışdır. Bu elçilərin gətirdiyi şəriətlər bəzən inkar edilir, bəzən isə zaman keçdikcə, təhrif olunaraq insanların öz istəklərinə uyğunlaşdırılırdı. Artıq elə bir dövr gəlib çatmışdı ki, Allahın göndərdiyi elçilərə nəinki tayfası, heç öz ailə üzvlərinin də hamısı iman gətirmirdi.

Məsələn, 950 il ömür sürmüş Həzrət Nuh öz qövmünə ilahi şəriəti təbliğ etsə də, ona öz ailə üzvləri (arvadı və bir oğlu istisnadır) və yaxınlarından başqa demək olar ki, iman gətirən olmadı. Bu səbəbdən də uca Allahı inkar edənlərin Allah tərəfindən inkarı baş verdi. Onlar "böyük subasma” adlandırılan suların yerdən qaynaması, aramsız yağış yağması və çayların daşması nəticəsində su ilə həlak edildilər. Bundan sonra yer üzərində ilahi qayda-qanunları özündə ehtiva edən tək Allah dininin açıq nişanəsinə, dinin və insanların qiyamətədək rəhbəri ola biləcək peyğəmbərə ehtiyac yaranmışdı. Uca Allah öz həlimliyi, əxlaqı, tək Allaha imanı ilə seçilən

Həzrət İbrahimi (ə) bu şərəfli vəzifəyə layiq bildi. Həzrət İbrahim (ə) oğlu İsmayıl ilə bərabər Məkkə adlı yerdə Allahın ilk evi olan Kəbəni inşa etdi. Bəzi tarixçilərin yazdığına görə, Kəbə evini ilk inşa edən şəxs Həzrət Adəm olmuş, "böyük subasma” zamanı bu ev də dağılmışdır. Həzrət İbrahim Kəbə evini məhz əvvəlki yerində tikmişdir.

Allah bu evi insanların Onun əzəməti qarşısında baş əyməsi, qüdrət və səltənətinin təsdiqi, onların bağışlanma məkanı, imanlarının möhkəmləndirilməsi üçün əmin-amanlıq yurdu və daim pənah gətirəcəkləri müqəddəs məscid qərar verdi. Bu evin təvaf edilməsi bütün insanlara vacib sayılmışdır. Uca Allah Həzrət İbrahimi (ə) həm də öz dininin başçısı seçmişdir. Çünki ondan törəyən insanlar gələcəkdə müxtəlif millətlərə və dinlərə ayrılacaqdı. Beləliklə, bəhs edəcəyimiz bu mövzu Allahın yer üzərində birinci inşa olunmuş evinin ziyarəti, Həzrət İbrahimin (ə) və onun ailəsinin tövhid dininə bağlılıq əməllərinin müsəlmanlar tərəfindən təkrar olunması haqqındadır.

İslam dininin əsasını təşkil edən böyük vacib ibadətlərin sonuncusu olan Həcc ziyarəti tək olan Allahın müsəlmanların timsalında bütün insaniyyəti Həzrət İbrahimin (ə) hənif dininə tərəf yönələrək Allah yolunda səfərə çıxmağa səsləyir. Bu səfər müsəlmanların kafirlərə qarşı silahlı mübarizə səfəri deyil. Həcc səfəri bütövlükdə Allahın "baş evi”nin ziyarət olunmasını, Allahla insan arasında əhdləşməni, insanın geriyə dönməmək şərtilə tövhid dininə birdəfəlik bağlanması haqqında qəti qərarını, böyük günahlardan tövbə etməsini, bir sözlə, insanın Allahla saziş bağlamasını ehtiva edir. Həcc ibadətinin əsasını Kəbənin ziyarəti təşkil edir. Bu haqda "Qurani-Kərim”də deyilir: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki (Məkkədəki) evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və döğru yol qaynağıdır”. (Ali-İmran,96)

Kəbə evi yer üzərində inşa olunmuş ilk Allah evi olmaqla yanaşı, həm də müsəlmanların qibləsi rolunu oynayır. Yer kürəsinin hər bir bölgəsindən ibadət edən müsəlmanlar üzlərini bu qibləyə tərəf döndərməlidirlər.

Kəbənin Allah tərəfindən qiblə edilməsi Hicrətin ikinci ilində (miladi 624-cü il) baş vermişdir. Əgər Hicrətin əvvəllərində bütün müsəlmanlar Qüds şəhərində əl-Əqsa məscidinə tərəf üz tutub namaz qılırdılarsa, Hicrətdən on altı ay sonra qiblə Qüdsdən Kəbəyə doğru çevrilmişdi. Bu hadisə Həzrət Peyğəmbər (s.ə.s) "Bəni Selemə” məscidində "zöhr” namazını qılan vaxt baş vermişdi. Namazın ikinci rükətinin rükusunda olan zaman Peyğəmbərə (s.ə.s) əl-Bəqərə surəsinin 144-cü ayəsi nazil olur: "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!..” Beləliklə, Mədinə şəhərində Bəni Selemə yurdundakı bu məscid o zamandan indiyədək "Məscidil Qibləteyn”, yəni ikiqibləli məscid kimi tanınır.

"Həcc”in lüğəti mənası "təzim ediləcək yer və məqamlara ziyarətə getmək” deməkdir. Dini termin olaraq həcc hicri-qəməri təqvimlə zilhiccə ayının müəyyən günlərində Məkkə şəhərindəki müqəddəs məkanların xüsusi qaydalar çərçivəsində ziyarət edilməsinə deyilir. Yetkinlik yaşına çatmış, əqli cəhətdən qüsursuz, maddi imkanı olan hər kəsin ömründə bir dəfə həccə getməsi vacibdir. "Qurani-Kərim”də uca Allah həccin vacibliyi barədə buyurur: "Orada aydın nişanələr-İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin Həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!” (Ali-İmran,97). Ayə bizə Həcc ziyarətinin hər bir imkanlı müsəlmanın Allah qarşısında bəndəlik borcu kimi şərəfli bir vəzifə olduğunu qəti ilahi hökmlə təsdiqləyir.

Həcc əməllərinə aid olan dini terminlər bunlardır: Miqat, ehram, təlbiyə, hərəm, Ərəfat, Müzdəlifə, Mina, təvaf, Kəbə, səy, Səfa və Mərvə, rəmyi-cəmərat, cəmərə, təqsir, qurban, təşriq günləri, ümrə.

"Miqat” sözünün lüğəti mənası "bir işi yerinə yetirmək üçün verilən müddət, bir işin məkanı” deməkdir. Dini anlamda isə Həcc və Ümrə niyyətilə hərəm bölgəsinə gələnlərin ehram bağladıqları yerlərdir. Ehramsız halda bu hüdudları keçmək qadağandır. Lakin miqat yerinə çatmadan da ehrama girmək olar.

Ehram Həcc və ya Ümrə niyyəti edən şəxsin digər vaxtlarda halal olan bir sıra əməlləri sözügedən ibadətlərin rüknləri tamamlanıncaya qədər özünə haram etməsinə deyilir. Ehrama girməzdən əvvəl dırnaqları tutmaq, təmizlik məqsədilə qüsl almaq, ətirlənmək, ehram adlanan iki ədəd tikişsiz parçadan ibarət örtüyə bürünmək (bu cür ehram bağlamaq yalnız kişilərə aiddir. Qadınların ehramı isə geyindikləri örtülü libaslarıdır), iki rükət namaz qılmaq sünnət sayılır. Ehramın iki rüknü vardır: niyyət və təlbiyə. Niyyət həcc və ya ümrə etməyi qərara almaqdır. Niyyətin dil ilə edilməsi müstəhəbdir. Niyyət və təlbiyədən sonra ehramın qadağanları qüvvəyə minir.

"Təlbiyə” sözünün lüğəti mənası "itaət etmək, əmri yerinə yetirmək” deməkdir. Həcc və ya Ümrə üçün ehrama girən şəxsin aşağıdakı cümlələri söyləməsinə deyilir: "Ləbbeyk Allahümmə ləbbeyk. La şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulk la şərikə ləkə ləbbeyk”. Tərcüməsi: "Buyur, ey Allahım! Həmişə əmrindəyəm. Sənin əsla şərikin yoxdur. Əmrindəyəm, ey Allahım! Bütün həmdü sənalar və şükürlər Sənədir. Bütün nemətlər Səndəndir və Sən var olan hər şeyin sahibisən. Sənin əsla şərikin yoxdur”.

"Hərəm” sözünün ərəb dilindən tərcüməsi "qadağan olunmuş yer” deməkdir. Dini termin olaraq "hərəm” Məkkə ətrafındakı müəyyən müqəddəs ərazilərə deyilir. Həmin əraziyə yalnız ehram geyinmiş halda daxil olmağa icazə verilir. Hərəm ərazisinə daxil olduqdan sonra bəzi əməllər insana haram olur. Məsələn, hərəmin hüdudları daxilində ov etmək, ağacları sındırmaq, bitkiləri məhv etmək qadağandır.

Ərəfat səhrası Məkkənin 24 kilometrliyində olan geniş bir yerdir. Ərəfat səhrasına bu adın verilməsinin səbəbi odur ki, Həzrət Cəbrail Həcc əməllərini Həzrət Adəmə (ə) öyrədəndən sonra ona xitab edərək deyir: "Ərəftə” tanış oldun, yəni Həccin əməllərini bildin?” Adəm (ə) cavab verir ki, "Ərəftu” bildim. Elə buna görə də bu səhraya Ərəfat deyilir.

Müzdəlifə Ərəfat ilə Mina arasında yerləşən uzun bir səhradır. Buranın başqa bir adı da Məşərul-Həramdır. Zilhiccə ayının onuncu gecəsi, yəni günortadan gün batana qədər Ərəfatda olduqdan sonra hacılar gecə səhərə qədər burada niyyət edib hava işıqlanmadan Minaya yola düşürlər. "Qurani-Kərim”də deyilir: "...Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki, siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!” (Əl-Bəqərə,198).

Mina Məkkənin şərqində, Ərəfat dağına gedən yolun üstündə, Məkkə ilə Müzdəlifə arasında olan məkana deyilir. "Bu yer Məhəmməd Peyğəmbərlə (s.ə.s) mədinəlilər arasında keçirilən müzakirələrə görə məşhur olan Əqəbədir. Minaya "qoç qurban edilən yer” deyilir. Hacılar burda qurbanlarını kəsir və üç gün qalırlar”. (Ziya Bünyadov, "Dinlər, təriqətlər, məzhəblər” kitabı). "Qurani-Kərim”də deyilir: "Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kəbə) istiqamətindədir”. (Əl-Həcc,33).

Təvaf Həcc və Ümrə ziyarətlərinin vacib hissəsi olub ehram geyinmiş halda Kəbənin ətrafında yeddi dəfə dövrə vurmağa deyilir. Hər dövrə şovt adlanır. Təvaf Kəbənin "qara daş” yerləşən küncünün bərabərindən başlanır və yeddi dövrədən sonra orada qurtarır. Fırlanmanın istiqaməti saat əqrəbi hərəkətinin əksinədir. Ümrə təvafı istənilən gündə, Həcc təvafı isə zilhiccə ayının onunda (Qurban bayramı günündə) həyata keçirilir.

Kəbə yuxarıda göstərdiyimiz kimi yer üzərində inşa olunmuş ilk Allah evidir. Hazırkı Kəbə Həzrət İbrahimin (ə) oğlu İsmayıl ilə tikdiyi evdir. Başqa bir rəvayətə görə, Kəbəni ilk inşa edən Həzrət Adəm (ə) olmuşdur. Amma zaman keçdikcə Kəbə evi unudularaq baxımsız hala gəlmiş və nəticədə də uçulub-dağılmışdı. Həzrət İbrahim (ə) Kəbəni əvvəlki evin bünövrəsi üzərində ucaltmışdır. Əlbəttə ki, Kəbənin əvvəlki ölçüsü indikindən dəfələrlə kiçik idi. Bu müqəddəs ev müsəlmanların qibləsidir.

"Səy” Kəbənin yaxınlığında yerləşən Səfa və Mərvə təpələri arasında 7 dəfə o baş bu başa yürüməkdən ibarətdir. Hərəkət Səfa təpəsindən başlanır və Mərvə təpəsində qurtarır. Səyin tarixçəsi Hacər və oğlu İsmail ilə əlaqədardır. Həzrət İbrahim (ə) onları indiki Məkkə ərazisində buraxıb getdikdən sonra suları qurtaran və uşağının susuzluqdan əziyyət çəkdiyini görən Hacər xanım bu təpələrin arasında yüyürüb su axtarmağa başlayır. Yeddi dəfə yüyürdükdən sonra su tapmaqdan ümidini üzür. Bu zaman möcüzə baş verir və durduqları yerdən bulaq qaynamağa başlayır. Bu bulaq Zəm-zəm adlanır. "Qurani-Kərim”də deyilir: "(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur...” (Əl-Bəqərə,158).

"Rəmyi-Cəmarat” Mina vadisində İblisi simvolizə edən üç sütuna daş atmaqdır. Atılan daşlar "cəmrə” adlandığı üçün, bu mərasimə də "rəmyi-cəmərat” deyilir. Hacılar Zilhiccə ayının doqquzundan onuna keçən gecə Müzdəlifə vadisində 70 ədəd xırda daş (cəmrə) toplayırlar. Qurban bayramı günü səhər Müzdəlifədən Minaya gəlir və üç sütundan birini-ən sonda yerləşən Əqəbə sütununu daşlayırlar. Sütuna 7 ədəd daş atmaq lazımdır və daşların hamısı hədəfə dəyməlidir. Daşları bir-bir atmaq lazımdır. Əqəbə sütununu daşladıqdan sonra hacılar Həcc əməllərini davam etdirirlər. Zilhiccə ayının 11-də, 12-də və 13-də Minada qalmaq lazımdır. Həmin günlərdə də hacılar sütunlara daş atmalıdırlar. Amma bu dəfə sütunların hər üçünə daş atırlar. Hər gün 3 sütunun hərəsinə 7 daş atılır. Əqəbə sütunu ən sonda daşlanır. Beləliklə, Həcc mərasimi ərzində İblisi simvolizə edən sütunlara cəmi 70 ədəd daş atılır.

Şeytanın daşlanması mərasiminin tarixçəsi də Həzrət İbrahim (ə) və onun ailəsi ilə bağlıdır. Yuxuda öz sevimli oğlunu qurban kəsməsi barədə Allahdan vəhy alan Həzrət İbrahimi (ə) İblis yolundan döndərməyə çalışır. Həzrət İbrahim (ə) İblisi daşla vurub qovur. Bundan sonra İblis Hacər xanımın, sonra isə İsmayılın gözünə görünüb onları bu işdən yayındırmağa cəhd edir. Amma onların hər üçü İblisi daşlayıb özlərindən uzaqlaşdırırlar. Şeytanın daşlanması mərasimi həmin hadisənin simvolik təkrarı kimi yerinə yetirilir.

"Təqsir” sözünün ərəb dilindən tərcüməsi "qısaltmaq, azaltmaq” deməkdir. Dini termin olaraq əsasən iki mənada işlədilir. Həcc və Ümrə mərasimlərinin vacib əməllərindən olan saçın və ya saqqalın, bığın tükündən bir az kəsməyə, yaxud da dırnağı qısaltmağa deyilir. Bu söz həm də səfərdə olan şəxsin namazı qısa qılmasına da deyilir.

"Qurban” sözü ərəb dilindən tərcümədə "yaxınlıq” mənasını verir. Allaha yaxınlıq niyyəti ilə dörd növ heyvandan, qoyun, keçi (cəfəri məzhəbində keçi bura aid deyil), inək və dəvədən birini şəriətdə göstərilən qaydada kəsməkdən ibarət olan ibadət əməlidir. Qurban kəsmək Həcc ziyarətinin vacib hissəsidir. Həcc ziyarətini yerinə yetirənlər zilhiccə ayının onunda Mina vadisində qurban kəsməlidirlər. Zilhiccənin onuncu gününü öz vətənində qeyd edənlərin qurban kəsməsi vacib deyil, müstəhəbdir. Qurbanın tarixi Həzrət İbrahim Peyğəmbərin (ə) yuxuda Allahdan gələn vəhyə əsasən öz oğlu İsmayılı Mina vadisinə gətirib Allah yolunda qurban kəsmək cəhdi ilə bağlıdır. Qurban ətindən hacı həm özü yeyə bilər, həm də kasıblara paylaya bilər. "Qurani-Kərim”də deyilir: "...Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana və dilənçiyə də yedirin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz!” (Əl-Həcc,36).

(Davamı var)