“İnsanlar narahat olmasın”

Vahid Əhmədov: “Yaxın zamanlarda çörəyin qiymətinin artacağı ehtimal edilmir”



2015-ci ilin əvvəllərində ölkədə bahalaşmanın olacağı ilə bağlı proqnozlar qismən özünü doğruldub. Artıq bəzi yeyinti məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə bahalaşma qeydə alınıb. Qiymət artımı əsasən un və ət məhsullarında müşahidə olunur. Ekspertlər bahalaşmanın davam edəcəyini istisna etmirlər. Həmçinin, vergi məcəlləsinə edilən son dəyişikliklərin də bəzi sahələrdə bahalaşma yaradacağı ehtimal edilir.

Dəyişiklikləri dəyərləndirən bəzi iqtisadçıların fikrincə, 2015-ci ildə bir sıra sahələr üzrə ciddi problemlər yaranacaq və büdcə itkilərlə üzləşəcək. Ekspertlərə görə, vergi məcəlləsinə edilən dəyişikliklər spirtli içkilər, tütün məmulatları ilə yanaşı, digər məhsulların da bahalaşmasına gətirib çıxara bilər. İctimaiyyəti narahat edən ən ciddi məsələ isə şimal qonşumuz Rusiyadakı iqtisadi böhranın birbaşa və ya dolayısı yolla Azərbaycana da təsir edəcəyidir. İddia edilən iqtisadi problemlərlə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bir çox mühüm məsələlərə aydınlıq gətirib.

- Son dörd-beş aydır Azərbaycanda müşahidə olunan ərzaq bahalaşması nə ilə bağlıdır?

- Dünya bazarında neftin ucuzlaşması dövlət büdcəsini neftdən gələn gəlirlər hesabına formalaşdıran bir çox ölkələrdə müəyyən problemlər yaratdı. Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün müəyyən mənada neftin qiymətinin ucuzlaşmasından nəsibini aldı. Digər tərəfdən Azərbaycana idxal olunan mallar əsasən Avropadan və Rusiyadan gəlir. Zaman-zaman həmin malların idxalında artımlar müşahidə olunur. Bu artımların bəziləri obyektiv, digərləri isə subyektiv xarakter daşıyır. Amma istənilən halda bu artımların və qiymət bahalaşmasının qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyi müəyyən işlər görməli, qabaqlayıcı önləmlər almalıdır. Nazirliyin bu işlərə baxan xüsusi departamenti var. Onlar mütəmadi olaraq ərzaq bahalaşması ilə ciddi məşğul olmalıdır.

- Bahalaşmanın davamlı olacağı iddiası ilə razısınızmı?

- Azərbaycanda bahalaşmanın davamlı olub-olmayacağı dünyada gedən qlobal iqtisadi proseslərdən asılıdır. Nə vaxta qədər ki, dünya bazarında neftin bir barrelinin qiyməti 60 dollardan aşağı olacaq, nəinki Azərbaycanda, ümumiyyətlə, bütün dünyada iqtisadi problemlər və bahalaşma davam edəcək.

- Digər yeyinti məhsulları ilə yanaşı, unun bahalaşması da ölkə ictimaiyyətində ciddi narahatlıqla qarşılanıb. İnsanlar çörəyin çəkisində və ya qiymətində dəyişiklik olacağından ehtiyat edirlər. Hər hansı problemə qarşı Azərbaycanın kifayət qədər taxıl ehtiyatları varmı?

- Bəli. Azərbaycanda kifayət qədər taxıl ehtiyatları yaradılıb. Bu sahədə heç bir problem yoxdur. Cənab Prezidentin müvafiq fərmanına əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərov şəxsən bu işlə məşğul olur. Ona görə də yaxın zamanlarda çörəyin qiymətinin artacağı ehtimal edilmir. İnsanlar narahat olmasın.

- Vergi məcəlləsinə edilən dəyişikliklər də günlərdir müzakirə olunur. Müzakirəyə səbəb məlum dəyişikliklərdən sonra bir sıra malların qiymətində artımın müşahidə edilməsidir. Sizcə, məcəllədəki dəyişikliklər iqtisadi problemlərə yol açacaqmı?

- Əsasən spirtli içkilərə, siqaretə, qızıl məmulatlarına və müxtəlif zinət əşyalarına tətbiq olunan bu dəyişikliklərin müəyyən bahalaşmaya səbəb olacağı əvvəlcədən bəlli idi. Xüsusən də qızılın qiymətində artım gözləniləndi. Çünki zinət əşyalarının çoxu Azərbaycana xaricdən idxal edilir. Spirti və tütün məmulatlarını isə müəyyən qədər özümüz istehsal edirik. Bank sistemində edilən dəyişikliklər isə sırf əmanətlərlə bağlıdır. Yəni banklarda 500 manatdan yuxarı əmanəti olanlar gəlirin 10 faizi qədər dövlətə vergi ödəməlidir. Əslində bu qanun çoxdan var idi. Amma tətbiq edilmirdi. Çünki cənab Prezident məsləhət bilmirdi. Görünür, artıq buna zərurət var. Ona görə də müəyyən dəyişikliklərə ehtiyac duyulub.

- Ehtimallardan biri də odur ki, bu il Azərbaycanda alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşəcək və qeyri-ərzaq mallarının, məişət məhsullarınin qiyməti bahalaşacaq. Bu iddialar nə dərəcədə realdır?

- Mən buna inanmıram. Düzdür, xırda da olsa müəyyən məhsullarda bahalaşma olacaq. Amma əhalinin orta aylıq maaşı imkan verir ki, ölkədə ciddi alıcılıq problemi yaranmasın. Əsas məqam budur ki, Azərbaycanın milli valyutası olan manatın dəyəri qorunub saxlanılır. Əgər manat dəyərdən düşərsə, ölkədə ciddi iqtisadi problemlər yarana bilər. Ancaq şəxsən mənim apardığım proqnozlara görə yaxın müddət ərzində ölkəmizdə iqtisadi böhran olmayacaq. Çünki hər şeydən əvvəl Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var.

- Rusiyadakı iqtisadi böhran getdikcə dərinləşir. Xüsusən rublun dəyərdən düşməsi bütün iqtisadi sahələri iflic edir. Şimal qonşumuzun çökən iqtisadi durumu və rublun kəskin inflyasiyası Azərbaycana nə vəd edir?

- Çox güman ki, Rusiyada rublun ucuzlaşması prosesi hələ davam edəcək. Çünki bu, qısamüddətli proses deyil. Kreml rəhbərliyi müəyyən qədər böhranın qarşısını almağa çalışsa da, dünya dövlətlərinin Moskvaya tətbiq etdikləri ağır sanksiyalar öz təsirli rolunu oynayır və Rusiyadakı iqtisadi durumun yaxşılaşmasına imkan vermir. Bilirsiz, Rusiyanın dövlət büdcəsi birbaşa neftdən asılı olduğu üçün yaranmış iqtisadi böhran birbaşa rublun dəyərdən düşməsinə gətirib çıxarır. Baxmayaraq ki, Rusiya ehtiyat fonddan istifadə edir, amma vəziyyəti normallaşdıra bilmir. Bu ölkə Azərbaycanla qonşudur. Eyni zamanda orada minlərlə soydaşımız çalışır və yaşayır. Bu baxımdan istənilən halda oradakı vəziyyət dolayı yolla olsa da, Azərbaycana təsirini göstərir.

İsmayıl