8 yaşlı uşaq əməliyyat masasında niyə öldü ? - Həkim terroru yoxsa...

"Bütün ölüm halları məhkəmə tibbi ekspertizasının predmeti sayılır”.
Bunu "Sherg.az”a Bakıda cərrahi əməliyyat zamanı ölən 8 yaşlı uşağın ölüm səbəbindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 
O bildirib ki, yaxınlarının iddialarından asılı olmayaraq, məsələ məhkəmə tibbi ekspertizasının rəyindən sonra ortaya çıxacaq:
"Bu məsələdə bir uşağın dünyasını dəyişməsindən söhbət gedir. Ölümün səbəbi mütləq dəqiqləşdirilməlidir. Valideynlərin şikayətini də nəzərə alsaq, bunu emosional müstəvidə, subyektiv rəylərlə deyil, məhkəmə tibbi ekspertizasının qərarından sonra müzakirə etmək olar.
Mətbuatda dərc edilən xəbərlərdə həmin uşağın konkret hansı xəstəlikdən əməliyyat olunduğu bilinmir. Ona görə, xəstəxananın açıqlamaları fərqli də ola bilər. Məsələni diqqətdə saxlamaq, məhkəmə tibbi ekspertizasının rəyini gözləmək lazımdır”.
Xəstəxanada ölüm halı olduqda dərhal həkimin hədəf gətirildiyini vurğulayan A.Qeybulla diqqətə çatdırıb ki, insanlar belə hallara "həkim terroru” adı verirlər:
"Bu, emosional yanaşmadır. Günahkarın kim olduğu sübuta yetirildikdən sonra konkret fikir yürütmək olar. Həkimin günahı təsdiq olunarsa, cəza halları da tətbiq olunacaq.
Narkoz dərmanlarını xəstəyə verən anestezioloqlar da təcrübəli insanlardır. Narkozun dozası müəyyən nüanslar nəzərə alınmaqla aparılır. Bəzən olur ki, narkotik dərmanların özündən tənəffüsün dayanması halları baş verir.
Hətta vitamin C-dən də insan şoka düşüb, ölə bilər. Pensilin və s. kimi təhlükəsiz dərman hesab etdiyimiz preparatlar şoka səbəb ola bilər. Ona görə, bu hallar konkret halda araşdırılmalıdır.
Tibb işinə çox həssas yanaşmaq lazımdır. Çünki dərmanların təsirini belə əvvəldən bilmək olmur”.
Qeyd edək ki, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib. Böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova əməliyyat masasında dünyasını dəyişib.
Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.
Aysel Aslan