“Azyaşlıya “prob” qoyulmadan antibiotik iynə vurulması doğru deyil
Xəbər verdiyi kimi, Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb. Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb. Antibiotik iynə vurulduqdan sonra G.Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumənin yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin "prob" qoyulmadan vurulması olub.
Məsələni şərh edən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında söyləyib ki, səkkiz yaşlı uşağa sınaqsız antibiotik iynəsi vurulması təbii ki, düzgün deyil:
"Azyaşlıya "prob” qoyulmadan antibiotik iynə vurulub. Uşaq da iynənin təsirindən "ildırım sürətli” şok keçirib. Bu şok insanda 10 dəqiqədən 30 dəqiqəyə qədər olan müddətdə baş verir. Artıq həmin an xəstəxana şəraitində həkim müdaxiləsi olmadıqda insan həyatını itirir. Amma bu olayda uşağa antibiotik vurulub, uşaq şok keçirməyə başlayanda onu mərkəzi xəstəxanaya aparıblar. Beləliklə də vaxt itkisindən və əsasən də həkim səhlənkarlığından uşaq dünyasını dəyişib. Çox təəssüf ki, sonradan azyaşlının həyatını qurtarmaq mümkün olmayıb. Ona görə də valideynlər bu cür məsələlərdə çox diqqətli olmalıdır.
Çünki hər hansısa ehtiyatsızlıq bu kimi sona bitə bilər. Eyni zamanda da həkimlər, tibb bacıları antibiotik iynəsi vurduqda xəstə və ya valideynləri ilə sorğu aparmalıdır. Onlardan bu kimi iynələri əvvəlcə qəbul etməsi və bədəninin antibiotikə qarşı necə reaksiya göstərməsi öyrənilməlidir. Hətta xəstəyə yoxlamamış antibiotik iynəsi vurulmamalıdır. Fikrimcə, burada o qədər də qarışıq və ya çətin proses yoxdur. Sadəcə bu kimi məsələlərə əməl edilmədikdə belə arzuolunmaz halla qarşılaşırıq. Sonda da həkim səhlənkarlığı, diqqətsizliyi ucbatından səkkiz yaşlı uşaq həyatını itirir”.
Hadisəyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, Şabran rayonunda antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşan və yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən 8 yaşlı uşağın ölümündə həkimin günahı olub-olmadığı araşdırmalardan sonra məlum olacaq:
"Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğu və nazirliyin Ölüm Hallarını Araşdıran Komissiyası tərəfindən araşdırma aparılacaq. Həkimin günahının olub-olmadığı, uşağın hansı səbəbdən öldüyü araşdırmalardan sonra məlum olacaq və ona müvafiq tədbir görüləcək”.
Kənan Eynuroğlu