95 yaşlı “Gürcüstan”

Üzləşdiyi maliyyə böhranı üzündən qəzet indi həftədə, bəzən ayda bir dəfə işıq üzü görür
Azərbaycan-Gürcüstan mədəni və ictimai əlaqələrinin dinamik inkişaf sistemində maarifçilik və mətbuat əhəmiyyətli rol oynayıb. Xüsusilə, 1879-cu ildə Qoridəki müəllimlər seminariyasında Azərbaycan şöbəsinin açılması, ziyalıların buraya toplanması və Azərbaycan-gürcü əlaqələrinin güclənməsi yeni mətbuat nümunələrinin yaranmasının başlıca səbəbləri olub. Tbilisidən dünyaya səs salan "Molla Nəsrəddin” jurnalının ətrafında birləşən azərbaycanlı ədiblər M.Ə.Sabir, Ə.Qəmküsar, Ö.F.Nemanzadənin yaradıcılığı da Gürcüstanın ədəbi-mənəvi mühiti ilə sıx bağlı olub. Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin intensiv dövrü XX əsrə təsadüf edir. Əsrin əvvəllərində Tbilisinin Zaqafqaziyada mərkəz rolunu oynaması azərbaycanlı ziyalıların bura ilə mədəni əlaqələrinin davam etdirilməsinə əhəmiyyətli şəkildə kömək edib. Bu baxımdan, böyük demokrat yazıçı və dramaturq, satirik jurnalist Cəlil Məmmədquluzadənin Tbilisidəki mədəni fəaliyyətinin çox böyük əhəmiyəti var. Dramaturqun Tbilisidə Azərbaycan dilində nəşr olunan "Şərqi-Rus” qəzeti ilə əməkdaşlığı, burada "Qeyrət” adlı mətbəə, nəhayət, 1906-cı ildə nəşr etdirdiyi "Molla Nəsrəddin” jurnalındakı redaktorluğu iki xalq arasında tarixi dostluq ənənələrinin davam etdirilməsinə təsir göstərib. Lakin mədəni əlaqələr ədəbi mübadilələrlə məhdudlaşmayıb.
Azərbaycan xalqının öndər simaları bütün Gürcüstanda, o cümlədən Borçalıda Azərbaycan türklərinin vahid ədəbi və maarifçi mühit çərçivəsində inkişafına çox böyük təsir göstərib. İlk Azərbaycan qəzeti "Əkinçi” bağlandıqdan sonra ədəbiyyatımızın təbliğində müstəsna rol oynayan "Ziya” (1879-1880), "Ziyayi-Qafqaziyyə” (1880-1884), "Kəşkül” (1883-1891) və s. kimi qəzetlər, XX əsrin əvvəllərində görkəmli jurnalist M.Şahtaxtlının rəhbərliyi ilə nəşr olunan "Şərqi-Rus” (1903-1905) qəzeti də Tiflisdə nəşr olunub. Nəriman Nərimanov, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə kimi yazıçılarımız bu diyarda dünyaya göz açıblar. İ.Qutqaşınlı, H.Zərdabi, H.Cavid, F.Köçərli, M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar, S.M.Qənizadə, K.Minasazov Qori seminariyası və Tiflis Müəllimlər İnstitutunda təhsil alaraq Azərbaycan ədəbiyyatı, maarifi və ictimai fikrinin tanınmış nümayəndələrinə çevriliblər.
Tiflisin ədəbi-ictimai mühitinin ruhunu davam etdirən, Borçalı ədəbi mühitinin inkişaf etməsinə güclü təkan göstərən qədim tarixə malik olan mətbu orqanlardan biri də "Gürcüstan” qəzetidir. 1921-ci ildə nəşr olunmağa başlayan "Gürcüstan” qəzeti uzun illər ərzində SSRİ-nin mətbuat aləmində xüsusi nüfuza və çəkiyə malik olub. Qəzetin ən məşhur baş redaktorlarından biri 40 ilə yaxın mətbu orqana rəhbərlik etmiş tanınmış jurnalist, publisist, tarixçi, tərcüməçi, redaktor Süleyman Süleymanov olub. S.Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olub. O, Marneuli Pedaqoji Texnikumunu və 1960-cı ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dil-ədəbiyyat və tarix fakültəsini bitirib. Baş redaktor 1962-ci ildə Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. 1964-cü ildən həmin rayonun partiya komitəsində təlimatçı, təbliğat və təşviqat şöbə müdiri, təşkilat şöbə müdiri, rayon partiya komitəsinin katibi vəzifələrində çalışıb. Büro üzvü və dəfələrlə rayon sovetinin deputatı seçilib. S.Süleymanov 1972-ci ildən ömrünün sonunadək "Sovet Gürcüstanı” və onun davamı kimi 1990-cı ildən "Gürcüstan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 95 illik şərəfli tarixə malik olan "Gürcüstan” qəzeti sovetlər dönəmində də, ondan sonra da Gürcüstanda anadilli mətbuat işçilərinin yaradıcılıq mərkəzinə çevrilib. Redaksiya isə bir sıra təşəbbüs və başlanğıclarla fərqlənib, müəlliflik mükafatlarına layiq görülüb. Onlardan biri, 1979-cu ildə qəzetin Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı kimi dörd nəfər yaradıcı əməkdaşı sərginin bürünc və gümüş medalları ilə təltif olunub. S.Süleymanov Gürcüstan KP MK-nın qurultaylarında Təftiş Komissiyasının üzvü, 1980-ci ildə Gürcüstan SSR Ali Sovetinin deputatı seçilib.
Onun qəzetə rəhbərlik etdiyi 40 illik dövrdə "Gürcüstan” qəzetinin redaksiyası Gürcüstanda azərbaycanlıların ölkənin fəal vətəndaşları olmaları, öz hüquq və vəzifələrini yerinə yetirmələri sahəsində əsl məlumatlandırma mərkəzinə çevrilərək öz ətrafında yaradıcı qüvvələri toplayıb. Qəzet heç vaxt milli varlığın, ana dilinin, mədəniyyətin, vicdan azadlığının müdafiəsi sahəsində fəaliyyətini dayandırmayıb. Qəzet redaksiyasının təşkilatçılığı ilə və S.Süleymanovun da həmmüəllifi olduğu gürcücə-azərbaycanca lüğət işıq üzü görüb. Gürcüstan tarixi, Gürcüstan coğrafiyası azərbaycancaya tərcümə olunub, müxtəlif sözlüklər, danışıq lüğətləri, bukletlər, məktəblilər üçün vəsaitlər nəşr olunub. Onun rəhbərlik etdiyi "Gürcüstan” qəzetinin yubiley tədbirləri Azərbaycandilli mətbuat bayramı səviyyəsində qeyd olunub.
2011-ci ilə Gürcüstanın ovaxtkı prezidenti Mixael Saakaşvili qəzetin kollektivini 90 yaş münasibəti ilə təbrik edib. Təbrikdə deyilirdi: "Əziz dostlar, "Gürcüstan” qəzetinin təsis olunmasının 90 illik yubileyi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. "Gürcüstan” qəzeti Gürcüstanın dövlət quruculuğuna mühüm xidmət göstərir. On illər ərzində ölkəmizdə baş verən bütün unudulmaz hadisələr onun səhifələrində öz əksini tapıb. Azərbaycan və Gürcüstan kimi kiçik dövlətlər üçün dostluq əlaqələri çox mühüm əhəmiyyət daşıyır və "Gürcüstan”ın demək olar ki, bir əsrlik mövcudluğu və aktuallığı öz başlanğıcını məhz bu dostluqdan götürür. Qəzetiniz xalqlar arasında mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi kimi şərəfli missiyaya həmişə ləyaqətlə xidmət edib. Sizə uğurlar və xalqlarımızın rifahı naminə səmərəli fəaliyyət arzulayıram”. Həmçinin Gürcüstan parlamentinin sədri David Bakradze də qəzetin kollektivini təbrik edib. S.Süleymanov redaktor vəzifəsi ilə yanaşı, 1992-ci ildə təsis edilən "Gürcüstan Azərbaycanlıları İttifaqı”nın da sədri olub. 1981-ci ildə "Şərəf nişanı” ordeni, 1997-ci ildə Gürcüstanın "Şərəf” ordeni ilə təltif olunub. Gürcüstanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. Amma 2014-cü ilin iyun ayının 26-da Gürcüstanda ilk azərbaycandilli qəzet olan "Gürcüstan” qəzetinin baş redaktoru S.Süleymanovun vəfat etməsi ölkə ictimaiyyəti, eyni zamanda ölkədə fəaliyyət göstərən azərbaycandilli mətbuat üçün ağır itki olub. Dekabrın 10-da Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli "Gürcüstan” qəzetinə yeni redaktor təyin edilib. Bu şəxs qəzetdə redaktor müavini vəzifəsində çalışan İslam Əliyevdir. İ.Əliyev 1947-ci ildə Marneuli rayonunun Ambarovka kəndində anadan olub. 1970-ci ildə Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. İnstitutu bitirən kimi "Sovet Gürcüstanı” respublika qəzetinə işə qəbul edilib və burada korrektordan başlayaraq şöbə müdiri və məsul katibədək müxtəlif vəzifələrdə çalışıb. İ.Əliyev 1990-cı ildə "Sovet Gürcüstanı” qəzetinin redaktor müavini təyin edilib. O, bugünədək "Gürcüstan” adlanan qəzetdə həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən 2014-cü ilin dekabr ayınadək Azərbaycanın "AzərTac” dövlət xəbər agentliyinin Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində çalışıb.
İ.Əliyev iki dəfə Gürcüstan Jurnalistlər İttifaqının keçirdiyi müsabiqədə iştirak edərək mükafata layiq görülüb. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə, Gürcüstanın "Şərəf” medalı ilə mükafatlandırılıb. Eyni zamanda SSRİ Jurnalistlər İttifaqının Fəxri diplomuna layiq görülüb. İ.Əliyevin hekayə və publisistik yazıları Gürcüstan və Azərbaycan mətbuatında dərc etdirib.
Təəssüflər olsun ki, "Gürcüstan” qəzeti son dövrlər əvvəlki əzəmətini qoruyub saxlaya bilməyib. Qəzetin üzləşdiyi maliyyə böhranı gündəlik mətbu orqanın həftədə, hətta ayda bir dəfə nəşr
olunmasına gətirib çıxarıb. Hazırda 4 səhifəlik çap olunan tarixi qəzetə demək olar ki, ictimai maraq qalmayıb.
"Gürcüstan” qəzetinin fəaliyyəti ilə bağlı "Şərq”ə danışan "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, "Gürcüstan” qəzeti ölkənin ədəbi-publisistik məkanını dolduran informasiya orqanlarından ən birincisidir: "Gürcüstan” qəzeti nəşr olunduğu gündən etibarən, xüsusən də sovetlər dönəmində ən populyar qəzet olub. Bu tarixi qəzet informasiya verməklə bərabər, eyni zamanda cəmiyyətin maarifləndiricisi funksiyasını da yerinə yetirib. Qəzetin məşhur baş redaktorlarından olan Süleyman Əfəndi təxminən 40 ilə qədər mətbu orqana rəhbərlik edib. O, dünyasını dəyişəndən sonra qəzetin rəhbərliyinə İslam Əliyev gətirilib. Qəzetin kollektivi ilə hər dəfə görüşəndə onlar dərdlərini, problemlərini mənə söyləyiblər. Dəfələrlə layihə təqdim etsələr də, diaspor komitələri ilə əlaqə saxlasalar da, ehtiyac duyulan yardımı əldə edə bilməyiblər. İndi qəzet 4 səhifəlik bir qəzetə çevrilib. Əgər buna qəzet demək mümkündürsə”.
Z.Məmmədli ümumiyyətlə, Gürcüstanda və xüsusən Borçalıda azərbaycandilli qəzetlərə çox böyük ehtiyac olduğunu deyib: "Müəyyən imici olan, artıq oturuşmuş "Gürcüstan” qəzetinin və kollektivinin himayə olunmasına xüsusilə böyük ehtiyac var. Hətta bu qəzetin dövriyyəsini artıraraq həftəlik deyil, gündəlik nəşr olunması istiqamətində ciddi addımlar atılmalıdır. Qəzetin gündəlik çıxması milli maraqlarımıza və Azərbaycanın Gürcüstanda həyata keçirdiyi layihələrə dəstək baxımından çox əhəmiyyətlidir. Ona görə də, əlaqədar qurumlar mütləq "Gürcüstan” qəzetinin əvvəlki fəaliyyətini bəpra etməsinə yardım etməlidir”.
Birlik sədri hazırda qəzetin tamamilə vəsaitsiz olduğunu vurğulayıb: "Qəzet əvvəlki imicini itirib. Çünki həftədə, bəzən ayda bir dəfə çıxır. Çox vaxt qəzetdə köhnəlmiş informasiyalar dərc olunur. Təbii ki, belə mətbu orqan indiki informasiya mübarizəsində effekt vermək gücündə deyil”.
"Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov deyib ki, SSRİ zamanı Gürcüstanda yeganə rəsmi azərbaycandilli mətbu orqan olan "Gürcüstan” qəzeti ölkə müstəqilliyini qazanandan sonra arxasındakı rəsmi dövlət dəstəyini və maliyyəsini itirib. Ona görə də indi aktiv fəaliyyət göstərmək gücündə deyil: "Qəzet müstəqillik dövründə maddi və mənəvi dəstək ala bilmədi. Həmin gündən sonra çox çətin günlərini yaşamağa başladı. Mərhum Süleyman əfəndi bir çox rəsmi qurumlara, o cümlədən müxtəlif bölgələrdə fəaliyyət göstərən iş adamlarına müraciət etdi. Amma təəssüflər olsun ki, ona dəstək verən tapılmadı. Qəzetin son dövrləri daha acınacaqlıdır. Demək olar ki, qəzet səyyar şəkildə yayılır. Yaradıcı kollektivi çox kiçik qrup halında qalıb. İmkansızlıq ucbatından əsas yazılar, rəsmi əmr və sərəncamlar qəzetdə vaxtında verilə bilmir. Sırf bu səbəbdən mətbu orqana dövlətin münasibəti də tamamilə dəyişib. Bir sözlə, qəzet taleyin hökmünə buraxılıb”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb