Qardaş ölkəyə dəmiryol nəqliyyatının çəkilməsi gəlirlərə də, turist axınına da müsbət təsir göstərəcək
Sərnişin və yük lokomativlərinin yenilənməsi istiqamətində yenidənqurma işlərinə start verilib. Bunun üçün artıq Bakıya bu il ikimərtəbəli qatar gətirilib. Yeni qatarların hərəkəti üçün energetika və rabitə, siqnalizasiya xətləri yenilənir. Bu işlər isə Böyük-Kəsik stansiyasından başlayaraq Bakıya qədər həyata keçirilir. Yenilənən dəmiryol xətti bir dispetçer pultu vasitəsilə idarə olunacaq. Bu işlərdən sonra 50 ədəd dəyişən cərəyanlı yük və sərnişin lokomotivlərini də dəmiryol relslərində görmək olacaq.
"Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun dediyinə görə, bütün bu işlər çərçivəsində gələn il Qazaxıstandan 10 ədəd manevr tipli teplavoz gətiriləcək ki, onlar da yalnız stansiyalar arasında fəaliyyət göstərəcək.
Bundan əlavə, ölkəyə 300 ədəd yeni yük vaqonları gətirilib. Daha 30 ədəd Avropa standartlarına cavab verən sərnişin vaqonlarının gətirilməsi nəzərdə tutulur. Bu işlər başa çatdırılandan sonra, gələn il Türkiyəyə sürətli qatar vasitəsilə gedib-gəlmək mümkün olacaq.
Dəmiryol nəqliyyatının hər zaman özünəməxsus üstünlükləri olduğunu deyən iqtisadçı-ekspert, professor Zahid Məmmədov deyib ki, Türkiyənin ən başlıca çatışmazlıqlarından biri orada dəmiryolu nəqliyyatının inkişaf etməməsidir: "Türkiyə hər zaman avtomobil yolunun inkişafına üstünlük verib. Qardaş ölkədə dəmiryollarının genişləndirilməsi məsələsi həmişə ikinci planda idi. Görünür, artıq Türkiyə də dəmiryollarının üstünlüklərini dərk etməyə başlayıb. Hər bir ölkənin inkişafı həmin ölkənin nəqliyyat sisteminin inkişafı ilə birbaşa bağlıdır. SSRİ-nin gücü də məhz Baykaldan Amura qədər dəmiryolu xəttinin çəkilməsində idi”. Azərbaycandan Türkiyəyə sürətli qatar vasitəsilə gediş- gəlişi müsbət dəyərləndirən Z.Məmmədovun sözlərinə
görə, Bakıdan İstanbula qədər uzanan dəmiryolu Gürcüstandan keçəcək ki, bu da Azərbaycanın şimal-qərb regionlarının inkişafına zəmin yaradacaq.
Ekspert Azər Allahverənov da Azərbaycandan Türkiyəyə dəmiryolu xəttinin açılmasını yüksək qiymətləndirir: "Azərbaycanla Türkiyə arasında ticari əlaqələr çox geniş şəkildə inkişaf edib. Zənnimcə, Türkiyə ilə Azərbaycan arasında sürətli qatarların istismara verilməsi hər iki dövlətə turist axınının artımına səbəb olacaq. Dəmiryol nəqliyyatının inkişafı ilə əlaqədar olaraq, iki dövlət arasındakı mövcud siyasi, mədəni, iqtisadi, ticari əlaqələr ən yüksək inkişaf səviyyəsinə yüksələcək”. A.Allahverənovun sözlərinə görə, dəmiryol nəqliyyatı təyyarə ilə Türkiyəyə getmək imkanı olmayan vətəndaşlar üçün də iqtisadi cəhətdən kifayət qədər əlverişlidir: "Hava nəqliyyatı ilə Türkiyəyə səfər etmək həddindən artıq baha başa gəlir. Odur ki, sürət qatarlarının istismara verilməsi maddi durumu aşağı olan vətəndaşların Türkiyəyə getməsini, eləcə də, Türkiyədən Azərbaycana gəlməsini şərtləndirəcək. Bundan əlavə, ekoloji cəhətdən də qatar nəqliyyatı daha faydalıdır. Həmçinin insanların təyinat ünvanına təhlükəsiz şəkildə çatdırılması nöqteyi-nəzərindən də qatarlar daha əlverişlidir. Təcrübə göstərir ki, digər nəqliyyat növlərindən fərqli olaraq qatar qəzalarının faiz göstəriciləri çox aşağıdır”.
Şəymən