ABŞ 15 ildir Qarabağ münaqişəsindən kənarda qalıb

“Rusiya bütün prosesi təkbaşına idarə edir və vasitəçiliyi heç kimə vermir”




"İndi zaman yetişib. Nə iki ildən sonra, nə də beş ildən sonra heç nə asan olmayacaq”.
Bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən deyib. Vasitəçi bildirib ki, həm Ermənistan, həm də Azərbaycan Prezidenti münaqişəni sülh yolu ilə həll etmək istəyir: "Təmas xəttində ağır silahların, minaatanların və artilleriya silahlarının qalması təhlükəlidir. İstənilən səhv addım genişmiqyaslı müharibə riskini artıra bilər”. Uorlik əlavə edib ki, ABŞ münaqişənin nizama salınması prosesində Rusiya Prezidenti Vladimir Putinin səylərini alqışlayır. "Rusiya da münaqişənin uzanmasında maraqlı deyil”. Məsələni "Şərq”ə şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, əslində son günlər münaqişə ilə bağlı ABŞ-ın fəallığı hiss olunmur: "Rusiya bütün prosesi təkbaşına idarə edir və vasitəçiliyi heç kimə vermir. Yayılan məlumata görə, Azərbaycan və Ermənistan prezidentlərinin sonrakı görüşü Parisdə baş tutacaq. Yəni ABŞ prosesdən tamamilə kənarda qalıb. 15 il ərzində Vaşinqtonun təşəbbüsü ilə heç bir görüş baş tutmayıb. Sanki ABŞ münaqişənin həllində kənar tamaşaçıya çevrilib. Uorlikin "2 və ya 5 ildən sonra münaqişə həll olunmayacaq” sözü də o anlama gəlir ki, rəsmi Vaşinqton problemi çözmək həvəsində və niyyətində deyil”.

İsmayıl