Bəziləri də hesab edir ki, təşkilat saxlanılmalı, amma islahatlar aparılmalıdır
“BMT-də qərarların icrası məsələsində ikili standartlar hökm sürür. Dağlıq Qarabağa aid qətnamələrdə biz bunun şahidi oluruq”
BMT-nin baş katibi Antoniu Quterriş 2018-ci il üzrə 12 fəaliyyət istiqamətini açıqlayıb. O bildirib ki, Dağlıq Qarabağın həlli BMT-nin əsas prioritetlərindən olacaq.
Baş katib vurğulayıb ki, Şərqi Ukrayna üzrə Normand formatını, Qarabağ üzrə ATƏT-in Minsk Qrupunu, Gürcüstan üzrə Beynəlxalq Cenevrə diskussiyasını və başqa vasitəçilik işlərini canlandırmaq çox vacibdir. Quterriş həmçinin bəyan edib ki, onun rəhbər olduğu bir il ərzində bəşəriyyət sülhə doğru irəliləməyib. Əslində BMT-nin qurum olaraq təsir gücünə, imkanlarına o qədər də etibar edilmir. Təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsinin indiyədək icra olunmaması, 25 ildir nəticəsiz fəaliyyət göstərən Minsk Qrupuna dəstək ifadə etməsi Azərbaycan cəmiyyətində həmin təşkilata qarşı inamsızlıq yaradıb. O səbəbdən BMT münaqişənin həlli ilə bağlı nisbətən nikbin və ümidverici açıqlamalar versə də, bu qurumdan gözləntilər zəifdir.
Qutterişin ifadələri ilə bağlı "Şərq”ə danışan tanınmış politoloq Nəzakət Məmmədova da təsdiqləyib ki, BMT-yə münasibət dünyada birmənalı deyil. Ekspertin sözlərinə görə, bəziləri hesab edir ki, təşkilat saxlanılmalı, amma orada islahatlar aparılmalıdır. Digərləri isə ümumiyyətlə qurumun ləğvinin tərəfdarıdır: "Məsələn, ABŞ son dövrlərdə BMT sisteminin ləğv olunmasının tərəfdarı kimi çıxış edir. Amerikanın İsraillə birgə YUNESKO-dan çıxması da bunu sübut edir.
ABŞ mərhələli şəkildə BMT-nin qurumlarını tərk etməklə təşkilatın süqutuna yol açmış olacaq. Çünki bu təşkilatın əsasını qoyan ölkələrdən biri Amerikadır. Lakin görünən odur ki, BMT artıq Amerikaya Dubaydakı hegemonluğunu bərqərar etməyə mane olur. Çünki bildiyimiz kimi, BMT-nin əsas orqanlarından biri olan Təhlükəsizlik Şurasında qətnamələrə veto qoyularsa, layihə qəbul olunmur.
Bu baxımdan hazırkı BMT sistemi dünyada qərarların təşkilat vasitəsi ilə qəbulunu tələb edir və ABŞ-ın əl-qolunu bağlayır”. Analitik bildirib ki, digər tərəf təşkilatın ləğvini yox, orada islahatlar aparılmasını istəyirlər: "Türkiyə prezidenti Ərdoğan həmişə "Dünya 5-dən böyükdür” deyərək hazırkı BMT sistemində islahatların tərəfdarı olduğunu bəyan edib. Eləcə də, Almaniya, Braziliya, Hindistan kimi ölkələr də daimi üzv olmaq istədiklərini deyiblər. Lakin BMT-də qərarların icrası məsələsində ikili standartlar hökm sürür. Dağlıq Qarabağa aid qətnamələrdə biz bunun şahidi oluruq. Bəzi qərarlar mürəkkəbi qurumamış icra olunduğu halda, münaqişə ilə bağlı qəbul olunmuş dörd qətnamə yerinə yetirilməmiş qalmaqdadır. Halbuki, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü ATƏT-in Minsk Qrupunun həmsədrləridir”.
İsmayıl