ABŞ-Ermənistan əlaqələri uçuruma gedir

Paşinyanın xarici siyasət konsepsiyasında Rusiya ilə strateji tərəfdaşlığı elan etməsi ABŞ-ın dəstəyindən məhrum olmasına gətirir



Rəsmi Vaşinqton Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini təxirə salıb. Ermənistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, buna səbəb kimi İrəvanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilib. Erməni hökuməti Suriyaya humanitar yardım göndərməsinə haqq qazandırmaq üçün müxtəlif əsaslar göstərsə də, ABŞ Dövlət Departamenti bunları yetərli saymayıb. Məlumata görə, Mnatsakanyanla dövlət katibi Maykl Pompeo arasındakı telefon danışığı da Ağ Evi fikrindən daşındıra bilməyib. Məlumdur ki, Ermənistan tərəfi xarici işlər nazirinin Vaşinqtona səfərini və Amerika rəsmiləri ilə görüşləri çoxdan gözləyir və xeyli vaxtdır buna hazırlıq görürmüş. Lakin Vaşinqtonun sərt qərarı İrəvanın bütün ümidlərini puç edib.

Ağ Evin Ermənistanı məyus edən qərarını şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-Ermənistan əlaqələri uçuruma gedir. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın xarici siyasət konsepsiyasında Rusiya ilə strateji tərəfdaşlığı elan etməsi ABŞ-ın dəstəyindən məhrum olmasına gətirir: "Vaşinqtonda İrəvanın apardığı siyasətə inam yoxdur. Deməli, inqilabdan gözlənilən nəticələr əks-effekt verir. Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Cənubi Qafqaz siyasətini kurasiya edir. Burada əsas strateji plan Ermənistanı Rusiyanın siyasi orbitindən çıxarmaq, Qarabağ münaqişəsinin həllinə nail olmaqla Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq idi. Paşinyan əvvəlcədən razılaşdırılmış planın əksinə gedərək, Rusiyanın istəyi ilə Suriyaya hərbiçilər göndərdi, Qarabağ danışıqlarından yayındı. Ona görə də Mnatsakanyanın ABŞ səfəri Dövlət Departamenti tərəfindən qəbul edilmədi. Bununla yanaşı Suriyaya hərbiçilər göndərməsinə sərt reaksiya göstərildi.

Təbii ki, bundan sonra İrəvan-Vaşinqton əlaqələri yüksək səviyyədə olmayacaq. Amerikanın Ermənistana və Qarabağdakı separatçılara maliyyə yardımı kifayət qədər azaldılacaq”.
Ekspertin fikrincə, Vaşinqton Paşinyana ona görə dəstək vermişdi ki, ölkəsində Qərbə inteqrasiya siyasətini prioritet elan etsin və problemlərin həllinə çalışsın: 

"Paşinyan isə problemləri artıraraq beş illik fəaliyyət proqramında Rusiyanın ölkəsində patronajlığına hüquqi zəmin yaratdı. Qarabağ danışıqlarında separatçıları tərəf kimi danışıqlar masasına gətirməyə cəhd etdi. 

Baş verənlər fonunda Azərbaycan İrəvanın destruktiv siyasətinə qarşı Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-dan tam dəstək ala bilər. Həmçinin Amerika ilə silah ticarətini genişləndirə bilər. Gürcüstan və Ermənistanın Rusiya ilə yaxınlaşmaq cəhdləri fonunda regionda ABŞ-ın əsas etibarlı və strateji tərəfdaşı Azərbaycandır. Məncə, Vaşinqtonda artıq bunu anlayırlar. Ona görə də son aylarda Vaşinqton sülh qarşılığında Azərbaycana yeddi rayonun qaytarılmasını Ermənistandan tələb edir”.

İsmayıl