Bu işdə Bakı Şəhər İcra Hakimiyyəti də, yerli icra orqanları da, bələdiyyələr də fəal olmalıdır. Hər kəs öz sahəsində ciddi məsuliyyət daşısın gərək
Ağaclardan tutmuş elektrik dirəklərinə, reklam lövhələrinə qədər...
Küləkli hava şəraiti zamanı sakinlərin təhlükəsizliyinin təmini üçün bir sıra vacib işlər həyata keçirilməlidir
Bu işdə Bakı Şəhər İcra Hakimiyyəti də, yerli icra orqanları da, bələdiyyələr də fəal olmalıdır. Hər kəs öz sahəsində ciddi məsuliyyət daşısın gərək
Bu işdə Bakı Şəhər İcra Hakimiyyəti də, yerli icra orqanları da, bələdiyyələr də fəal olmalıdır. Hər kəs öz sahəsində ciddi məsuliyyət daşısın gərək
Dünən gecədən başlayan şiddətli külək paytaxtda fəsadlara səbəb olub. Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 105 ünvanında kökündən qopan iri ağac «Prado» və «BMW» markalı avtomobillərin üzərinə aşaraq onların damını zədələyib. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə açıqlamasında bildirib ki, şöbənin əməkdaşları hadisənin başvermə səbəbini araşdırıblar. O.Məmmədov aşan ağacın sağlam küknar olduğunu və onun kökündən çıxdığını da söyləyib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Lakin adətən olduğu kimi, bu dəfə də qabaqlayıcı tədbirlər görülməyib.
Bakının dəlisov küləyinə onsuz da alışmışıq. Sadəcə, problem, küləyin törədə biləcəyi fəsadların şəhər təsərrüfatında görməzdən gəlinməsidir. Hər dəfə qeyri-sabit, küləkli havalar olanda şəhərdə dağıntılar, qəzalar müşahidə edilir. Ağaclar qırılıb yerə sərilir, bəzən kiminsə avtomobilini yararsız hala salır, dam örtükləri, şiferlər qopub yerə tökülür, bəzən də su çənləri, pəncərə şüşələri vətəndaşların başına düşür.
Bunlar şəhər təsərrüfatında iqlim amillərinin nəzərə alınmadığını, tikinti sahəsində də təhlükəsizlik qaydalarına riayət edilmədiyini göstərir.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli «Şərq»ə açıqlamasında şəhərdə kəskin soyuq və küləkli hava şəraiti zamanı şəhər infrastrukturunun ciddi ziyan görməməsi, eləcə də sakinlərin təhlükəsizliyinin təmini üçün bir sıra vacib işlərin həyata keçirilməli olduğunu dedi:
- Küləkli şəhərdə hər bir məsələyə ciddi diqqət edilməlidir. Ağaclardan tutmuş, elektrik dirəklərinə, küçə lampalarına, reklam lövhələrinə qədər hamısının dayanıqlığı, təhlükəsizliyi diqqətdə saxlanmalıdır. O cümlədən də əlbəttə ki, aparılan bütün tikintilərlə təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına nəzarət edilməlidir. Bakı küləkli şəhərdir, hamımız bunu bilirik. Bunu bilə-bilə görməzdən gəlmək əlbəttə, yolverilməzdir, ciddi qanun-qayda pozuntusudur.
Tikinti meydançalarında iş icraçıları xüsusilə diqqətli olmalı, təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Tikinti və ya təmir işləri aparılırsa, binaların, evlərin fasadı xüsusi örtüklə qapanmalıdır ki, daş parçaları, müxtəlif tikinti materialları küçəyə tökülməsin. Evlərin pəncərələri möhkəmlənməlidir, eyvanda küləyin asanlıqla yerə ata biləcəyi, uçura biləcəyi əşyaları qoymaq lazım deyil. Külək uçurar, birinin avtomobilinin üzərinə düşər, kiminsə başına düşər. Bakının iqlim şəraitinə uyğun davranılmalıdır. Bu işdə Bakı Şəhər İcra Hakimiyyəti də, yerli icra orqanları da, bələdiyyələr də fəal olmalıdır. Hər kəs öz sahəsində ciddi məsuliyyət daşısın gərək.
Görürük ki, güclü küləklər zamanı ağaclar necə kökündən qopur. Burada artıq real təhlükə var. Ona görə də yerli icra strukturları daim ərazilərdə monitorinqlər aparmalıdırlar. Harda ki, zədələnmiş, kökündən quruyan ağaclar var, onlar kəsilməlidir. İndi deyirlər, paytaxtda zeytun ağacları əkilməlidir. Zeytun ağacları varıydı da. Niyə kəsilirdi ki, indi yenidən neçə il gözləyək ki, zeytun ağacları böyüsün?!
Hardasa park salınırsa, ağaclar, kol bitkiləri əkilirsə, o yerin torpağına uyğun olmalıdır. Bir halda ki, Bakının iqlimi və torpağı hansısa ağac növlərinin əkilməsi üçün uyğun deyil, o ağaclar yaxşı kök atmayacaq və külək əsən kimi də qırılacaqlar, deməli, iqlim şəraitə və torpağa uyğun ağaclar əkilməlidir. Ancaq zahiri gözəllik üçün çalışmaq yaxşı nəticələr verməz. Şəhər təsərrüfatına aid işlər texniki cəhətdən keyfiyyətli, möhkəm həyata keçirilməlidir. Fikir verirəm ki, xan çinarlar, palıdlar şəhərdə azdır. Niyə? Bunlar çox su tələb etməyən, möhkəm, dözümlü, küləyə davamlı ağaclardı. Sadəcə, xidmət tələb edir. Dekorativ ağaclar əkilir, bəzək üçün, gözəllik üçün. Xan çinar, palıd isə həm gözəllik verər, həm də atmosferi təmizləyər. Şəhərin yaşıllaşdırılması, yaşıllıqlara qulluq şəhər infrastrukturunun tərkib hissəsidir. Asfalt salınmasına, binaların tikintisinə diqqət olduğu kimi, ağaclara da qulluq edilməlidir.
Avtomobilləri əzilən vətəndaşlara dəymiş ziyanın ödənməsinə gəlincə, V.Tofiqli bunun hadisənin hansı səbəblərdən baş verdiyi aydınlaşması ilə mümkün olacağını dedi:
- Avtomobil sahiblərinə dəymiş ziyan ağacı o ərazidə əkmiş təşkilat tərəfindən ödənməlidir. Qırılan ağaclar dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına əkilir. Bu ağaclar uzunömürlü deyilsə, niyə əkilir? Bunun məsuliyyətini daşıyan olmalıdır. Bizdə isə çox vaxt günahkar tapılmır. Günahkar külək olur.
Məlahət Rzayeva