"Aİ ilə sazişdə viza rejiminin asanlaşdırılmasına dair müddəalar ola bilər”

"1997-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında bağlanmış saziş yenilənir”.
Bunu "Sherg.az”a bu ay aparılacaq Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi üzrə müzakirələrdən danışarkən politoloq İlqar Vəlizadə deyib. 
Onun sözlərinə görə, yeni saziş köhnəlmiş sazişdən fərqli olaraq müasir reallıqları əks etdirir:
"Bu illər ərzində münasibətlərdə yaranmış yeni reallıqlar konkret bəndlərdə göstərilir. Yeni istiqamətlər müəyyənləşdirilir ki, bu da ikitərəfli münasibətlərin prioritetlərini təşkil edəcək. İqtisadi, siyasi, humanitar, təhlükəsizlik, dövlət quruculuğu və s. sahələri əhatə edən yeni aviasiya sazişini Aİ ilə bağlanan baza sazişi kimi qiymətləndirmək olar. 
Bu sazişdən sonra Azərbaycanla Avropa arasında münasibətlər yaxın 15 il bəlkə də daha çox müddətdə qurulacaq. Qeyd etmək lazımdır ki, bu sazişdə Avropa ilə gediş-gəlişin asanlaşdırılması məsələsi də göstəriləcək. Xüsusilə viza rejiminin daha da asanlaşdırılması ilə bağlı konkret müddəalar ola bilər”.
Qeyd edək ki, Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) rəhbəri Henrik Hololey 27-30 yanvar tarixlərində Azərbaycana səfər edəcək. Səfər zamanı H.Hololey Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi üzrə müzakirələr aparacaq.
Aysel Aslan