Vüqar Zifəroğlu: “Alimlərə dövlət qayğısı getdikcə artsa da, maddi- sosial durumları yüksək sayıla bilməz”
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə növbəti dəfə mətbuat konfransı keçirib. Bu gün Azərbaycan gəncliyinin tam fərqli olduğunu nəzərə çatdıran AMEA prezidentinin sözlərinə görə, onlar üçün akademiyada olduqca aktiv və məqsədyönlü istiqamət seçilib. A.Əlizadə bildirib ki, son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında kadr hazırlığında gənclərə böyük önəm verilib, yüksəkixtisaslı gənc alim və mütəxəssislər yetişdirilib.
Prezident hesab edir ki, Azərbaycan elmində bir qədər qocalma prosesinin olmasına baxmayaraq gənclərin püxtələşmiş alimləri əvəz etməyə hazır olmasına ümid var: "Bu istiqamətdə də işlər görülür. Qeyd etməliyik ki, bir gənc kadrı hazırlamaq elə də asan iş deyil. Bir gənci, elmi kadrı formalaşdırmaq üçün 10-20 il zaman lazımdır”.
Elmin sosial problemlərinin diqqət mərkəzində olduğunu vurğulayan Əlizadə bildirib ki, artıq AMEA alimlərinin çoxdan arzuladığı akademiya poliklinikasının layihəsi hazırlanır: "Hazırlıq yanvar-fevral ayında yekunlaşsa, işləri də tez görmək mümkün olacaq”.
A.Əlizadə hesab edir ki, AMEA-nın hüquqi baxımından da problemləri həll olunmaqdadır: "Yeni nizamnamə artıq dövlət başçısı tərəfindən imzalanıb. Akademiya yeni hüquqi formatda fəaliyyət göstərməyə başlayıb. Bununla da akademiyanın gələcəyini yeni bir formatda planlaşdıra biləcəyik”.
AMEA prezidenti əlavə edib ki, bu il üçün sosial baxımdan da mühüm işlər nəzərdə tutulub. Onun sözlərinə görə, AMEA yataqxanasının yerində yaşayış binaları inşa olunur: "Bu işlər də yekunlaşmaqdadır. Yaxınlarda bu istiqamətdə AMEA alimləri üçün xoşagələn tədbirlər həyata keçiriləcək. Bundan başqa, AMEA-nın məlumat bankı hazırlanıb. Biz həmçinin biznesmen-alim söhbətinin aparılmasına hazırıq. Bu yeni formadır və bizim təkliflər biznes tərəfindən qəbul olunur. AMEA 2014-cü ildən tədricən büdcədən kənar vəsait əldə etməyə çalışır. Bu da innovativ təkliflər paketini bizneslə əlaqələndirməyə imkan verir. Biznes rəhbərlərinin, qurumların, holdinqlərin akademiyaya nəzər-diqqəti artıb. Artıq onlar hiss ediblər ki, akademiya axtarışdadır və istehsalat üçün yeni təkliflər verməyə hazırdır. Büdcədən ayrılan vəsaitin elmə sərf edilməsinə gəlincə, biz gözləmirik ki, büdcədən ayrılan vəsait artsın. Akademiya, alim özü qazanmalıdır. Oturub kimdənsə hansısa işi gözləmək sovet düşüncəsi idi. Bu gün alimlər innovativ elmin inkişaf etməsini istəyirlər”.
Akademiya poliklinikasının yaradılmasını müsbət addım hesab edən Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti, gənc alim Vüqar Zifəroğlunun sözlərinə görə, alimlərə dövlət qayğısı getdikcə artsa da, maddi-sosial durumları yüksək sayıla bilməz: "Bu baxımdan bu cür addımın atılması onlara yalnız müsbət təsir göstərəcək. Alqışlanmalı addımdır.
Yəqin ki, sağlamlıq mərkəzində müayinə, eləcə də müalicə üçün alimlərə xüsusi güzəştlər tətbiq ediləcək. Elm adamları, xüsusən gənc alimlər hər bir millətin qayğıya və diqqətə ehtiyacı olan zümrəsidir. Onların qeydinə qalmaq, həmin millətin gələcəyini təmin etmək deməkdir”.
Tezliklə, "Elm haqqında” qanun layihəsinin qəbul ediləcəyinə ümid edən gənc alim bildirib ki, bu qanunu bütün elm adamları səbirsizliklə gözləyirlər. V.Zifəroğlu hesab edir ki, bu qanun da öz növbəsində alimlərin sosial durumunun düzəlməsinə böyük töhfə vermiş olacaq.
Akademiya poliklinikası layihəsinin nə dərəcədə müsbət effekt verəcəyinə gəldikdə isə Zifəroğlu buna inandığını və layihənin reallaşacağına ümid etdiyini vurğulayıb.
Şəymən