“Türk Yurdu” aprel sayını Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edib
1911-ci ildə İstanbulda Türk ocaqlarının orqanı kimi fəaliyyətə başlamış "Türk Yurdu” jurnalı bu gün nəşrini Ankarada davam etdirir. "Türklərin faydasına çalışır” - sözləri ilə işıq üzü görən jurnal türk xalqlarının 100 illik mədəni tarixini əks etdirən ensiklopedik mənbəyə çevrilib.

Türk dünyasının ən parlaq simalarından olan İsmayıl Qaspıralının məşhur "Dildə, fikirdə, işdə birlik” - şüarı ilə günümüzə qədər nəşr olunan jurnal türk xalqlarının ədəbi-mədəni və ictimai həyatının salnaməsini yazmaqdadır. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə də "Türk Yurdu” ilə yaxından əməkdaşlıq edib. Jurnalın əsas və aparıcı mövzularından biri hər zaman Azərbaycan olub. Bu gün də ənənəsinə sadiq qalan dərgi aprel sayını Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümünə həsr edib. Jurnalın aprel sayının üz səhifəsində Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin təsviri verilib. Nəşrdə Azərbaycan Cümhuriyyəti ilə bağlı yazıların redaktorları Yılmaz Özkaya və Nazim Muradovdur. "Türk Yurdu”nun xüsusi buraxılışında Səbahəddin Şimşirin "Rəsulzadənin xatirələri işığında Azərbaycan Cümhuriyyətinin istiqlalı və işğalı”, Vilayət Quliyevin "Əbdürrəhim bəy Haverdiyev. Cümhuriyyət diplomatı”, Yavuz Akpınarın "Hüseynzadə Əli Turanın arxivindən: Qafqaz İslam ordusunun bildirişi”, Ömər Özcanın "Azərbaycan Cümhuriyyəti tələbələri”, Nazim Muradovun "Azərbaycan Xalq Cümhuriyyətinin yüzüncü ilində Məhəmmədəmin Rəsulzadəni yenidən oxumaq ehtiyacı” və başqa məqalələr yer alıb.
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş xüsusi buraxılışda "Şərq” qəzetinin baş redaktoru, mətbuat tədqiqatçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlının "Azərbaycan "Türk Ocağı”nın fəaliyyəti” adlı məqaləsi də dərc olunub.
Müəllif məqaləsində 1918-ci ilin sentyabrında Azərbaycanda təsis edilən "Türk ocağı” cəmiyyətinin fəaliyyətindən bəhs edib. Bildirib ki, qısa fasilələrlə 1920-ci ilin aprelinədək Bakı və ətraf bölgələrdə ideoloji iş aparan bu qurumun təsisçiləri görkəmli ədiblər və tanınmış siyasətçilər olublar. Tədqiqatçı jurnalda dərc olunan məqaləsində vurğulayıb ki, "Türk ocağı” - türk xalqlarının milli ruhda tərbiyəsinə, elmi, ictimai və iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış bir cəmiyyət olbu: "Cəmiyyət 1911-ci ilin martın 12-də İstanbulda təsis olunub. Həmin dövrdə İstanbulda yaşayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə də "Türk Ocağı”nda çalışıblar”. Müəllif bildirib ki, "Türk Ocağı”nın qurucuları sırasında Azərbaycan ziyalılarından Abbasqulu Kazımzadə, Vəli Mikayıloğlu, Abdulla Şaiq, Şəfi bəy Rüstəmbəyli, Rza bəy Ağabəyov, Seyid Hüseyn, Məmmədbağır Şeyxzamanlı da yer alıb: "Azərbaycan xalqının türk dünyasına bəxş etdiyi mütəfəkkir Əhməd bəy Ağaoğlunun İstanbuldakı kiçik odası milli dərdlərin və problemlərin müzakirə yeri olduğundan, "Türk Ocağı”nın təməli də onun evində qoyulub. İstanbulda yaradılan cəmiyyətin Türkiyənin bir çox bölgələrində şöbələri yaradılıb”. A.Aşırlı "Türk Ocağı”nın Bakıda hansı binada fəaliyyət göstərməsi barədə də məlumat verib: "Cümhuriyyət dövrü ədəbiyyatının tədqiqatçılarından professor Asif Rüstəmlinin İnternet səhifəsində yayımladığı məqalədə "Türk Ocağı”nın Azərbaycan Konstitusiya Məhkəməsinin hazırkı binasında yerləşdiyini yazır. "Azərbaycan” qəzetinin 1918-ci il, dekabrın 10-da çap olunan "Türk ocağı” sərlövhəli məqaləsində isə cəmiyyətin yerləşdiyi binanın dəqiqi ünvanı göstərilir”. Müəllif məqaləsində bəyan edib ki, 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra "Türk Ocağı” təşkilatı da öz ömrünü başa vurub”.
İsmayıl