Ali məktəblərdə Məşqçi və Rəqs müəllimliyi ixtisasları açılıb

Ekspert hesab edir ki, xüsusilə logistika sahəsi Azərbaycan üçün çox vacibdir





Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Nazirlər Kabineti ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişikliklər edib.
Dəyişikliyə əsasən I ixtisas qrupu üzrə " İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub və I ixtisas qrupu üzrə siyahıya İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Şəhərsalma və Şərabçılıq, II ixtisas qrupuna Davamlı inkişafın idarə edilməsi və İdman menecmenti və kommunikasiya, IV ixtisas qrupuna Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik və Bədən tərbiyəsi və idmanda reabilitasiya, V ixtisas qrupuna Məşqçi (idman növü üzrə) və Rəqs müəllimliyi ixtisasları əlavə edilib.


Maraqlıdır, əlavə edilən yeni ixtisaslar abituriyentlərin marağına səbəb ola bilərmi?
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun "Şərq”ə açıqlamasına görə, yeni ixtisasların əlavə edilməsinə ehtiyac var. Ekspert xüsusilə logistika sahəsinin Azərbaycan üçün lazımlı olduğunu vurğulayıb: 

"Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasına və bu sahədən olan kadrlara ölkəmizdə ciddi ehtiyac var. Hətta mənim iki oğlum logistika sahəsində işləyir, neçə vaxtdır ki, kadr axtarırlar, amma tapa bilmirlər.

Yeni ixtisasların qəbul edilməsini məqbul sayıram. Digər tərəfdən ola bilər ki, Orta Asiya qazının Azərbaycanda vasitəsilə nəqli prosesi başlasın. Bunun üçün də yüksək səviyyəli kadrlar lazımdır. Kompüter mühəndisliyi ixtisası bir o qədər də effekt verməyə bilər. Çünki ölkəmizdə kifayət qədər kompüter ustaları var. Rəqs və digər ixtisaslarda isə yeniliklər ola bilər. Ona görə də bu sahəyə marağın yaranacağını düşünmək olar”.

Yeganə Bayramova