Alimə də abidə qoyulur, fəhləyə, çobana da...

Seyran Səxavət: "Mən 11-ci Qızıl Orduya qoyulmuş abidənin də dağıdılmasının əleyhinə olmuşam"Elçin Hüseynbəyli: "Daha çox xalq və milli qəhrəmanlara abidə qoyulmalıdır, yazıçılara, şairlərə yox"
Sovetlərdən bizə heykəllər, abidələr də yadigar qaldı. Vaxtilə sosializm quruluşunun tərənnümünə xidmət edən abidələr çox ucaldılardı. Bütün SSRİ məkanında belə idi. O cümlədən Azərbaycanda da. Bakının «siması» isə, indi bizə nə qədər acılı görünsə də, məhz 26 Bakı komissarlarının abidəsi idi. 
O komissarların ki, xalqımıza divan tutmuşdular, soyqırımlar törətmişdilər. Mövzumuz bu deyil. Mövzu, kommunist ideologiyasının bərqərar olunmasında iştirak edənlərlə yanaşı, sadə əmək insanlarına - pambıqçıya, neftçiyə, hətta çobana da… ucaldılan abidələrdir. Gədəbəy rayonunun Qaraməmmədli kəndində Qara Çoban adı ilə tanınan məşhur çobana ucaldılmış abidə haqqında bu günlərdə KİV-də maraqlı məlumat verilmişdi.
Məsələn, «Sosialist Əməyi Qəhrəmanı» Sevil Qazıyevanın xatirəsini əbədiləşdirən monument indi də paytaxtın Bakıxanov küçəsində qalmaqdadır. Sevil Qazıyeva pambıq yığımında ilk qadın mexanizator idi və 1963-cü ildə faciəli şəkildə həlak olmuşdu: uzun hörükləri kombaynın çarxına dolanıb başının dərisini aparmışdı. 
O illərdə Sevil Qazıyeva sovet gənclərinə nümunə göstərilərdi. Bəsti Bağırova vardı, 2 dəfə «Sosialist Əməyi Qəhrəmanı» idi, Şamama Həsənova, Tərlan Musayeva… Yeri gəlmişkən, Şamama Həsənovaya doğulduğu kənddə büst ucaldılmışdı. Paytaxtımızın məşhur abidələrindən biri də Yer kürəsini fırlatmaq gücündə olan fəhlə heykəli idi.
 Nobel prospektinin ortasında qoyulmuşdu. Bakının neftli ərazilərinin giriş qapısı 20-ci sahədə isə «Neftçi əlləri» abidə-kompleksi vardı. Nə planeti fırlayan fəhlənin, nə də «ovcunda «qara qızıl» olan əllərin» indi harada olduğu bilinmir.
Deməli, abidələr, heykəllər də tarixin sərt üzü ilə qarşılaşır. Belə olduğu təqdirdə əmək insanlarını, müxtəlif peşələri tərənnüm tipində yonulan abidələrə ehtiyac varmı?
Qurulanı uçurtmaq olmaz
Yazıçı-dramaturq Seyran Səxavət bütün heykəllərin konkret məna daşıdığını bildirdi:
- Sovet dövrünü nəzərə alsaq, o zaman ucaldılmış bütün abidələrin mənası, daşıdığı funksiya vardı. Zəhmət adamlarına ucaldılan abidələri məktəblilərə, gənclərə nümunə olaraq göstərirdilər. Doğru deyirlər ki, hər kəs valideynindən çox, öz zəmanəsinin, mühitinin övladıdır. Biz də sovet adamları olmuşuq. Şamama Həsənova, Bəsti Bağırova əmək qəhrəmanları idi. Neftçilərə abidə qoyulurdu. Ovaxtkı nəsil həmin abidələrə baxıb güclənirdi. Onların heç birini uçurtmaq olmaz. Biz onları artıq ucaltmışıq. 
Abidələri uçurtmaqla tarixə xəyanət etmiş oluruq. Hətta mən 11-ci Qızıl Orduya qoyulmuş abidənin də dağıdılmasının əleyhinə olmuşam. Mənə qəribə gələn bu idi ki, heykəltəraşdan soruşmuşdular ki, müəllifi olduğunuz abidənin uçurdulmasını necə qarşıladınız, cavab vermişdi ki, nə vecimədir, pulumu almışam… Axı, bu tarixdir. Bunlar hamısı olub bizim tariximizdə. Əgər biz tarixdə etdiyimiz səhvlərə görə abidələri dağıdırıqsa, bu, səhvin davamıdır. O abidələr bizim ömrümüzdü. Onu necə kəsib atmaq olar?! Nobel prospektindəki fəhlə heykəli də itkin düşüb. Onu niyə aradan qaldırıblar? Məgər indi fəhlə yoxdu? Yoxsa, fəhlələr hörmətə layiq deyil?.. Mən heç bir heykəlin, abidənin uçurdulmasının, dağıdılmasının tərəfdarı deyiləm.
Qəhrəmanlara abidə ucaldılmalıdır
Yazıçı-publisist Elçin Hüseynbəyli mövzu ilə bağlı fikirlərini «Şərq»lə bölüşdü:
- Mənim fikrim budur ki, ümumiyyətlə, daha çox xalq və milli qəhrəmanlara abidə qoyulmalıdır, yazıçılara, şairlərə yox. 
O şəxslərə abidə ucaldılmalıdır ki, onlar Vətən yolunda, millət yolunda canlarını fəda ediblər. Bununla demək istəmirəm ki, görkəmli şəxsiyyətlərə abidə ucaldılmamalıdır. Üzeyir Hacıbəyov kimi dahinin, onun kimi digər görkəmli şəxsiyyətlərin də əlbəttə, abidəsi mütləq olmalıdır. Amma yazıçılardı, şairlərdi, yaxşı olardı ki, bu abidələrin hamısı bir yerdə kompleks halında cəmlənsin. 
Qazaxda olduğu kimi. Qazax şəhərində «Mütəfəkkirlər parkı» var və orada əslən Qazaxdan olan görkəmli şəxsiyyətlərin büstləri qoyulub. Bilirsiz, hansısa siyasi quruluşa, konyukturaya xidmət edən abidələr zaman keçdikcə dəyərini, qiymətini, daşıdığı məna yükünü itirir. Siz «Çoban Qara» abidəsini xatırlatdınız, belə bir abidə bizim Cəbrayıl rayonunun Mahmudlu stansiyasında da vardı. O da «Çoban Qara» abidəsi idi. Deyəsən, bu Çoban Qara kimdisə, Azərbaycanın çox rayonunda olub. Bəlkə də çobançılığı tərənnüm etmək məqsədilə qoyurlarmış bu abidəni…
E.Hüseynbəyli abidələrin insanlarda müəyyən hisslər, emosiyalar yaratmaq gücündə olduğunu da vurğuladı:
- Elə abidə var, baxdıqca baxmaq istəyirsən, səni təsirləndirir, fikirləşməyə vadar edir. Bu, asılıdır, abidəni ucaldanın məharətindən. Məsələn, Moskvada general Jukova ucaldılmış abidə Tbilisinin girəcəyində Gürcü çarı Vaxtanq Qorqasaliyə ucaldılmış abidə də möhtəşəmdir. Amma bizdə Koroğluya elə bir abidə ucaldılıb ki, heç kəs onu bəyənmir. Koroğluya Şəmkirdə qoyulmuş abidə lap bərbaddır. Abidəni elə hazırlayarsan ki, baxan, gözünü ondan çəkə bilməz, yaxşı mənada. Abidə insanda yüksək əhval-ruhiyyə, müsbət hisslər oyadar. Amma abidəni elə düzəldərsən, cəmiyyət tərəfindən bəyənilməz, qınaq obyektinə çevrilər.
Məlahət Rzayeva