Almaniya – Azərbaycan münasibətlərində ən mühüm yeri enerji sahəsindəki əməkdaşlıq tutur

Deputat: "Azərbaycanda qeyri-neft sektorunun inkişafında alman investisiyasının rolu böyükdür"



"Avropa Birliyinin aparıcı ölkəsi olan Almaniya dünya iqtisadiyyatında böyük və önəmli rola sahibdir”. Bunu "sherg.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib. Deputat vurğulayıb ki, Almaniya Avropa Birliyi və Azərbaycan arasındakı münasibətlərdə mühüm rol oynayır:

"Almaniya mühəndisliyi və texnologiyanı dünyaya ixrac edən ölkədir. Azərbaycanda qeyri-neft sektorunun inkişafında alman investisiyasının rolu böyükdür. Ölkəmizdə 150-dən çox alman şirkətləri fəaliyyət göstərir. Almaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın ümumi həcmi 500 milyondan çoxdur. Bununla yanaşı Azərbaycanın enerji daşıyıcılarının Avropa ölkələrinə ixracı da zəruri məsələdir. Azərbaycan tərəfi Cənub Qaz Dəhlizi vasitəsi ilə 2020-ci ilə qədər öz qazını Avropanın cənub hissəsinə nəql edəcək. Bu baxımdan Almaniya ilə münasibətlərdə ən mühüm yeri məhz enerji sahəsindəki əməkdaşlıq tutur”.

T.Mirkişi vurğulayıb ki, Almaniyanın enerji şirkətləri ilə SOCAR arasında bağlanan 10 milyard avroluq müqaviləyə əsasən, alman şirkətləri bundan sonra Xəzər dənizində neft və qaz yataqlarının kəşfiyyatı ilə məşğul olacaq: "Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşir. Ölkəmiz Bakı-Tblisi-Qars dəmiryolu vasitəsi ilə Avropaya körpü salır. Ona görə də Azərbaycan nəinki Almaniya, ümumiyyətlə Avropa üçün lazımlı ölkədir, iqtisadi əhəmiyyəti böyük olan bir dövlətdir.

Yəni münasibətlər və faydalılıq qarşılıqlıdır, ikitərəflidir. Azərbaycan üçün Almaniyanın texnologiyaları, innovasiyası nə qədər önəmlidirsə, Almaniya və Avropa üçün Azərbaycanın enerji resursları və regiondakı üstün mövqeyi bir o qədər zərurətdir. Xanım Merkelin xüsusilə bəyan etdiyi ki, Azərbaycanın Rusiya və İranla həmsərhəd olması ölkəmizin Avropa üçün əhəmiyyətini daha da artırır. Çünki Avropa Birliyinin Rusiya və İranla bağlı iqtisadi əlaqələrində Azərbaycanın yaratdığı iqtisadi infrastruktur böyük çəkiyə malikdir”.

Məlumat üçün bildirək ki, ötən gün Azərbaycanda səfərdə olan Almaniya kansleri Angela Merkel Cənub Qaz Dəhlizinin Avropanın enerji təminatında böyük rol oynadığını deyib. Vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində güclü bir amildir: "Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq. Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var”.

İsmayıl