"AMEA 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır"





"Bilik günü" insan həyatında çox önəmli gündür". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Milli Ensiklopediya Mərkəzində keçirilən "Bilik günü" tədbirində çıxış edərkən deyib.

Akademiyada yaradılan magistr təhsilinin əhəmiyyətindən danışan A.Əlizadə bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır: "Bu isə cəmiyyətdə ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasına, ölkədə təhsilin və elmi tədqiqatların səviyyəsinin artırılmasına xidmət edir".

A.Əlizadə qeyd edib ki, AMEA-da magistr təhsil pilləsinin təşkili magistrantlara elmi fəaliyyətdə geniş imkanlar yaradır: "Onlar AMEA-nın həqiqi və müxbir üzvləri, eləcə də digər nüfuzlu alimləri ilə birgə elmi tədqiqatlar aparır, eyni zamanda dünya elminə inteqrasiya imkanı qazanaraq elmi potensiallarını gücləndirirlər. AMEA-magistrarura pilləsində 200-dək tələbə təhsil alır. Bu akademiyanın və ölkəmizin gələcək elm ordusudur".

Akademik deyib ki, AMEA bu gün dövlətin ən aparıcı elmi, dövlətin, Azərbaycanın elmi tərəqqisini müəyyən edən qurumdur: "Akademiyanın ölkənin bütün sahələrinin inkişafında rolu yüksəkdir. Dövlətimizdə elmin təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu gün elmlə təhsilin inteqrasiyası ölkə təhsilinin Avropaya yaxınlaşması deməkdir".

A.Əlizadə əlavə edib ki, AMEA 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır.