Amerika Türkiyəni sərhəddən vurmaq istəyir
Sədrəddin Soltan: “Ağ Ev Suriyada yeni bir muxtariyyətin, yaxud dövlət quruluşunun təməlini qoyur”
Amerika Suriyada əsasını PKK-nın Suriya qolu PYD və YPG-nin təşkil edəcəyi 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışır. Deyilənə görə, Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə yaradılmış koalisiyanın məlum qüvvələrlə yaradacağı birgə ordunun missiyası İraq və Türkiyə sərhədlərini, o cümlədən Fərat çayı boyu əraziləri "qorumaqdır”. ABŞ-ın qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən çox sərt qarşılanıb. Prezident deyib ki, bu ordu doğulmadan məhv ediləcək. Ərdoğan PKK və PYD-yə qarşı əməliyyat mesajı da verib: "Biz bunların necə qəddar, necə ikiüzlü olduğunu çox yaxşı bilirik. Bu ordunun adı xainlər ordusudur.
İki gün sonra başları dara düşəndə oradakı Amerika əsgərlərinə ilk silah çəkənlər məhz bu 30 min nəfərlik terrorçular olacaq. Müttəfiqlərimizə deyirik ki, terrorçularla aramızda durmayın, qatil sürülərini qorumayın. Əks təqdirdə ortaya çıxa biləcək arzuolunmaz hadisələrdən biz məsuliyyət daşımayacağıq”. Dövlət başçısı NATO-nu da ciddi tənqid edib. Ərdoğan deyib ki, müttəfiqlərinizdən birinin sərhədinə istənilən şəkildə təcavüz edilməsinə qarşı çıxmaq təşkilatın borcudur: "Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məsələni NATO-da müzakirə edəcək. Ötən il İraqda və Suriyada oynanılan oyunları pozduq. Qısa zaman ərzində Afrin və Münbiçdən başlayaraq, Suriyadakı terror yuvalarını bir-bir yox edəcəyik. Buna nə müttəfiqimiz kimi görünüb, bizi kürəyimizdən vuranlar, nə də siyasətçi görünən marginallar mane ola bilər”. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hülusi Akar Brüsseldə ABŞ-ın Baş Qərargah rəisi Cozef Danfortdla görüşüb. Generallar Suriyadakı vəziyyəti, Afrin bölgəsində keçirilən antiterror əməliyyatlarını müzakirə ediblər.
Bölgədə yaşanan prosesləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, ABŞ-ın bu addımı Suriyanın şimalındakı terror təşkilatı ilə rəsmi şəkildə diplomatik əlaqə yaratmaq niyyəti kimi dəyərləndirilir. Başqa sözlə, Ağ Ev Suriyada yeni bir muxtariyyətin, yaxud dövlət quruluşunun təməlini qoyur:
"Belə bir quruluşun perspektivdə İraqın şimalındakı kürd muxtariyyətinə oxşar bir idarəetmə sisteminə çevriləcəyi ehtimalı az deyil. Bu terrorçu qruplaşma Türkiyə ilə sərhəd bölgəsinə nəzarət etdiyindən bundan daha çox rəsmi Ankara narahatdır. Ona görə də məsələ ilə əlaqədar ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq məsələyə aydınlıq gətirilməsi istənildi. Təbii ki, rəsmi Vaşinqtonun bu niyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD və YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib. Afrinin əhalisinin sayı 500 min nəfərdir. Onların 50 faizi ərəb, 42 faizi kürd, 8 faizi türkməndir. Bölgədəki terrorçular əllərindəki fürsətdən yararlanaraq fərqli düşünən türkmən və ərəblərə işgəncə verir, onların Afrindən getməsini tələb edirlər. Rəsmi Ankara Suriya ilə 911 km-lik sərhədinin olduğunu və bu ərazidəki terrorçulardan təhlükəsizliyini təmin edəcəyini dəfələrlə bildirib.
Türkiyə ilə sərhəddə yerləşən Afrin PYD və ya YPG-nin nəzarəti altındadır. Bu əyalət də Türkiyənin Hatay bölgəsi ilə sərhəddə yerləşir. Əyalətdə ABŞ-ın dəstəyi ilə terrorçu PKK-ya aid qruplaşmaların möhkəmlənməsi perspektivdə Türkiyə üçün ciddi narahatlıq yarada bilər”. Analitikə görə, terrorçular Rusiya və İranın razılığı ilə hazırda Türkiyənin nəzarəti altındakı İdlibə və Əl-Baba hücum edə bilər: "Bundan Türkiyə üçün daha qorxulu ssenari isə ölkənin Aralıq dənizi sahilindəki Hatay bölgəsinin itirilməsidir. Başqa sözlə, ABŞ-ın dəstəklədiyi bu terrorçu qruplaşma Türkiyənin Hatay bölgəsinə hücum etməklə oradan Aralıq dənizinə çıxış əldə edir. Ehtimal etmək olar ki, bu silahlı terror birləşməsi Rusiya və İranın nəzarəti altında olan Hələb və Latakiya əyalətlərinə girişə bilmədiklərindən Afrindən Türkiyəyə hücum hazırlayırlar. Bu isə gələcəkdə İraqın şimalında gerçəkləşməyən iddianın yenidən gündəliyə gətirilməsi deməkdir. ABŞ-ın yaradacağı 30 minlik silahlı "qoşun”un bu məqsədə qulluq edəcəyi istisna edilmir. Vaşinqton, Moskva və Tehran etiraf edib ki, Suriya və İraq əraziləri İŞİD-dən təmizlənib. O zaman 30 minlik "qoşun” hansı sərhədi və kimdən qoruyur? Yoxsa ABŞ və onun müttəfiqləri SDQ-ni "dövlət” sayır”.
Ekspertin sözlərinə görə, Türkiyənin Suriya ilə sərhədi boyu terrorçu PKK və başqa terrorçu ünsürləri təmizləməsi təbiidir:
"Suriyadakı maraqlar artıq aydındır. Ölkə nüfuz dairəsinə bölünmüş kimi görünür. Belə bir şəraitdə Türkiyənin ərazi bütövlüyünü qoruması, müstəqilliyini saxlaması təbiidir. Çünki heç bir dövlət öz ərazisini terrorçulara təslim etməz. İdlibdə Türkiyə hərbçilərinin bombalanması göstərdi ki, Rusiya və İran Suriya məsələsində Türkiyə üçün etibarlı tərəfkeş sayıla bilməz. Çünki Suriya ilə ortaq sərhədləri olmadığından həm Tehran, həm də Moskva bu ölkə ilə bağlı yaranmış vəziyyətdən ABŞ-a qarşı istifadə etməyə çalışır. Yaxud perspektivdə bundan siyasi alver məqsədilə yararlanacaqları ehtimal olunur. Nəticə olaraq, Türkiyənin Suriya ilə sərhədində ABŞ-ın müdafiə etdiyi və təlimatlandırdığı terrorçular "at oynadır”. Baş verənlərdən isə belə çıxır ki, bu məsələdə onu yaxın və uzaq müttəfiqləri - ABŞ, Rusiya və İran dəstəkləmir. Odur ki, ərazi bütövlüyünün qorunması məsələsində Türkiyənin 100 il əvvəlki kimi təkbaşına qalacağı gözlənilir”.
İsmayıl