Amerikalı həmsədrin Qarabağ “twit”i narazılıq yaratdı

Asim Mollazadə: “Bizə konkret nəticə lazımdır”
Akif Nağı: “ABŞ son dövrlər cəbhə bölgəsində baş verən hadisələrdən ciddi narahatdır”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycan və Ermənistan Prezidentlərini qoşunların təmas xəttində qarşıdurmanı və təxribatçı əməlləri dayandırmağa çağırması ölkə ictimaiyyəti tərəfindən sərt qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmsədrin "twitter” vasitəsilə paylaşdığı müraciətə elə sosial şəbəkədə cavab verib.

H.Hacıyev yazıb ki, "biz də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər”. İlk dəfə olaraq həmsədrin son bəyanatına erməni ictimaiyyəti də qarşı çıxıb. Erməni politoloq Qrant Şahnazaryan Uorlikin Azərbaycan və Ermənistan prezidentlərinə müraciətinə münasibət bildirərkən deyib ki, həmsədrin müharibə qorxusunun yaşandığı bir dövrdə sosial şəbəkə üzərindən müraciət etməsi iyrənc bir addımdır: "Məgər vasitəçilik etmək üçün başqa yol qalmayıb? Bu necə də yüngül düşüncə tərzidir. ATƏT-in Minsk Qrupu hələ də başa düşməyib ki, sosial şəbəkə üzərindən verilən boş-boş bəyanatlarla regionda gərginlik azalmayacaq. Əgər kimsə regionda yaranmış vəziyyətə adekvat qiymət verə bilmirsə, heç olmasa sussun”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü Asim Mollazadə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səslənən bəyanatların arxasında ciddi fəaliyyət dayanmır. Deputat bildirib ki, münaqişənin həlli istiqamətində sülh danışıqlarının mümkünlüyü haqda dəfələrlə bəyanatlar verilsə də, Ermənistanın danışıqları imitasiya etməsi ucbatından irəliləyiş əldə etmək mümkün olmur: "Bizə konkret nəticə lazımdır. Beynəlxalq təşkilatlar təcavüzkar Ermənistan dövlətini sülhə məcbur etməlidir. Biz onlardan yalnız bunu gözləyirik. Ümumiyyətlə, beynəlxalq hüquq normaları bərqərar olunmalı və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı məlum 4 qətnaməsi icra edilməlidir”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son bəyanatı müəyyən mənada ABŞ-ın mövqeyini əks etdirir. QAT sədrinin sözlərinə görə, ABŞ son dövrlər cəbhə bölgəsində baş verən hadisələrdən ciddi narahatdır: "ABŞ istəyir ki, məsələ Ermənistanın xeyrinə həll olunsun. Bu, Vaşinqtonun hər zamankı mövqeyidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ heç bir dövlət münasibət bildirmədiyi zamanda ABŞ məsələ ilə əlaqədar öz strategiyasını müəyyənləşdirdi. 1989-cu ilin 19 iyununda Senatda Dağlıq Qarabağ məsələsi müzakirə olunaraq qətnamə qəbul olundu. Həmin qətnamədə Azərbaycan ermənilərin xeyrinə uyğun bir şəkildə ittiham olundu ki, guya, Dağlıq Qarabağda ermənilərin hüquqları pozulur. 1989-cu ilin noyabrında Senatın Alt Komitəsində

məsələ müzakirə olunaraq yenə də ermənipərəst qətnamə qəbul olundu. Bundan başqa, bu günlərdə ortaya çıxan və hazırkı ABŞ Dövlət katibi Con Kerrinin də imzaladığı 1990-cı il 18 yanvar tarixli müraciəti də məsələ ilə bağlı ABŞ-ın mövqeyini ortaya qoyur. Bu gün onlar cəbhə xəttindəki gərginlikdən narahatdırlar. Ona görə də çalışırlar ki, hər hansı bir formada Azərbaycana təsir eləsinlər və ölkəmizi reallıqla razılaşmağa məcbur etsinlər. Yəni Azərbaycanın hasısa bir alternativ addım atmasına imkan verməsinlər. Uorlikin son bəyanatı buna xidmət edir”.

İsmayıl