Əli Oruclu: “Biz belə məsələlərdə yüz ölçüb, bir biçirik”
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar son iki aydır öz aralarında ciddi seçki müzakirələrinə başlayıblar. Müsavat Partiyasının AXCP-yə seçkidə müttəfiqliklə bağlı təklif göndərməsindən sonra Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan 5 partiya da bu istiqamətdə dəfələrlə görüş keçirib.
Digər siyasi qurumlar da müzakirələrə qoşulublar. Aparılan müzakirələrin əsas mahiyyəti bu il keçiriləcək parlament seçkilərində birgə iştirak etmək və hansısa siyasi blok yaratmaqdan ibarətdir. Diqqətçəkən məqam odur ki, Azərbaycan Milli İstiqlal Partiyası son dövrlər aparılan müzakirələrdə iştirak etməyib. İndiyə qədər partiya yalnız bir dəfə seçki müzakirəsinə qatılıb. İddialara görə, AMİP siyasi birliklərə bel bağlamadığı üçün bu cür müzakirələrdən kənarda durur və seçkilərdə təkbaşına iştiraka daha çox əhəmiyyət verir. İddialardan digəri isə partiya sədri Yusif Bağırzadənin Avropada olmasıdır. Deyilənlərə görə, sırf bu səbəbdən AMİP müzakirələrdə fəallıq nümayiş etdirmir.
Qurumla bağlı yayılan söz-söhbətə münasibət bildirən AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu "Şərq”ə verdiyi açıqlamada partiyanın siyasi proseslərə "yüz ölç, bir biç” prinsipi ilə yanaşdığını deyib. Onun sözlərinə görə, AMİP qruplaşmaya bir qədər həssas yanaşır: "Bizdə partiyalar adətən seçkilərə çox məhdud zaman qalanda hərəkətə keçirlər və tələm-tələsik hansısa birlik yaradırlar. Siyasi prosesləri dəqiq ölçüb-biçmədən, düzgün qiymətləndirmədən seçkiyə gedən qüvvələrin uğursuzluğa düçar olması qaçılmazdır. Çünki kimlərsə hansısa maraqlar naminə, görüntü yaratmaq üçün bloklaşma yaradır. Ancaq hamı çox yaxşı bilir ki, belə formatların axırı müsbət nəticələnmir. Ona görə də ittifaqlar yaratmaqla bağlı AMİP-in düşüncəsi fərqlidir. Biz belə məsələlərdə yüz ölçüb, bir biçirik”.
Ə.Oruclunun fikrincə, müttəfiq seçərkən müəyyən parametrlər əsas götürülməlidir. Kimlə gəldi birgə olmaq uğursuz taktikadır: "Say keyfiyyətə təsir etmir, əksinə, keyfiyyətin təsirini öldürür. Real və ciddi qüvvələrlə, ölkədə az-çox nüfuzu olan siyasi qurumlarla əməkdaşlıq etmək daha faydalıdır. "Bir papkası, bir də özü” olan partiya sədrlərinin ortaya ciddi iddialar qoyması gülüncdür və qəbuledilməzdir. Axı belə partiyaların ambisiyaları ilə mövcud imkanları üst-üstə düşmür”.
AMİP funksioneri bildirib ki, partiya qarşılıqlı müzakirələrdən imtina etmir. Sadəcə olaraq məsələni tam bişirib yetkin hala salmamış nəticələrin ictimaiyyətə təqdim edilməsinə qarşı çıxır: "Hər xırda görüşü və təması ictimaiyyətin müzakirəsinə çıxarmaq gündəmdə qalmaq həvəsindən başqa bir şey deyil”.
İsmayıl