AP-ın dəyirmanına su tökənlərin kimliyi heç kimə sirr deyil - Erməni "əli"





Kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Xüsusən, Avropa Şurasında müəyyən ermənipərəst, sorosçu qruplar davamlı şəkildə Azərbaycana hücumlar həyata keçirirlər. Belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb. Şübhə yox ki, ötən gün Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış müzakirələr və Mehman Hüseynov barəsində qəbul olunmuş "qətnamə” Avropada erməni diasporu, ermənipərəst dairələr və anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunmuş qərəzli şoudur. Əslində ölkəmizə qarşı təşkil edilən qarayaxma kampaniyaları yeni deyil. Hələ 2015-ci ildə Prezident İlham Əliyev Avropa Parlamentinin qəbul etdiyi bu cür qərəzli sənədlərə öz münasibət bildirib. Dövlət başçısı təəssüflə qeyd edib ki, bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıb:

"Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz”. 

Prezident hələ üç il əvvəl vurğulayıb ki, məlum qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin: "Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm.

 Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz”.

Məlumdur ki, M.Hüseynovla bağlı qətnamənin həmmüəlliflərindən biri Rebekka Harms Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri var. 

Yəni aydın şəkildə görünür ki, sözügedən qətnamə bloqer amilindən istifadə edərək, qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir. Rebekka Harms məsələ ilə bağlı Azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, AP-də keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olmayıb. Deməli, Harmsın çıxışı tamamilə uydurmadır. Məsələ ondadır ki, qətnamənin müzakirələri zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünü yada salmadılar. Bu da parlament üzvlərinin ikiüzlülüyünü göstərir. Ancaq Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, Aİ-nin diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə təhlükə yaradan vəziyyət yoxdur. Qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri də Azərbaycanda gey, lezbiyan və digər seksual azlıqların, o cümlədən LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir. Fikir verin, avropalı "hüquqçular” geyləri düşündükləri və qoruduqları qədər Fələstində, Yaxın Şərqdə, Afrikada, Çində və dünyanın digər bölgələrində illərlə zülüm görən müsəlman-türklərin taleyi ilə qətiyyən maraqlanmayıblar. Məgər belə halda onların həqiqən də insan hüquqlarının keşiyində dayandıqlarını iddia etmək olarmı?! Əlbəttə ki yox.

Qərəzli parlamentdə gündəmə gətirilən məsələlərdən biri də M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlaması olub. O, məktubunda Komissar Malstromun çıxışında "M.Hüseynovun aclıq aksiyası keçirmədiyi” sözlərindən "şok” olduğunu yazıb. Maraqlıdır, o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirib, yoxsa Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq duyub?! Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciət bir daha onu göstərir ki, bu insanı qardaşı Mehman Hüseynovun taleyi maraqlandırmır. O, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və havadarlarının sifariş etdiyi musiqini ifa edir.

Diqqətdən yayınmayan bir məqam da AP-nin qəbul etdiyi qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür qətnamənin qəbulunu onlar əvvəlcədən gözləyirmiş. Şübhəsiz, bu məsələdə AP dəyirmanına su tökənlərin kim olduğu heç kimə sirr deyil.

O səbəbdən Azərbaycan ictimaiyyəti hesab edir ki, Avropa Parlamentinin qətnaməsinin heç bir qüvvəsi yoxdur. Çünki biz zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar. Digər tərəfdən, Azərbaycan Avtopa İttifaqının üzvü deyil və bu kimi qurumların qəbul etdiyi qərarlar ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir. Dövlətimiz öz milli maraqları çərçivəsində istənilən ölkə, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırdır. Lakin heç bir halda təzyiq və diktat metodlarını qəbul etmir və etməyəcək. Azərbaycanın öz inkişaf yolu, bütün məsələlərə, o cümlədən demokratik inkişafa öz baxışı var və ölkəyə kənardan zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil.

İsmayıl